Siyasət
11:39, Bugün
Bu gün Mircəlil Qasımlı rəsmi olaraq Kəlbəcər seçki dairəsinin deputatı kimi çıxış etsə də, onun siyasi mövqeyi adi regional mandat çərçivəsinə sığmır. Onun davranış trayektoriyası dövlətçilik mədəniyyətinə, milli yaddaşın qorunmasına və Qarabağın strateji-siyasi gündəminə yönəlmiş kompleks düşüncə modelidir. Milli Məclisdə sərgilədiyi qətiyyət göstərir ki, o, dar maraqlarla işləməyən, dövlətin təhlükəsizlik arxitekturasını prioritetləşdirən, hadisələrə makro səviyyədə baxan yeni tip siyasi liderlərdəndir.
Mircəlil Qasımlı nəcib, əxlaqlı və ziyalı bir ailənin yetişdirdiyi övlad olaraq aldığı tərbiyəni siyasi davranışına daşımış nadir fiqurlardandır. Onun etik duruşunun arxasında ailə mühitinin dürüstlük, məsuliyyət və xidmət fəlsəfəsi dayanır. Cəmiyyətin ona instinktiv güvənməsi də məhz bu mənəvi özülün nəticəsidir.
Birinci Qarabağ müharibəsinin şəhidi, qəhrəman kəşfiyyatçı Ülfət Kərimova Milli Qəhrəman adının verilməsi məsələsinin uzun illərdir susdurulması ictimai yaddaşda ciddi travma yaradıb. Hər kəsin bildiyi, ancaq heç kimin siyasi risk edib dilə gətirmədiyi bu mövzunu Milli Məclisin tribunasında qaldırmaq isə yalnız güclü siyasi refleks tələb edirdi. Məhz Mircəlil Qasımlı bu sükutu pozdu. Onun sərt, prinsipial və müəllim tonunda səsləndirdiyi mövqedə həm tarixi ədalət çağırışı, həm siyasi iradə nümayişi, həm də cəmiyyətin uzun illər susdurulmuş ağrısına verilmiş cavab vardı.
Bu məsələ təkcə bir adın ucaldılması deyil – Qarabağ həqiqətlərinin bərpası, milli qəhrəmanlıq institutunun nüfuzunun bərkiməsi, ədalət gözləntisinin cavablandırılması deməkdir. Bu gün dövlətçilik gücünü nümayiş etdirən belə addımlar ölkənin strateji yaddaşını möhkəmləndirir və gələcək nəsillərə mesaj ötürür: Qəhrəmanlar unudulmur. Onlara sahib çıxan liderlər isə tarixdə qalır.
Bəzən müəyyən dairələrdə səslənən “passivdir”, “danışmır” kimi ənənəvi stereotiplər faktlara söykənmir və ictimai qəliblərin təkrarıdan başqa bir şey deyil. Əsl siyasi aktivlik emosional şoular deyil, riskli mövzuları dövlət tribunasında səsləndirmək, milli maraqların müdafiəsi naminə şəxsi karyera komfortundan keçməkdir. Bu kriteriyalarla yanaşdıqda Mircəlil Qasımlı parlamentin ən funksional və məsuliyyətli fiqurlarından biri kimi seçilir.
Onun siyasi fərqliliyi təkcə cəsarətində deyil – analitik hazırlığında, məzmunlu çıxış strategiyasında, dövlətçilik fəlsəfəsinə bağlılığında və Prezidentin müəyyən etdiyi milli inkişaf xəttinə ardıcıl sadiqliyindədir. O, emosional populizmi deyil, məsuliyyət sferası geniş olan rasional dövlətçilik modelini seçən gənc lider tipologiyasını təmsil edir.
Ən diqqət çəkən məqam isə Mircəlil Qasımlının gördüyü işləri nümayişkaranə şəkildə təqdim etməməsidir. O, səs-küylü PR mühitindən uzaq duraraq sistemli, planlı və səssiz fəaliyyət modeli ilə həm Kəlbəcərin yenidən dirçəlişinə, həm Qarabağ fəlsəfəsinin bərpasına, həm də ölkənin ümumi strateji inkişaf xəttinə töhfə verir. Bu isə real dövlətçilik davranışının nümunəsidir.
Belə siyasətçilər ölkənin gələcək siyasi arxitekturasını formalaşdıran aparıcı fiqurlardır. Onların cəsarətli addımlarının ictimai dəstəyi isə yalnız siyasi mədəniyyətin yüksəlməsi deyil, həm də milli birliyin güclənməsi deməkdir.
Cəmilə ÇİÇƏK
Tədqiqatçı jurnalist,
Prezident təqaüdçüsü,
Zekainfo.az saytının rəhbəri,
"Zəka İşığında" Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri