
Qarabağın dirçəlişi və Böyük Qayıdış mövzusu Azərbaycan mediasının əsas prioritet istiqamətlərindəndir.
Zekainfoa.z xəbər verir ki, bu fikri Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı, Medianın İnkişafı Agentliyinin dəstəyi ilə keçirilən “Rebuild Karabakh” sərgisinin “Qarabağın dirçəlişi müasir kommunikasiya və hekayəçilik müstəvisində” mövzusunda panel görüşündə səsləndirib.
O bildirib ki, Qarabağdan yazmaq, əslində, bir möcüzədən – Azərbaycan xalqının yüzillərdən bəri qalmış arzularının reallaşmasından bəhs etməkdir: “Qarabağın dirçəlişi ifadəsinin özü böyük bir enerjiyə malikdir. Biz təkcə dağıntıları aradan qaldırmırıq, Azərbaycan tarixinin yeni mərhələsinin təməlini qoyuruq. Bu, hər bir vətəndaş üçün qürurverici hissdir və jurnalistikanın bu prosesi gələcək nəsillərə ötürməsi çox böyük məsuliyyətdir”.
Media rəsmisinin sözlərinə görə, bu gün Azərbaycan jurnalistikası Qarabağın bərpasını, yeni həyatın qurulmasını işıqlandırmaqla həm ictimaiyyəti məlumatlandırır, həm də tarixin yaddaşını formalaşdırır.
“Tarixin yaddaşında qalacaq sözləri yazmaq üçün istedad və məsuliyyət lazımdır. Bizim jurnalistikada storytelling anlayışı yeni deyil – əvvəllər buna bədii publisistika deyilirdi”, – deyə N.Məmmədli əlavə edib.