
- Bu suala tam vədəqiq cavab vermək üçün Azərbaycanın xarici siyasət doktrinasına və qəbul etdiyi qərarlara diqqət yetirmək lazımdı. Əgər biz Prezident İlham Əliyevin xarici siyasət kursuna baxsaq, görərik ki, Azərbaycan MDB və Avropa məkanında çox nadir və bəlkə də yeganə dövlətdir ki, öz priorotetlərini özü müəyyən edir, milli maraqlarına cavab verən tərəfdaş ölkələri və təşkilatları özü seçir, müxtəlif hərbi və siyasi bloklarla eyni məsafədə durmağı bacarır və onlarla hansı müstəviyə qədər əməkdaşlığa ehtiyac varsa, o qədər əməkdaşlıq etməyə sərbəst qərar verir.
- Region dövlətlərinin hazırkı durumunu az da olsa təhlil etsək və onların xarici siyasət kursunu incələsək görərik ki, Azərbaycan onlarla müqayisədə həm kifayət əlverişli vəziyyətdədir, həm də daha çox müstəqildir. Misal üçün, işğalçı Ermənistan tam olaraq Rusiyanın vassalına çevrilib və nəticədə xarici siyasətdə müstəqilliyini və suverenliyi itiribdir. Sarkisyanın 3 il Avropa İttifaqı ilə Assosasiya Sazişinin imzalanması haqqında apardığı danışıqları və bu sazişin imzalanacağı tarixə 3 gün qalmış Moskvaya çağırılaraq sazişdən imtinaya məcbur edilməsini hamımız yaxşı xatırlayırıq.
Gürcüstanın isə bir tərəfli qaydada Avropa İttifaqı və ABŞ-la qurduğu siyasət ona çox baha başa gəldi. Rusiya Abxaziya və Cənubi Osetiya separatçılarını rəsmən tanıdı və hər iki regionda səfirliyini açdı. Hazırda Gürcüstanla Rusiya ikitərəfli münasibətlərinin ən gərgin dövrünü yaşayır. Ukrayna və Moldova ilə vəziyyət hamımıza bəllidir və nikbinlik üçün hər hansı bir əsas görünmür.
- Bilisiniz ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər ümumən normal olsa da əvvəllər bir sıra prinsipal məsələlərdə bizi qane etməyən məqamlar var idi. Xüsusilə,bir neçə il bundan öncə əməkdaşlığımızın yeni keyfiyyət mərhələsinə çıxarılmasına hesablanmış sənəd layihəsində ölkəmizin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı məsələsində Avropa İttifaqının bir mənalı mövqe tutmamağı bizi ciddi narahat edirdi. Təqdirəlayiqhaldır ki, cənab Prezident İlham Əliyevin Brüsselə etdiyi son səfər zamanı bizi narahat edən bu kimi məqamlar tam olaraq aradan qalxdı.Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan Tərəfdaşlıq Prioritetləri adlı sənəddə Azərbaycanın suverenliyi, sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü dəstəklənir. Əminəm ki, bundan sonramünasibətlərimiz bütün sahələrdə daha da möhkəmlənəcək və genişlənəcək.
- Mən bilirəm ki, ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə yaxından əməkdaşlıq etmək istəyi bəzi dairələrdə bir mənalı qarşılanmır. Lakin bir məsələni dəqiq bilməliyik ki, Azərbaycan hakimiyyəti milli maraqlarımıza tam cavab verməyən hər hansı bir quruma heç vaxt üzv olmayıb və bundan sonra da olmayacaq. Bu baxımdan ŞƏT-ə iqtisadi maraqlarımızın təmin olunması üçün əlavə bir imkan kimi baxmaq lazımdır.
Azərbaycanın ŞƏT-lə əməkdaşlığını daha da inkişaf etdirmək və yeni səviyyəyə qaldırmaq niyyətində olduğunu bəyan etməsini çox müsbət qiymətləndirirəm. Ölkəmizin hazırkı iqtisadi prioritetləri və həyata keçirdiyi infrastruktur və nəqliyat layihələri baxımından bu təşkilatla əməkdaşlığın dərinləşdirilməsini çox vacib hesab edirəm. Avrasiya qitəsinin 3/5-ünə bərabər olan, 2 milyarddan yuxarı əhaliyə sahib olan ŞƏT üzvləri ilə, xüsusilə Çin kimi iqtisadi nəhənglə bizim ortaq iqtisadi maraqlarımız var. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın müəllifi olduğu "dəmir ipək yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolunun tam gücü ilə işləməsi, hər iki istiqamətdə yük daşımalarının həcmini arzu olunan səviyyəyə çatması, ölkəmizi "habların habı” statusuna qaldıran şərq-qərb, şimal-cənub marşrutunun özünü doğrultmasında ŞƏT-ə tam və müşahidəçi hüquqla üz olan ölkələrin müstəsna rolu var. Başqa sözlə desək, Azərbaycanın təşəbbüs göstərdiyi Qədim İpək Yolunun bərpası məhz bu ölkələrdən daha çox asılıdır. Ona görə də Azərbaycanın ŞƏT-lə yaxından əməkdaşlıq etməsinə və müşahidəçi ölkə statusu alması üçün müraciətinə uğurlu xarici siyasətimizin davamı kimi baxıram və təqdir edirəm.
-Bu gün dünyada dövlətlərarası münasibətlərdə yeni keyfiyyət dəyişiklikləri baş verir. Bir çox hallarda bu müsbət istiqamətdə getmir, yeni qruplaşma, koalisiya meylləri yaranır. Belə bir şəraitdə eyni milli köklərə malik, dil, din bağlılığı olan türkdilli ölkələrin birliyinə çox ehtiyac duyulur. Dünyada 6 türk dilində danışan müstəqil və dünya birliyi tərəfindən tanınan dövlət var. Biz dost və qardaş ölkələrik. Ona görə də, türkdilli ölkələr bir birinə daha yaxın olmalıdır. Bu reallığı zaman bizə diqtə edir. Azərbaycan-Türkiyə münasibətləri konteksində bu reallığı və birlik nümunəsini daha aydın şəkildə görmək mümkündür. Bu gün türkdilli ölkələri özündə birləşdirən təşkilatlara Türkmənistanın və Özbəkistanın da qoşulması bizim gücümüzü və birliyimizi çox artırardı.
Mən tez-tez Orta Asiya respublikalarına səfər edirəm və görürəm ki, onlar da inteqrasiya çox maraqlıdır. 2 həftə öncə Özbəkistana səfər etmişdim, parlamentdə bir sıra görüşlər keçirdim. Eləcə də, TÜRKPA ilə bağlı müzakirələr apardıq. Özbəklər də yaxşı bilirlər ki, türk dövlətlərinin inteqrasiyasına çox böyük ehtiyac var. Sevindirici haldır ki, Qırğızıstanda keçirilən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının VI Zirvə görüşündə Özbəkistanın Prezidenti də iştirak etdi. Bu, çox gözəl hadisədir və Özvəkistanın Türk birliyinə qoşulması üçün yaxşı siqnaldır. Ümid edirəm ki, yaxın vaxtlarda Özbəkistan və Türkmənistan da həm dövlət başçıları, həm də parlament formatında olan Türkdilli ölkələrin birliyinə qoşulacaqdır.
- Təəssüflər olsun ki, münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatlar özlərinin qəbul etdiyi prinsiplərə və normalara əməl və hörmət etmirlər. Helsinki prinsipləri əsasında yaranan ATƏT bu prinsiplərin bərqərar olunmasını hələ də təmin edə bilmir. Biz ATƏT Parlament Assambleyasında bu məsələni dəfələrlə qaldırmışıq. ATƏT-in bu məsələdə mövqeyi və yanaşması Azərbaycanı qane etmir və edə bilməz. Çünki, ATƏT işğalçı ölkə olan Ermənistanla, işğala məruz qalan Azərbaycan arasında bərabərlik işarəsi qoyur, işğalçını öz adı ilə çağırmır, beynəlxalq hüququ heçə sayan ölkəyə qarşı hər-hansı bir təsilri tədbir görmür. Cənab Prezident İlham Əliyev sentyabrın 21-də Milli MəclisdəParlamentin 100 illiyinə həsr olunmuş təntənəli iclasda çıxışı zamanı bu barədə çox açıq və qəti fikrini bir daha ifadə edərək bildirdi ki, beynəlxalq təşkilatlar Azərbaycana, münaqişənin həllinə münasibətdəikili standartlara və haqsızlığa yol verirlər, işğalçı Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq etmirlər.
Bu yaxınlarda Prezident İlham Əliyev ATƏT-in baş katibi Tomas Qrimenqer ilə görüşündə də Azərbaycanın mövqeyini bir daha vurğuladı ki, ATƏT Ermənistanın qeyri-konstuktiv mövqeyinə açıq şəkildə münasibət bildirməlidir. Ermənistanın baş naziri Nikol Paşinyanın danişiqların formatını dəyişmək və separatçıları danışıqlar masasına gətrimək istəyi ATƏT-in Minks Qrupunun həmsədr ölkələri tərəfindən bir mənalı şəkildə pislənilməlidir. Bir sözlə, ATƏT-in özünün yaratdığı danışıqlar formatını kiminsə dəyişmək istəməsi yolverilməzdir. ATƏT bu məsələyə sərt mövqe bildirməyincə, Paşinyan kimi adamlar avantürist mövqeyini davam etdirəcək və öz daxili auditoriyasına və hakimiyyətinin qorunmasına hesablanmış belə sərsəm bəyanatlardan əl çəkməyəcək. Ona görə də, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin hazırki mövqeyi bizi qane etmir, münaqişənin həlli ilə bağlı yeganə mandata sahib olan ATƏT mövcud vəziyyətə adekvat yanaşmır və bu, bizi ciddi narahat edir. Biz öz narahatlığımızı ən yüksək səviyyədə bildirmişik.
O ki qaldı ATƏT PA-nın münaqişənin həllinə yanaşmasına, onu deyə bilərəm ki, bu məsələdə Assambleyanın mövqeyi qənaətbəxşdir. Çünki, 2015-ci ildə ATƏT PA mənim müəllifi olduğum "ATƏT Ərazisində Dövlətlərarası Münasibətlərdə Helsinki Prinsiplərinə Bağlılıq” adlı qətnaməni qəbul etməklə münaqişənin həlli ilə əlaqədar öz prinsipal və birmənalı mövqeyini ortaya qoydu. Belə ki, qətnamədə münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin dəyişilməzliyi prinsipləri əsasında həll edilməsinin vacibliyi vurğulanır, xalqların özmüqəddaratının təyin etmə hüququnun isə yalnız ölkələrin ərazi bütövlüyü çərçivəsində mümkün olduğu qeyd edilir. İşğal olunmuş ərazilərdən qovulmuş vətəndaşlarımızın qeyd-şərtsiz və layəqətli bir şəkildə öz yurd- yuvalarına dönməsi üçün müvafiq şəraitin yaradılması tələb olunur. Bu baxımdan ATƏT PA-nın mövqeyi açıq və qəti şəkildə ifadə olunubdur və bu da bizi tam qane edir.
Əlbəttə, biz bununla kifayətlənmirik, ATƏT PA-nın bütün iclaslarında Dağlıq Qarabağ məsələsəni qaldırırıq, haqlı mövqeyimizi diqqətə çatdırırıq, Ermənistanın işğalçı mahiyyətini ifşa edirik və bundan sonra da edəcəyik.
Onu da deyim ki, bu ilin oktyabrın 3-dən 6-na kimi Bişkekdə ATƏT PA-nın payız sessiyası keçiriləcək və sessiya çərçivəsində Azərbaycanın mövqeyini və münaqişə ətrafında yaranmış hazırkı vəziyyətlə əlaqədar narahatçılığını bir daha Assambleyanın üzvlərinin diqqətinə çatdıracağıq. Son günlər İrəvanda və Bakıda səfərdə olan ATƏT PA-nın prezidenti Corc Seretelenin münaqişə ilə bağlı bəzi təkliflri də var və çox güman ki, o təklifləri də Bişkekdə müzakirə etmək imkanımız olacaq.
Sonda onu da demək istərdim ki, Azərbaycan gec-tez öz torpaqlarını işğaldan azad edəcək. Buna heç kimin şübhəsi olmasın. Çünki, beynəlxalq hüquq və ədalət bizim tərəfimizdədir. Azərbaycanın ərazi bütövlüyü bütün beynəlxalq təşkilatlar tərəfindən tanınır və BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə müdafiə olunur. Azərbaycanın həyata keçirdiyi siyasət, ordumuzun güclənməsi, Ali Baş Komandanın Dağlıq Qarabağ məsələsində ardıcıl, güzəştsiz və prinsipial mövqeyi və ən nahəyət, bölgədə cərəyan edən proseslər və bir sıra geosiyasi amillər torpaqlarımızın işğaldan azad olunması üçün yeni imkanlar yaradır. İnanıram ki, biz bu imkanları doğru dəyərləndirməyi bacaracağıq.