Qarabağ - Kəlbəcərdəki Zəfər ətri... 

Qarabağ - Kəlbəcərdəki Zəfər ətri... 
Gündəm 22 Avqust 2025 - 09:16

Ulu Öndər, modern Azərbaycanın memarı, dahi tarixi şəxsiyyət Heydər Əliyevin uzaqgörən siyasəti bizə həmişə ümid verirdi ki, gün gələcək, həm Qarabağ, həm də onun dilbər guşəsi sayılan doğma Kəlbəcər yağı düşmənin işğalından azad olunacaq. Ümummilli Liderimizin o illərdə söylədiyi sözlər xalqımıza güc, dözüm və inam verirdi.

Bu gün həmin ümidlər gerçəyə çevrilib!

Xalqımıza Qarabağ Zəfərini yaşatmış Müzəffər Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyevin qətiyyəti, xalqımızın birliyi, igidlərdən ibarət Ordumuzun hərbiçilərinin şücaəti nəticəsində qədim Qarabağımız, doğma Kəlbəcərimiz işğaldan, düşmənlərdən azaddır. Budur, bu gün doğma Kəlbəcər şəhərinə yerlilərdən ibarət ilk köç karvanı yola düşdü. Bu tarix yalnız Kəlbəcərlilər üçün yox, bütün Azərbaycan xalqı üçün tarixi və qürurlu bir gündür.

Qarabağ və Kəlbəcər – təbiətin möcüzəsi, bulaqları, meşələri, dağları, tarixi abidələri ilə Azərbaycanın incisi, gözəlliklər diyarıdır. Otuz ildən çox həsrət çəkdiyimiz doğma yurd indi öz sahiblərinə qovuşur. İllərlə qəlblərdə yanan nisgil bu gün sevinclə, xoş anlarla, elə-obaya, ana diyara sevgidolu fəxarətlə əvəz olundu.

Unutmamalıyıq ki, bu xoşbəxt günlər bizə Prezident İlham Əliyevin tarixi missiyası, eləcə də şəhidlərimizin qanı, qazilərimizin canı bahasına qismət oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.

Yaşasın Zəfəri haqq edən sevimli Azərbaycan xalqı!

Yaşasın Müzəffər Ali Baş Komandanımız, Qarabağ Fatehi İlham Əliyev cənabları!

Qarabağ Azərbaycandır! Kəlbəcər Azərbaycandır! Önlar bizim inkişafımızın məkanıdır!

Məlumat üçün onu da bildirəki ki, avqustun 21-də Prezident İlham Əliyev Kəlbəcərə növbəti dəfə səfər edib. Ökə baçşısı çəhərdə aparılan tikinti-abadlıq işləri ilə yaxından tanış olub, şəhər sakinləri ilə görüşüb. “İndi Kəlbəcər şəhərində gözəl məktəb tikilir və gələn il istifadəyə veriləcək. Ancaq builki dərs ilini kəlbəcərli uşaqlar modul tipli məktəbdə oxuyacaqlar...” - Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə bildirib. Bu gün ölkəmizin ən böyük rayonu olan Kəlbəcərin və onun şəhərinin artıq canlandığını, buraya həyatın qayıtdığını vurğulayan dövlət başçısı qeyd edib: “Əminəm ki, siz burada rahat yaşayacaqsınız”. 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün həm də  Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar.

Dövlət başçısı bu yolun 13,5-ci kilometrliyində inşa edilmiş və uzunluğu 11,7 kilometr olan Murovdağ tunelinin texniki açılışını edib. Qeyd edək ki, dövlət başçısının tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən ən mühüm infrastruktur layihələrindən biri də uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur. Bu yolun 56 kilometrini Toğanalı-Kəlbəcər hissəsi, 26 kilometrini isə Kəlbəcər-İstisu hissəsi təşkil edir.

Avtomobil yolunun 13,5-ci kilometrliyindən Murovdağ silsiləsi başlayır. Beləliklə, yolun ən mühüm hissəsi Murovdağ silsiləsindən keçir. Burada yüksəklik 1700 metrdən 3250 metrədək artır. Qış fəslində avtomobil yolunun təhlükəsiz istismarı üçün Murovdağ silsiləsinin altından tunelin tikintisi məqsədəuyğun hesab edilib. Murovdağ tuneli dünyanın ən uzun avtomobil tunellərindən biridir. Belə ki, uzunluğuna görə bu tunel dünyada 18-ci, Avropada 5-ci, MDB ölkələri arasında isə birincidir. Tunel iki gediş və iki gəliş olmaqla 4 hərəkət zolaqlı olacaq. Tuneldə qazma, həmçinin sağ və sol hissələri birləşdirən 38 keçid tuneli üzrə işlər artıq başa çatdırılıb. Layihə çərçivəsində Murovdağ tunelindən əlavə ümumi uzunluğu 2636 metr olan daha dörd tunel də tikilir. Bu tunellərdə əsas tikinti işləri, o cümlədən qazma, kəmər-beton və digər texniki işlərin çoxu artıq yekunlaşdırılıb.

Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu layihəsi çərçivəsində ümumilikdə işlərin 87 faizi icra olunub.

Bu avtomobil yolu Göygöl rayonunun Toğanalı kəndindən başlayaraq işğaldan azad edilmiş Kəlbəcərdən keçir və məşhur İstisu istirahət zonasına qədər uzanır. Yol rayon mərkəzi ilə yanaşı, bölgənin yaşayış məntəqələrinə rahat və təhlükəsiz nəqliyyat əlaqəsini təmin edəcək, kənd təsərrüfatının, turizmin inkişafına töhfəsini verəcək.

Prezident, eyni zamanda, “Balland – Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak edib. Məlum olduğu kimi, Kəlbəcər Azərbaycanın ən zəngin təbiətə malik bölgələrindən biri olmaqla yanaşı, arıçılıq sahəsində qədim və dəyərli ənənələri yaşadan diyarlarımızdandır. Rayonun dağlıq relyefi, nadir və çoxçeşidli flora örtüyü, eləcə də yüksək dağ çaylarının ətrafında formalaşan əlverişli mikroiqlim burada istehsal olunan balın həm dad, həm keyfiyyət, həm də müalicəvi xüsusiyyətlərinə müsbət təsir göstərən əsas amillərdir.

Arıçılıq Kəlbəcər əhalisinin əsas məşğulluq sahələrindən biri olub və bu peşə nəsildən-nəslə ötürülərək bu günə qədər qorunub saxlanılıb. Bu sahədə uzun illər fəaliyyət göstərmiş Sabir Mustafayevin ailə təsərrüfatı bunun bariz nümunələrindəndir. Vətən müharibəsindən sonra o, ailəsi ilə birgə doğma torpağına qayıdaraq təsərrüfatını yenidən qurub. Onların istehsal etdiyi bal Kəlbəcərin ən ucqar və səfalı yaylaqlarında bitən çiçəklərdən toplanır.

2021-ci ildə Prezident İlham Əliyevin Kəlbəcərə səfəri zamanı bu təsərrüfata baş çəkməsi və Kəlbəcər balı ilə bağlı söylədiyi fikirlər arıçılıqla məşğul olan ailələr üçün mühüm stimul və ruh yüksəkliyi yaradıb.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Kəlbəcər rayonunun Vəng kəndində "AzərEnerji” ASC-nin "Aşağı Vəng”, "Nadirxanlı” və "Çaykənd” kiçik su elektrik stansiyalarının açılışında iştirak ediblər.



Cəmilə ÇİÇƏK/Zekainfo.az

reklamlar

Digər xəbərlər