Zekainfo.az analitik-informasiya saytının rəhbəri Cəmilə Çiçəyin bəzi xəbər saytlarında Xalq artisti Zabit Nəbizadə ilə bağlı getmiş qalmaqallı bir xəbərlə bağlı araşdırmasını təqdim edirik. Xalq artisti ilə görüşən sayt baş redaktoru bəzi məqamlara aydınlıq gətirməyə çalışıb. - Zabit müəllim, ilk növbədə sizin 60 illik yubileyinizi səmim-qəlbdən təbrik edirik.
- Təşəkkürlər, çox sağolun.
- Xalq artisti olaraq hər zaman medianın, ictimaiyyətimizin diqqətindəsiniz, amma bu dəfə sənətinizlə deyil, başqa bir məsələ ilə əlaqədar bəzi saytlar haqqınızda, guya, “qalmaqal”lı xəbər hazırlayıb yayırlar.
- Bu məsələnin maraqlı bir səbəbi var. Belə ki, yubileyimə həsr olunmuş verilişlərdə iştirak etmək üçün may ayının 1-də, səhər saat 10-da ATV-də, “Rəngarəng” proqramının aparıcısı Zaur Nəbioğlunun canlı yayımında qonaq oldum. Elə həmin gün də oradan Xəzər TV-yə yollandım və orada başqa bir canlı yayımda - aparıcı Aytəkin xanımın “Qonaqcanlı” proqramında iştirak etdim. Axşam tərəfi isə şəhərin restoranlarının birində ad günümlə bağlı qonaqlarım, sənət dostlarım məni gözləyirdi. Ona görə oraya yollanıb, gecəyə qədər dostlarımla, pərəstişkarlarımla yubiley tədbirini keçirdik. Daha sonra bağa gedib ailə üzvlərimlə, doğmalarımla birgə doğum günümü qeyd etdik. Ad günü ildə bir gün olur deyə, bizi sevənlərin sayəsində bu hadisəyə hər zaman ciddi yanaşırıq. Bu dəfə isə 60 illik yubileyimin qeyd edilməsi bir az da çətin oldu.
Bağ evindən gecə saat 3 radələrində kiçik oğlumla şəhərdəki mənzilimizə gəldik. Hər kəs bilir ki, mən pedaqoji işimə necə ciddi yanaşıram. Odur ki, səhərisi gün Milli Konservatoriyada imtahanım vardı. Tıxaca düşməmək üçün bağdan qayıtdım. Sabah tezdən səliqə-sahmanda ikən, daha doğrusu, üzümü təraş edən zaman oğlum xəbər verdi ki, ata, telefonuna zəng gəlir.
Cavab vermək üçün telefonu açanda, gördüm ki, bizdə çalışan laborantın köməkçisidir. O, mənə xatırlatdı ki, bu gün imtahana mümkünsə, biraz tez gələrsiniz. Bizdə isə Mənsum müəllim (Xalq artisti Mənsum İbrahimov-C.Ç.) adət halını alan qayda qoyub: kimin ad günü varsa, tort kəsilir, doğum günü təmtəraqlı qeyd olunur. Doğum günüm ayın 1-də iş yerimdə, yəni Milli Konservatoriyada qeyd olunmamışdı. Əvvəldən TV proqramlarına dəvət olunduğuma görə, eləcə də dost və ailə qonaqlarım çox olacağını nəzərə alıb, Mənsum müəllimə demişdim ki, oradakı tədbirimiz sonrakı günə qalsın.
Mayın 2-də səhər tezdən evdən, hətta çay da içmədən, tələsik çıxmalı oldum. Dəhlizin işığını yandırmadan tez-tələsik uzun dabankeşlə ayaqqabılarımı ayaqlarıma keçirib evdən çıxdım. İşə gəldim. İş otağımda bir xeyli oturdum, gündəlik işlərimə başım qarışdı. Əslində, həmkarlarım, müəllim yoldaşlarım iş otağıma gəlməli idilər. Amma zəng etdilər ki, zəhmət olmasa, qalxın yuxarı zala. Qalxdım yuxarıkı mərtəbəyə, tələbələrimin aralıq imtahanında iştirak etdim. Düzü, hələ də fərqinə varmıram ki, ayaqabılarımı dəyiş-düyüş geyinmişəm. Tələbələrimlə də münasibətdə məsafə saxlayıram deyə, gənclər də mənə bir söz demirlər.
İmtahanda iştirak edən tələblərim muğam parçaları oxudular, yoxladım, qiymətlərini verdim. İmtahanın sonunda sürpriz olaraq Mənsum müəllim dedi ki, gəlin qabağa. Sonra ortaya tort gəldi, şamları söndürdüm, tort kəsildi. Təklif olundu ki, kollektiv xatirə fotoları çəkdirək. Elə oradaca Cabir Abdullayev, Nəzakət xanım Teymurova, Vüqar Əliyev, müəllimlərimizlə kollektiv şəkil çəkdirdik.
Şəkil çəkildikdən sonra iş yoldaşımız Aygün xanım qulağıma əyilib pıçıltı ilə soruşdu:
- Ay Zabit müəllim, ayaqqabınızı bilərəkdən belə səhv geyinmisiniz?..
Hələ də işin məğzini anlamadan soruşdum:
- Nə ayaqqabı, necə yəni?!
Bir də gördüm ki, ayaqqabının birini qəhvəyi, o biri tayını isə qara rəngdə olanı geyinmişəm. Soruşdum:
- Deyəsən, şəkildə də elə düşdü?!
Oradakılardan xahiş etdim ki, əgər foto yaxşı düşübsə, ayaq hissəsini kəsin, paylaşılarsa, qoy ayaqqablar düşməsin. Nə avtomobilimdə fikir verməmişəm, nə də auditoriyada tələbələrim görüb. Mənim şəxsi avtomobilimdə səhnə ayaqqabım var. Əgər görsəydim, əlbəttə, dəyişərdim. Bunu bilərəkdən etməmişəm, nə də ki, dəblə geyinən deyiləm ki, bunu edim.
Həm tədbirin yekunu idi, həm də gənclərə arxayın oldum deyə, daha demədim ki, avtomobilimdə başqa ayaqqabım var, foto üçün dəyişə bilərəm. Bilsəydim ki, gənclər səhlənkarlıq edib fotonu elə olduğu kimi, o şəkildə də paylaşarlar, maşındakıları gətirib dəyişərdim. Düşündüm: “...Doğma kollektivimdir də, burda nə varki? Başa düşəcəklər ki, bu ancaq tələsik evdən çıxdığıma görə baş vermiş diqqətsizlikdir...”
İstəsəydim o şəkili sildirə bilərdim, amma etmədim. Çünki burada böyük bir qəbahətin olduğunu düşünmürəm. Əslində isə bu hadisə mənim nə qədər məsuliyyətli olmağımdan, həmkarlarıma olan hörmətimdən irəli gəlir. Bu fotonu paylaşan səhifələrdəki rəyləri oxuyuram, hamı onları qınayır, bir yaxşı rəy yazan yoxdur. Doğurdan da xalqın sevgisi budur.
Yaqub Məmmədov 40 il bundan əvvəl sübh tezdən Bakıdan evdən çıxıb, Hacıqabulda görüb ki, ayaqqabılarını bilmədən, taykeş geyinib. Sonra Kürdəmirdən ayaqqabı alıb, Ağcabədiyə toya gediblər...
- Zabit müəllim, fikir verirəm, cib telefonunuz bayaqdan susmur. Müxtəlif sayt təmsilçiləri zəng edib soruşurlar ki, bu nə məsələdir? Sizin onlara cavabınız nədir?
- Bilirsiz, biz öyrəşmişik ki, tanınmış sənətkarın sənətindən, onun necə oxumasından yazarlar, efirdə canlı ifasını paylaşrlar və indi də bunu arzulayırıq. Mən heç vaxt fonoqramdan istifadə etmirəm, hər zaman canlı oxumuşam, bundan niyə yazmırlar?! Jurnalistlər, sayt əməkdaşları gəlib mənim necə dərs deməyimi izləsinlər, bu haqda faydalı məlumatları paylaşsınlar. Şahidisiniz ki, bayaqdan cib telefonum susmur, dərs keçməyimə mane olurlar. Saytlardan birinin əməkdaşı ilk başdan ayaqqabılarımla bağlı sual verir, sanki dəhşətli bir hadisə, faciə baş verib. Məsələ ayaqqabını tələskənliyim ucbatından yanlış geyməyimdə deyil. Bu sualın ətrafında əlavə suallar verirlər, qalmaqallı mövqe almağa çalışırlar. Onu da xatırladım ki, hər dəvət olunan yerə getməyə vaxtım yoxdur. Heç vaxt da qalmaqallı adam kimi tanınmağa meyilli olmamışam. Pedaqoji fəaliyyətim, musiqi sənətim bəs edir mənə. Buna mənim nə ehtiyacım, nə də vaxtım yoxdur.
- Bəs onda saytlar, jurnalistlər sizdən nə istəyirlər?!
- İndicə zəngini qəbul etdiyim şəxsin, özünüz də eşitdiniz, ikinci sualı bundan ibarət oldu: “...Bayağı musiqi ifa edən müğənnilər barədə nə deyə bilərsiniz?!” Mən də onun sualına sualla cavab verdim: “...Bir sualıma da siz cavab verin: “Xanənədə və müğənni anlayışının fərqini mənə deyə bilərsizmi?”, “Bayağı musiqi sözünün mənasını açıqlaya bilərsizmi mənə?!” O, verdiyim sualların mənasını, mahiyyətini başa düşmədi, cavablandırmaqda çətinlik çəkdi və dedi ki, düzü, bimirəm. Bildirdim ki, o zaman özünüz mənasını bilmədiyiniz, anlamadığınız sualı mənə niyə ünvanlayırsınız. Onun kimi xanəndə ilə müğəninin fərqini bilməyən jurnalistlər zəng vurub vaxtımızı almağını heç cür başa düşmürəm. Axı, onların ixtiyarı yoxdur ki, bizim kimi tanınmışların vaxtını mənasız suallarla məşğul etsinlər. Ondansa, gedib savadlarını artırsınlar, bu iki sözün fərqini bilsinlar, sonra bizdən bu problem haqqında ekspert rəyi almağa çalışsınlar.
- Gəlin etiraf edək ki, doğrudan da Azərbaycan xanımları öz həyat yoldaşlarına qarşı necə diqqətli və qayğıkeş olurlar. Yəqin xanımınızın həmin gün bağda qalması üzündən, siz ayaqqablarınızı geyinərkən, diqqətsiz olmusunuz.
- Təbii ki, hər kəs kimi, mənim də xanımım hər səhər evdən işə gedərkən, məni yola salır. Həmin gün o, bağda qaldığından və ən əsası isə bayaq da vurğuladığım kimi, evdən çay içmədən belə, qardirobumun yerləşdiyi dəhlizdəki işığı yandırmadan, tələsdiyimdən, diqqət etmədən, fərqli ayaqqabılarımı geymişəm...
- Zəngini qəbul etdiyiniz şəxs ikinci sualında belə bir əlavə də etdi:“Xanəndələr bayağı musiqi ifa edən müğənnilər kimi toylardan yüksək qonarar götürürlər”. Siz də buna cavab olaraq milli televiziya kanallarında qonorar sisteminin olmadığını vurğuladınız, müğənnilərimizin qazanc yerinin yalnız toylar olduğunu bildirdiniz...
- Ölkəmizdəki toylarda, el şənliklərində oxunan mahnıların əksəriyyəti Şirvan aşıqlarının havalarıdır. Aşıq musiqisi ozandan gəlir. Aşıqlıq sənəti yarananda, xanəndələr belə yox idi. Aşıq xanəndənin ustadı olub. Xanəndələr aşıq yanında oxuyub püxtələşiblər. Mən gedib toyda çıxış edəndə, istənilən mahnını oxuya bilərəm. Söhbət tək pul qazanmaqdan getmir. Mən bu sənətə gələndə, çox toylardan imtina edir, deyirdim ki, mən özümü radio və televiziya üçün hazırlayıram. Radioda, televiziyada oxuyanda bizə qonorar verirlər? Əlbəttə, yox! Amma mən başqa ölkədə oxuyanda, hətta konsertə görə anons yazırlar, az qala, həmin konsertin pulunu ödəyirlər. Tək mənə yox, istənilən xanəndəyə görə belədir. Bu məsələ Fransada, Türkiyədə, Hollandiyada olub. Bizim televiziyalarda belə bir şey yoxdur. Müğənni nə etməlidir axı?! O, məcburdur ki, dəvət olunduğu əksər toylar və şənliklərdə oxuyub öz ailəsini dolandırsın...
- Maraqlı söhbətə görə minnətdarıq. Sizə bundan sonra can sağlığı, yeni-yeni yaradıcılıq uğrları arzulayırıq.
Cəmilə ÇİÇƏK
Prezident təqaüdçüsü,
f.ü.f.d., AYB və AJB-nin üzvü /Zekainfo.az