Mədəniyyət
12:26, Bugün
Azərbaycan musiqisinin yaddaş xəritəsində elə adlar var ki, onlar sadəcə sənətkar deyil, bir xalqın taleyini səsə çevirən mənəvi dayaqlardır. Sabir Abdullayev məhz bu sıradandır. Onun səsində Qarabağın yaralı nəfəsi, susmayan torpaq yaddaşı, qayıdışa inanan bir millətin qüruru yaşayır. Bu səs ağladır — amma zəiflikdən yox, gücdən ağladır.
Qarabağ xanəndəlik məktəbi Sabir Abdullayev və onun kimi sənətkarların sənətində yalnız estetik forma deyil, milli kimliyin canlı təcəssümüdür. O, muğamı oxumur — muğam onunla danışır. Hər zəngulədə bir ana laylasının sükutu, hər şöbədə bir elin taleyi var. Bu musiqi dinlənmir, yaşanır. Dinləyənin qəlbinə toxunur, ruhunu silkələyir, gözlərini yaşladır.
Müasir dövrdə muğamın qorunaraq yüksəldilməsi təsadüfi proses deyil. Milli musiqimizin layiqli səviyyədə dəstəklənməsi, onun dünya mədəniyyət məkanına sistemli şəkildə çıxarılması geniş-mədəni siyasətin nəticəsidir. Bu xətt ustadların irsini qoruyur, gənclərə yol açır və muğamı keçmişin xatirəsi yox, gələcəyin dili kimi təqdim edir.
Bir jurnalist kimi Sabir müəllimə ünvanladığım sual əslində cəmiyyətin sualı idi: niyə başqa ölkələrdə milli musiqi gündəlik həyatın fonunda yaşayır, bizdə isə bəzən kənara çəkilir? Cavab kəskin, amma ədalətli oldu.
Muğamdan danışmaq məsuliyyətdir. Ana mövzusu kimi — müqəddəs, toxunulmaz. Hər kəsin dili çatmaz, hər səsin haqqı olmaz.
Muğam bizim genetik yaddaşımızdır. O, xalqın sevincini də, dərdini də eyni ləyaqətlə daşıyır. Ona “ehtiyac yoxdur” demək, əslində, özünə ehtiyacsızlıq deməkdir. İctimai məkanlarda muğamın səslənməsi sadəcə musiqi seçimi yox, milli özünüdərk aktıdır. Bu, dövlətçilik mədəniyyətinin səsli bəyanatıdır.
Sabir Abdullayevin sənət yolu göstərir ki, muğam yaşadıqca Azərbaycan yaşayacaq. Bu səs susmamalıdır. Çünki bu səs susarsa, tarix danışa bilməz. O səs yaşadıqca, Qarabağ da, muğam da, xalqın qüruru da yaşayacaq.