Mədəniyyət
16:19, 12 Noyabr 2026
Əziz həmkarlar, dəyərli dostlar!
Gəncədə keçirilən IV QHT Əməkdaşlıq Forumu yalnız birgə müzakirə və təcrübə mübadiləsi platforması deyil, həm də dövlət–vətəndaş cəmiyyəti münasibətlərinin, milli birlik və həmrəyliyin təntənəsi kimi yadda qaldı.
Bu möhtəşəm tədbirin yüksək peşəkarlıqla təşkilinə, səmimi münasibətə və göstərilən diqqətə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə, xüsusilə Aygün Əliyeva başda olmaqla, bütün kollektivə dərin təşəkkürümü bildirirəm.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyevə və Forumun təşkilində əməyi olan hər kəsə minnətdarlığımı ifadə edirəm.
Belə platformalar QHT-lərin fəaliyyətinə yeni dinamika qazandırmaqla yanaşı, dövlətçilik maraqları ətrafında birləşməyin, ortaq hədəflərə doğru irəliləməyin əhəmiyyətini bir daha nümayiş etdirir.
İnanıram ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəfər salnaməsi yazmış Azərbaycanın qarşısında duran yeni inkişaf hədəflərinə çatmasında vətəndaş cəmiyyəti institutları da öz layiqli töhfəsini verəcək.
Müzəffər xalqımızı, dövlətimizi və ordumuzu Zəfər ruhu ətrafında birləşdirən milli həmrəyliyimiz daim olsun! Dövlətçiliyimiz, birliyimiz və qələbələrimiz əbədi olsun!
Bizim yolumuz milli birlik, amalımız güclü Azərbaycan, hədəfimiz daha böyük Zəfərlərdir!
Hörmətlə,
Cəmilə ÇİÇƏK
“Zəka İşığında Milli Dəyərlərin Təbliğinə Dəstək” İctimai Birliyinin təsisçisi və sədri