Mədəniyyət
23:00, 18 Avqust 2026
Bəzi doğum günləri var ki, onları sadəcə “ad gününüz mübarək” sözləri ilə təbrik etmək olmur. Çünki həmin günün arxasında bir ömrün sevinci ilə yanaşı, taleyin ağır sınaqlarından keçmiş bir qadının səssiz ağrısı, ana qəlbinin sağalmaz yarası və böyük bir qürur dayanır.
Bu gün şəhid Daşqın Şəfiyevin anası Gülnaz xanımın doğum günüdür.
Gülnaz ana dörd övlad böyüdüb. Hər biri onun üçün canından bir parça olub. Lakin Daşqının ailədə özünəməxsus yeri varmış. Ana onu yalnız övlad kimi deyil, həm də sirdaş, dayağ və evinin işığı kimi görürmüş. Daşqın anasına “ana” deyə müraciət etməklə kifayətlənməyib, onun dərdinə, sevincinə, qayğılarına şərik olan bir oğul olub.
Ananın danışdıqlarını oxuduqca insan bir həqiqəti daha dərindən anlayır: övlad itkisi insanın həyatından bir nəfərin getməsi deyil, onunla birlikdə bütöv bir dünyanın susmasıdır.
Daşqının evdə oturduğu yer, əşyaları, geyimləri, səsi, zarafatları, anasına “ana” deyə səslənməsi – hamısı Gülnaz xanımın yaddaşında yaşayır. Ana isə bu xatirələri unutmaq istəmir. Çünki bəzən insan üçün ağrı belə doğma olur; ağrını itirmək, itirdiyinin son izlərini də itirmək kimi gəlir.
Daşqının son danışığı isə xüsusilə ürəkdağlayandır. Anasına:
“Allahın amanında olasınız, Allah sizi qorusun, bir-birinizlə mehriban olun və bilin ki, hər şey gözəl olacaq...”
– deyən oğul sanki bilmədən özündən sonra ailəsinə son vəsiyyətini edib.
Ana isə bilmirdi ki, bir neçə gündən sonra həmin səsi eşitmək üçün telefonun səsini gözləyəcək. Bilmirdi ki, “hər şey gözəl olacaq” deyən oğlu artıq Azərbaycanın ən müqəddəs yoluna – şəhidlik yoluna qədəm qoyub.
Daşqın 4 noyabr 2020-ci ildə Laçın istiqamətində gedən ağır döyüşlər zamanı şəhid oldu. O, Vətən uğrunda canını fəda etdi. Kəlbəcər həsrəti ilə böyümüş bir oğul kimi doğma torpaqlarına qovuşmaq arzusunu ürəyində daşıdı və bu arzu uğrunda canından keçdi.
Gülnaz ana isə oğlunun tabutunu deyil, onun adını, şərəfini və əmanət etdiyi Vətəni qucaqladı.
Ona “Oğlunuz geri qayıtsaydı, nə edərdiniz?” sualı veriləndə verdiyi cavab bir şəhid anasının böyüklüyünü göstərir. O, oğlunun Vətən və xalq uğrunda canından keçməsindən peşman olmadığını, əksinə, onunla qürur duyduğunu söyləyir. Bu sözlərdə bir ananın ürək ağrısı qədər böyük bir milli qürur var.
Bəli, şəhid anası olmaq ağırdır. Çox ağır...
Amma Gülnaz ana kimi anaların çəkdiyi ağrılar Azərbaycan xalqının tarixində Zəfərə çevrildi. Daşqın kimi oğulların canı bahasına Qarabağımız azadlığına qovuşdu. Kəlbəcər həsrəti ilə yaşayan ailələrin arzusu gerçəyə çevrildi. Bir zamanlar yalnız xatirələrdə yaşatdığımız doğma torpaqlarımıza bu gün alnıaçıq, başıuca qayıdırıq.
Bu Zəfərin arxasında xalqımızın milli-mənəvi dəyərləri, Vətən sevgisi, şəhidlərimizin müqəddəs qanı və Azərbaycan Ordusunun qəhrəmanlığı dayanır. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Dəmir yumruğu düşmənin illərlə davam edən işğal siyasətinə son qoyaraq tariximizin ən şanlı səhifəsini yazdı.
Bu gün Gülnaz ananın doğum günüdür.
Bu gün ona yalnız uzun ömür arzulamaq azdır. Ona həm də Daşqının adı qədər uca bir ömür, şəhid oğlunun xatirəsi qədər müqəddəs bir qürur və azad Kəlbəcər qədər böyük bir sevinc arzulamaq lazımdır.
Əziz Gülnaz ana!
Sizin qəlbinizdə bir yara var – Daşqın yarası. O yara bəlkə heç vaxt sağalmayacaq. Amma bilin ki, həmin yaranın içindən Azərbaycanın Zəfəri boylanır. Oğlunuzun adı yalnız ailənizin yaddaşında deyil, Vətənimizin şərəf tarixində yaşayır.
Siz Daşqının anasısınız.
Daşqın isə Azərbaycanın oğludur.
Bu gün doğum gününüz münasibətilə Sizi böyük hörmət və ehtiramla təbrik edirəm. Allah Sizə can sağlığı, uzun ömür, səbir və qəlbinizə rahatlıq versin. Qoy bundan sonrakı illəriniz Daşqının xatirəsini yaşadan, onun uğrunda can verdiyi Vətənin azadlığı ilə fəxr etdiyiniz illər olsun.
Doğum gününüz mübarək, əziz Gülnaz ana!
Daşqının ruhu şad, məkanı cənnət olsun.
Qoy onun adı hər zaman ehtiramla çəkilsin, xatirəsi nəsillərdən-nəsillərə ötürülsün.
Çünki şəhidlər ölmürlər – onlar Vətənin yaddaşına çevrilirlər.
Cəmilə ÇİÇƏK
Tədqiqatçı-jurnalist