Cəmilə ÇİÇƏK: QHT-lər milli maraqların, dövlətçilik prinsiplərinin və ictimai inkişafın fəal iştirakçısı olmalıdır

Cəmilə ÇİÇƏK: QHT-lər milli maraqların, dövlətçilik prinsiplərinin və ictimai inkişafın fəal iştirakçısı olmalıdır
Mədəniyyət 07 Noyabr 2026 - 16:08
Müasir dövrdə vətəndaş cəmiyyətinin gücü yalnız həyata keçirilən layihələrin sayı ilə deyil, milli maraqların qorunmasına, ictimai inkişafın təmin olunmasına və dövlətin strateji hədəflərinə verdiyi töhfə ilə ölçülür. Bu baxımdan Gəncə şəhərində keçirilən Azərbaycan QHT-lərinin IV Əməkdaşlıq Forumu qeyri-hökumət təşkilatlarının qarşılıqlı əlaqələrinin genişləndirilməsi, təcrübə mübadiləsi və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı, “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin tərəfdaşlığı ilə keçirilən, 400-dən çox vətəndaş cəmiyyəti nümayəndəsini bir araya gətirən Forum “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunub. Tədbirdə QHT-lərin rəqəmsal və süni intellekt imkanlarına inteqrasiyası, milli maraqların qorunması, eləcə də WUF13 irsinin ictimai təşəbbüslərdə yaşadılması kimi aktual məsələlər müzakirə edilib.
Forumun əhəmiyyətini dəyərləndirən “Zəka İşığında Milli Dəyərlərin Təbliğinə Dəstək” İctimai Birliyinin təsisçisi və sədri Cəmilə ÇİÇƏK bildirib ki, belə platformalar QHT-lərin fəaliyyətinə yeni məzmun qazandırmaqla yanaşı, onların milli inkişaf prosesində iştirak imkanlarını da genişləndirir:
“Gəncədə keçirilən IV Əməkdaşlıq Forumu mənim üçün, ilk növbədə, ortaq məqsədlər ətrafında birləşən vətəndaş cəmiyyəti nümayəndələrinin fikir və təcrübə mübadiləsi platforması kimi əlamətdar oldu. Zəfər Gününün qeyd olunduğu günlərdə bu mühüm tədbirin tarixi Gəncədə keçirilməsi onun mənəvi və ictimai əhəmiyyətini daha da artırdı. Belə görüşlər QHT-lərin bir-birini daha yaxından tanımasına, yeni tərəfdaşlıqlar qurmasına və birgə təşəbbüslər formalaşdırmasına real imkan yaradır.
Rəhbərlik etdiyim ictimai birliyin fəaliyyətinin əsas istiqamətlərini milli-mənəvi dəyərlərin qorunması, gənc nəslin maarifləndirilməsi, vətənpərvərlik ruhunun gücləndirilməsi və dövlətçilik düşüncəsinin təşviqi təşkil edir. Hesab edirəm ki, QHT-lər öz fəaliyyət sahələrindən asılı olmayaraq, cəmiyyətin intellektual, mənəvi və sosial inkişafına davamlı töhfə verməlidirlər.
Forumda müzakirə olunan məsələlər arasında rəqəmsallaşma və süni intellektin QHT fəaliyyətinə inteqrasiyası xüsusi aktuallıq daşıyır. Bu gün texnoloji yeniliklərdən səmərəli istifadə etmək, informasiya mühitində peşəkar fəaliyyət göstərmək və beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirmək artıq zərurətdir. Eyni zamanda, rəqəmsal inkişaf milli kimliyimizin, dilimizin, mədəni irsimizin və mənəvi dəyərlərimizin təbliğinə xidmət etməlidir.
Digər mühüm istiqamət milli maraqların qorunmasında və ictimai diplomatiyada QHT-lərin rolunun gücləndirilməsidir. Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, ölkəmizin nüfuzunun möhkəmləndirilməsi və informasiya təhlükəsizliyinin təmin olunması vətəndaş cəmiyyəti institutlarından bilikli, sistemli və məsuliyyətli fəaliyyət tələb edir. Bu məqsədlə QHT-lər öz institusional imkanlarını gücləndirməli, peşəkarlıq səviyyələrini yüksəltməli və beynəlxalq əlaqələrini inkişaf etdirməlidirlər.
İnanıram ki, bu Forumda yaranan yeni tanışlıqlar və əməkdaşlıq əlaqələri gələcəkdə konkret layihələrə, səmərəli təşəbbüslərə çevriləcək. Çünki güclü vətəndaş cəmiyyəti dövlətin inkişaf hədəflərinə töhfə verən, milli maraqlara bağlı, təşəbbüskar və məsuliyyətli ictimai institutların birliyidir”.
Cəmilə ÇİÇƏK Forumun təşkilinə, QHT nümayəndələri üçün yaradılan səmimi əməkdaşlıq və fikir mübadiləsi mühitinə görə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyevə, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyevaya və təşkilatçılara təşəkkürünü bildirib.
O vurğulayıb ki, dövlətin müəyyən etdiyi strateji inkişaf hədəfləri ilə vətəndaş cəmiyyətinin təşəbbüsləri arasında qarşılıqlı etimada və səmərəli əməkdaşlığa əsaslanan əlaqələrin möhkəmləndirilməsi Azərbaycanın davamlı inkişafına xidmət edən mühüm amillərdəndir.
reklamlar

Digər xəbərlər