
Şəhərin
mərkəzində yerləşən sərgi salonunda gənc rəssamların əsərləri nümayiş olunurdu.
Axın-axın cavanlar sərgiyə baxmağa gəlirdilər. Divar boyu asılan yağlı boya ilə
çəkilmiş əsərlərin qarşısında dinməz qalanlar da olurdu. Qurban da sərgiyə gələnlər
içərisində idi.
Uşaqlıqdan
rəssam olmaq həvəsi ilə yaşayan Qurbana qisməti olmadı. Univeresiteti bitirib
dil-ədəbiyyat müəllimi oldu. Bununla da kifayətlənməyib, ara - sıra şeirlər
yazdığı üçün redaksiyada şeir şöbəsində işlədi. Tale insanı yarpaq kimi
fırlayır, istəmədiyi bir yerə salır bəzən...
Divardan
asılan bir əsər çoxlarının ürəyincə idi. Salxım söyüdlər altındakı bulaq
başında görüşə gələn iki gənc bir-birini elə tamamlayırdı ki, elə bil, Allah
bunları bir-biri üçün yaratmışdı. Qurban diqqətini əsərdəki qıza yetirən zaman
özü də bilmədən qarşısından keçən qızla toqquşdu. Qız dönüb ona baxdı. Nifrət
dolu baxışlar Qurbanı məftun etdi. Sanki tabloda əks olunan bu qızın özü idi.
Boy-buxunu, incə beli, çiynindən aşağı tökülən saçları çöhrəsinə daha da
yaraşıq verirdi. Qara qaşları, iri qara gözləri, alma yanaqları, dodaqları, elə
bil, rəssam tərəfindən yaradılmışdı. Dinməzcə xeyli belə dayandılar.
–
Üzr istəyirəm, sizi incitdimsə, məni bağışlayın, – deyə, Qurban qeyri-ixtiyari
qızın qoluna toxundu.
–
Allah bağışlasın – deyən qızın sifətində oxunan narazılıq bir anlıq yox oldu.
Bu qızın adı Leyla idi. Leyla bir neçə aylığından uşaq evinə atılmışdı. Orada
dil açmış, addımlamışdı. Məktəb yaşlarından rəsm çəkməyə həvəs göstərirdi. Uşaq
evində uşaqların əl işlərindən tərtib olunan sərgidə onun ilk işləri də yer
almışdı. Böyüyəndə rəfiqələri ilə kirayə ev tutub, fabrikdə işləyirdi. Arzusu
isə necə olursa-olsun rəssam olmaq idi. Salonda təsadüfən bu oğlanla toquşması
onun həyatını büsbütün dəyişdi.
Onlar
birlikdə sərgi salonundan çıxıb, dənizkənarı parka doğru addımladılar. Yolboyu
adlarını bir-birinə “hədiyyə” etdilər. Qurban adamların sıx yerində qızın
qolundan tutur, özünə doğru sıxırdı. Sahildə oturub xeyli söhbət etdilər. Hər
biri öz həyatını danışdı.
Ağacların
arasından əlində fotoaparat olan bir kişi:
–
Siz bir-birinizə necə də yaraşırsınız, icazə verin şəkilinizi çəkim. On-on beş
dəqiqəyə hazır olacaq, – dedi. Onlar heç yerə tələsmirdilər. Şəkil bir saata
hazır olsa belə, gözləyəcəkdilər. Bu arada yanlarından dondurma satan keçəndə,
Qurban Leylanı dondurmaya qonaq etdi. Bir az keçmiş foto da gəlib çıxdı. İki ədəd
idi. Birini Qurban cibinə qoydu, o birini də Leylaya verdi:
–
Qoy bu şəkillər bizim taleyimizin bünövrəsi olsun.
Mən səni çox sevdim, könlümə yatdın. Sən necə?
–
Əlbəttə razıyam, – deyə Leyla cavab verdi.
Qurban
qızı yaşadığı ünvana qədər ötürdü ki, yerini-yurdunu öyrənsin.
Onlar
hər gün görüşməyə başladılar. Qurban üçün gecə-gündüz gözləri önündən xəyalı
getməyən Leylasız yaşamaq çətin idi. Daha bir ay arxada qalmışdı.
Qurban
öz planlarını ata-anasına danışanda anası dedi:
–
Namizədin varmı, ay oğul?
–
Var, ana, var.
Çıxarıb
Leyla ilə birlikdə çəkilən fotosunu anasına göstərdi.
–
Gözəl qızdır, hardandır? Valideyinləri varmı? – deyə
anası xəbər aldı.
–
Valideyinləri yoxdur.
–
Necə yoxdur, valideyinsiz də adam olar?
–
Olub, ana, o, uşaq evində böyüyüb.
Bu
sözü eşidən ana:
–
Bircə o qalmışdı, oğlumu yetimxanada böyümüş birinə
qurban verim!
Qurban
təqribən belə olacağını gözləyirdi. Anası da qabağından qalanı yeyən deyildi.
Odur ki, fikrinin qəti olduğunu bildirdi, atasına da söylədi. Atası oğlunun tərəfini
saxladı. Bilirdi ki, Qurban arvadının əvvəlki ərindəndir. Özləri bilər. Mənə nə
var. Elə desəm, anam öləcək, belə desəm, atam. Madam ki, Qurban onunla bir ata
kimi məsləhətləşir razılıq verdi.
Yetimxana
söhbəti kişini əməlli-başlı düşüncələrə qərq etdi. Səlman kişi cavanlığında elədiyi
səhvi gözləri önünə gətirdi. Öz arvadını, qızını buraxıb, özgə qadına uyan
zaman arvadı öldüyündən bacıları götürüb uşağı yetimxanaya vermişdilər.
–
Yazıq balam, görəsən hardadır? Anası yazıq öldü.
Atası da məsuliyyətsiz olaraq kef axtardı. Allah özü məni bağışlasın...
Anasının
narazı olması Qurbanı inadından çəkindirə bilmədi. Çünki, o, Leylaya kişi sözü
vermişdi. Qurban üçün toy-filan da vacib deyildi.
Günün
birində qızı evlərinə gətirəndə, Leyla soruşdu:
–
Olmaya, məni qaçırmısan?
–
Hə, hə, özü də ömürlük!
Ata-ana
Leylanı görəndə dilləri bağlandı. Qız o qədər gözəl idi ki, aya deyirdi sən
çıxma mən çıxım. Səlmanın qanı ilk gündən qıza qaynadı. Amma arvadı:
–
Toydan sonra sənin başına bir oyun açım ki, oğlumu
qoyub qaçasan – deyə düşündü.
Dəf-zurna
vurulmasa da, yığıncaq keçirildi. Yaxın adamlar, dostlar iştirak etdilər.
Hər
kəs Qurbanın seçiminə hörmət etdiyini söylədi.
Bəli,
su ki, töküldü cürdəyə, oldu içməli. Gözəl Leyla özünün ailəsi, evi olduğu günə
şükür edib, arxada qalan həyatı ilə vidalaşdı.
Gəlin
Səlman kişinin ürəyinə elə yatmışdı ki, onu öz balası kimi sevirdi. Amma,
arvadı hikkəsini yerə qoymayıb, gəlinlə siçan-pişik oyunu oynayırdı. Min bəhanə
gətirərək qızın gördüyü hər işə qulp qoyur, bir əmma axtarırdı. Leylanın da üzü
“bərk” idi. Ondan da əzazil adamlar, pisliklər görmüş, bir qarnı ac, bir qarnı
tox böyümüşdü. İndi də qaynanasının qəddar olmasından incimir, olanları ərinə xəbər
vermirdi. Qaynana da elə bil gəlinlə göz yağı yemişdi.
Leylanın
bir ildən sonra bir oğlu oldu. Həm Qurban, həm də Səlman çox sevinirdi. Amma
qaynananın hələ də ürəyi yumşalmırdı. Ürəyində bu yetim, kimsəsiz qıza nifrəti
sönmürdü ki, sönmürdü. İki il də keçdi. Evdə ikinci uşağın, gözəl bir qızın səsi
gəldi. Qaynana mindiyi atdan düşmür, münasibəti yumşalmırdı.
Arvadının
qəddar olması Səlmanı üzürdü. Cavanlığında onunla qurduğu həyata nifrət edərək,
özünü danladı.
Bir
dəfə Səlman oğlan nəvəsini qucağında saxlayan zaman Leyla qolsuz xalatda uşaq
qucağında onların yanına gəldi. Bu zaman Səlman Leylanın qolunda – dirsəyinin
altında olan xalı gördü. Tez oğul nəvəsinin qolunu açıb baxdı. Xal onda da
vardı. Səlman bir bəhanə ilə qız uşağını gəlindən aldı. Oxşadı, yavaş-yavaş
köynəyinin qolunu geri çəkdi. Qızın da qolunda xal vardı.
Xallar
Səlmanın ürəyini yerindən tərpətdi. Kəlmə belə kəsmədən evdən çıxdı. Sakit bir
yerə çəkilib oturdu. Düşüncələr onu alıb, keçmişə, ailəsi ilə xoşbəxt yaşadığı
günlərə apardı. O xaldan ilk sevgilisi Nigarda da vardı. Onun dünyaya gətirdiyi
qızın da həmçinin.
Səlman
dağılan tifağına ağlayır, etdiyi səhvi özünə bağışlamırdı. Bir anlıq istədi
Nigarın bacılarını tapsın. Uşağı hara verdiklərini öyrənsin. Amma nə faydası?
Onlar boyunlarından atacaq, düzünü deməyəcəkdilər. Onlar Səlmanı qarğamışdılar:
“Səni görək, dünyanın ən bədbəxti olasan. Bala üzünə həsrət qalasan”.
Qarğışlarsa nəticəsini göstərmişdi.
Fəqət
indi Səlman illərlə ayrı düşdüyü qızını
tapmışdı. Özünə söz verdi ki, ögey oğlu olsa belə, Qurbanla Leylanın xoşbəxt həyatını
zəhərə döndərənə qarşı amansız olacaq, neçə ki, nəfəsi gəlir, onları qoruyacaq.
Cəmilə ÇİÇƏK
Prezident təqaüdçüsü,
f.ü.f.d., AYB və AJB-nin üzvü /Zekainfo.az