Sözün zirvəsindən əbədiyyətə... Azərbaycan böyük bir söz adamını itirdi

Sözün zirvəsindən əbədiyyətə... Azərbaycan böyük bir söz adamını itirdi
Mədəniyyət 01 Avqust 2026 - 20:24

Bəzən bir insanın dünyadan köçü təkcə bir ailənin, bir nəslin deyil, bütöv bir xalqın itkisidir. Bu gün Azərbaycan ədəbiyyatı, mədəniyyəti və milli-mənəvi yaddaşı belə ağır itkilərdən birini yaşayır. Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ictimai xadim Nəriman Həsənzadənin vəfatı sözün həqiqi mənasında Azərbaycanın mənəvi dünyasında dərin bir boşluq yaratdı. Çünki o, sadəcə şair deyildi – xalqın yaddaşını, sevgisini, ağrısını, Vətən duyğusunu misralarında yaşadan böyük söz ustadı idi.
Nəriman Əliməmməd oğlu Həsənzadə 18 fevral 1931-ci ildə Qazax rayonunun Poylu kəndində dünyaya göz açıb. Gənc yaşlarından ədəbi yaradıcılığa başlayaraq ilk dəfə "Könlüm istəyir" şeiri ilə oxucuların diqqətini cəlb edib. Sonralar qələmə aldığı "Nərdivan", "Atamın kitabı", "Zümrüd quşu", "Qaytar ana borcunu", "Pompeyin Qafqaza yürüşü", "Nabat xalanın çörəyi" və onlarla digər şeir, poema və mənzum dram Azərbaycan poeziyasının ən dəyərli nümunələrinə çevrildi.
Gəncə Dövlət Universitetində filologiya təhsili alan, daha sonra Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirən Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatı tarixi üzrə fəlsəfə doktoru idi. Uzun illər mətbuat, televiziya və dövlət idarəçiliyində məsul vəzifələrdə çalışdı. Azərbaycan ədəbiyyatına misilsiz xidmətlərinə görə "Əməkdar incəsənət xadimi", "Xalq şairi" fəxri adlarına, "Şöhrət", "Şərəf", "İstiqlal", "Heydər Əliyev" ordenlərinə, Heydər Əliyev Mükafatına layiq görülmüş, Prezidentin fərdi təqaüdçüsü olmuşdu.
Nəriman Həsənzadənin şeirlərini həmişə böyük sevgi ilə oxumuşam. Onun yaradıcılığında mənə ən doğma olan əsər isə "Nərdivan" şeiridir. Bu şeir təkcə poetik gözəlliyi ilə deyil, insan ömrünə, həyatın mənasına, mənəvi yüksəlişə dair daşıdığı dərin fəlsəfi yükü ilə hər dəfə məni düşündürüb.
2014-cü ildə İçərişəhər metrosu yaxınlığındakı evində onu ziyarət etmək mənə də qismət oldu. Kəlbəcər ədəbi mühiti ilə bağlı hazırladığım kitablardan biri üçün ustad aşıq Aşıq Şəmşir haqqında xatirələrini alırdım. Bir qədər soyuqlamışdı, öskürürdü. Amma buna baxmayaraq, söhbətimiz olduqca səmimi, mənalı və unudulmaz keçdi.
Söhbət əsnasında ona dedim:
– Nəriman müəllim, çıxışlarınızda həmişə böyük ehtiram və sədaqətlə ömür-gün yoldaşınızı itirdikdən sonra onun xatirəsinə bağlı qalaraq bir daha ailə həyatı qurmadığınızı deyirsiniz. Allah haqqı, mən sizin qızınız olsaydım, buna razı olmaz, sizi mütləq yenidən ailə qurmağa razı salmağa çalışardım.
Sözlərimdən sonra çöhrəsində kövrək, səmimi bir təbəssüm yarandı. Özünəməxsus şirin ləhcəsi ilə üzümə baxaraq dedi:
– Oyy, qadan alım, Cəmilə qızım, çox təşəkkür edirəm sizə...
O an onun gözlərində ömür-gün yoldaşına duyduğu sonsuz məhəbbəti, sədaqəti və dərin həsrəti bir daha hiss etdim. Bu kiçik dialoq illər keçsə də, yaddaşımdan silinməyən ən qiymətli xatirələrimdən biri olaraq qaldı.
Bu gün həmin təbəssüm də, o səs də, o söhbət də xatirəyə çevrilib...
Dahi sənətkarlar cismani ömürlərini başa vursalar da, sözün ömrü bitmir. Çünki həqiqi şair torpağa yox, xalqın yaddaşına köçür. Nəriman Həsənzadə də öz misraları ilə bu xalqın ruhuna hopan, milli-mənəvi dəyərlərimizi sözün ən uca zirvəsinə qaldıran sənətkarlardan biri idi. Onun yoxluğu ağırdır, amma irsi yaşayacaq. Azərbaycan var olduqca Nəriman Həsənzadənin misraları da yaşayacaq, yeni nəsilləri düşündürəcək, duyğulandıracaq və ucaldacaq.
Allah Xalq şairi Nəriman Həsənzadəyə rəhmət eləsin. Məkanı cənnət, ruhu şad olsun.
Cəmilə Çiçək,
Tədqiqatçı-jurnalist,
Zekainfo.az saytının baş redaktoru
reklamlar

Digər xəbərlər