ABŞ Prezidenti Donald Tramp 2009-cu ildə hərbi bazaya hücum edərək 13 nəfəri öldürən və 32 nəfəri yaralayan ordu psixiatrı, mayor Nidal Malik Həsənin atış bölüyü tərəfindən edam edilməsini təsdiqləyib.
Zekainfo.az xəbər verir ki, Həsənin bu üsulla edam edilməsi ABŞ-də 1961-ci ildən bəri bir ilk olacaq.
Pentaqon sözçüsü Şon Parnell bildirib ki, Həsənin atış bölüyü tərəfindən güllələnmə yolu ilə edam edilməsi təklifini ABŞ müdafiə naziri Pit Heqset irəli sürüb və Tramp bunu təsdiqləyib.
Onun sözlərinə görə, edamın vaxtı və yeri ABŞ Ordusu tərəfindən müəyyənləşdiriləcək.
“Nəhayət ki, Həsən üçün hesablaşma günü gəlib”, - Parnell bildirib.
“Əl-Qaidə”dən ilhamlanaraq Texasdakı Ford Hud hərbi bazasına hücum edən Nidal Malik Həsən 2013-cü ildə hərbi məhkəmə tərəfindən ölüm cəzasına məhkum edilib.
Həsən məhkəmədə özünü müdafiə edib, lakin ifadə verməyib və şahid çağırmayıb. O, ittihamlara da etiraz etməyib. Məhkəmə tərəfindən təyin olunan vəkilləri isə onun edam olunmaq istəməsi ilə bağlı narahatlıqlarını bildiriblər.
ABŞ-də anadan olan fələstinli Nidal Malik Həsən 5 noyabr 2009-cu ildə Ford Hud bazasının tibb müəssisəsində törədilən hücuma görə məsuliyyət daşıyır. Hücum nəticəsində 13 nəfər ölüb, 32 nəfər yaralanıb. Ölənlərdən 12-si, yaralananlardan isə 30-u hərbçi olub.
Həsən hücum zamanı mülki geyimli polis əməkdaşı tərəfindən vurulduqdan sonra qismən iflic olub.
Məhkəmədə onun ABŞ-nin İraq və Əfqanıstan müharibələrinə qarşı çıxdığı və daha sonra Yəməndə ABŞ-nin pilotsuz uçuş aparatı ilə həyata keçirdiyi əməliyyatda öldürülən “Əl-Qaidə” üzvü Ənvər əl-Əvlaki ilə onlayn əlaqə saxladığı bildirilib.