Cəbrayıl rayonu Dağmaşanlı kəndi ərazisində mina partlayışı olub.
Zekainfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb.
Bildirilib ki, 2000-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Qəhrəmanov Orxan Əşrəf oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə minaya düşüb. Hadisə zamanı o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.
Hər üç qurum bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa və çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır.
***
TƏBİB-dən bildirilib ki, Cəbrayıl rayonu ərazisində baş verən partlayış səbəbilə xəsarət alan 2000-ci il təvəllüdlü şəxs (kişi) 08.10.2026-cı il tarixində saat 15:10 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona sağ saidin yuxarı 1/3 hissəsinin əl ilə birlikdə travmatik amputasiyası, sol baldırın aşağı 1/3 hissəsinin travmatik amputasiyası, sağ budun bütünlüklə çanaq nahiyəsinə qədər didilmiş-dağılmış yarası və geniş toxuma defekti diaqnozu təyin olunub.
Pasiyent cərrahi əməliyyata alınıb və zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir.