Nepalın Çin sərhədinə yaxın Rasuva bölgəsində və ətraf ərazilərdə baş verən güclü daşqınlar nəticəsində ölənlərin sayı 469-a yüksəlib. Təbii fəlakətin fəsadlarının aradan qaldırılması və itkin düşənlərin axtarışı davam edir.
Zekainfo.az xəbər verir ki, Nepal polisinin məlumatına görə, daşqınlar nəticəsində 460-dan çox insan yaralanıb.
Rəsmilər onlarla körpünün dağıldığını, yolların zədələndiyini və axtarış-xilasetmə əməliyyatlarına helikopterlərin cəlb edildiyini bildiriblər.
Daha əvvəl “Associated Press”ə danışan rəsmilər xarici vətəndaşlar da daxil olmaqla 1300-dən çox şəxsin itkin düşdüyünü açıqlamışdılar.
Çinin Tibet Muxtar Bölgəsində də Nepalda baş verən daşqınlarla əlaqədar 3 nəfərin öldüyü, 558 nəfərin isə itkin düşdüyü bildirilmişdi.
ABŞ Geoloji Xidməti əvvəlcə daşqınlardan əvvəl bölgədə zəlzələ baş verdiyini bildirsə də, daha sonra məlumatını yeniləyib. Qurum 5,2 bal gücündə qeydə alınan seysmik aktivliyin mənbəyinin zəlzələ deyil, buzlaq çökməsi olduğunu açıqlayıb.
Katmanduda yerləşən Beynəlxalq Dağ İnkişafı Mərkəzinin mütəxəssisləri də daşqınların dağlıq ərazidən qopan buzlaq parçalarının yaratdığı qar uçqunu nəticəsində baş verdiyini bildiriblər.