Cəmiyyət
17:05, 06 İyul 2026
Qarabağ torpaqları şəhidlərimizin müqəddəs qanı, qazilərimizin sağlamlığı və Azərbaycan Ordusunun şanlı qələbəsi nəticəsində, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi altında azad edildi. Bu torpaqların yenidən qurulması təkcə tikinti prosesi deyil, həm də dövlətimizin nüfuzunu, xalqımızın ləyaqətini və gələcək nəsillərə qoyulan mirası ifadə edən müqəddəs missiyadır.
Son günlər sosial şəbəkələrdə yayılan videogörüntülərdə Kəlbəcərdə çalışan bəzi fəhlələr onlara keyfiyyətsiz, hətta iylənmiş yeməklərin verildiyini, bu barədə etiraz edənlərin isə işdən uzaqlaşdırıldığını iddia edirlər. Əgər bu iddialar doğrudursa, məsələ artıq adi əmək narazılığı deyil, insan sağlamlığına, əmək hüquqlarına və dövlətin həyata keçirdiyi böyük quruculuq siyasətinə kölgə salan ciddi problemdir.
İnsan ac saxlanılaraq, keyfiyyətsiz qidalanaraq keyfiyyətli bina tikə bilməz. Əsrlərlə yaşayacaq evlərin, məktəblərin, yolların və digər obyektlərin təməli əvvəlcə fəhlənin halal zəhmətinə, sağlamlığına və ona göstərilən hörmətə söykənməlidir. Fəhlənin süfrəsinə göstərilən münasibət, əslində görülən işin keyfiyyətinə verilən qiymətdir.
Şəxsən mən hesab edirəm ki, əgər keçmiş məcburi köçkünlərin əvvəlki torpaq sahələri, əmlak hüquqları maksimum dərəcədə bərpa olunsaydı və dövlət tərəfindən onlara müəyyən maliyyə dəstəyi ayrılsaydı, insanlar öz zövqlərinə, ailələrinin ehtiyaclarına uyğun evlər inşa edərdilər. Bu, həm vətəndaş məmnuniyyətini artırar, həm də Qarabağın bərpasını daha möhkəm sosial təməl üzərində qurardı.
Bu gün isə bəzi şirkət rəhbərlərinin əsas məqsədi yalnız mənfəət əldə etməkdirsə, kağız üzərində yüksək göstəricilər yazmaqla dövləti aldatmaq mümkün olmayacaq. Keyfiyyətsiz tikililər inşa edib sonra da "budur, bəyənirsənsə yaşa, bəyənmirsənsə özün bilərsən" məntiqi ilə insanlara yanaşmaq nə dövlətçilik prinsiplərinə, nə də Qarabağın ruhuna yaraşır.
Qarabağ milyonların qazanc mənbəyi deyil, milyonların qürur mənbəyidir. Burada görülən hər bir iş dövlət qarşısında vicdan və məsuliyyət imtahanıdır. Bu müqəddəs torpaqlarda çalışan hər bir şirkət bilməlidir ki, onların fəaliyyəti təkcə tikinti deyil, həm də Azərbaycanın gələcək tarixinin yazılmasıdır.
Ümid edirik ki, aidiyyəti dövlət qurumları sosial şəbəkələrdə səsləndirilən iddiaları obyektiv şəkildə araşdıracaq, əmək hüquqları və tikinti keyfiyyəti ilə bağlı bütün məsələlərə hüquqi qiymət veriləcək. Çünki Qarabağda görülən hər bir iş Azərbaycan dövlətinin adına yazılır və bu adın ləkələnməsinə heç kimin haqqı yoxdur.
Son olaraq bir həqiqəti də unutmayaq: keyfiyyətli tikinti ilk növbədə insan amilindən başlayır. Ustanın, fəhlənin sağlam qidası, normal əmək şəraiti və ona göstərilən hörmət möhkəm bünövrənin ilk şərtidir. Çünki möhkəm bina əvvəlcə vicdan üzərində tikilir.
Cəmilə ÇİÇƏK
Tədqiqatçı-jurnalist
Zekainfo.az saytının baş redaktoru
https://www.tiktok.com/@xeberler_informasiya/video/7658010669727452424?_r=1&_t=ZS-97o6gHh9xDk&fbclid=IwY2xjawS4ijZleHRuA2FlbQIxMQBicmlkETFHN2tBbzBjeWNIQTEzUnpPc3J0YwZhcHBfaWQQMjIyMDM5MTc4ODIwMDg5MgABHlNjOQuI_sp2bBGpQWnre5DEkHobGIkKAQyktbaPB5wsHM0YMoKfeXjytgvg_aem_LHTuSYQMvy6KySqhzCQNfw