Elçin Əmirbəyov Kambocaya səfər edib, bir sıra görüşlər keçirib

Elçin Əmirbəyov Kambocaya səfər edib, bir sıra görüşlər keçirib
Siyasət 14 May 2026 - 09:36

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Kambocaya işgüzar səfər edib.

Zekainfo.az xəbər verir ki, səfər çərçivəsində dövlət başçısı səlahiyyətlərini icra edən, Kamboca Senatının sədri Hun Sen, ölkənin Baş naziri Hun Manet, Baş nazirin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Prak Sokhonn, Milli Assambleyanın sədri Khuon Sodary ilə görüşlər keçirilib.

Həmçini ətraf mühit naziri Eang Sophalleth, Kamboca Krallığının Milli Assambleyasının Xarici əlaqələr, beynəlxalq əməkdaşlıq və informasiya komissiyasının sədri Sous Yara, Milli Diplomatiya və Beynəlxalq Münasibətlər İnstitutunun prezidenti Çeu Viçet, eləcə də ASEAN Regional Minatəmizləmə Mərkəzinin (ARMAC) icraçı direktoru Rothna But ilə də görüşlər təşkil olunub.

Dövlət başçısı səlahiyyətlərini icra edən Hun Senlə görüş zamanı həmsöhbət 2014-cü ildə ölkənin baş naziri qismində Azərbaycana səfərini məmnunluqla xatırladaraq onun səmimi salamlarının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib. O, Azərbaycanı Kamboca üçün yaxın dost ölkə kimi tanıdığını bildirmiş və mümkün olan ilk fürsətdə Azərbaycana təkrar səfər etməyə hazır olduğunu qeyd edib. Hun Sen Azərbaycanla müxtəlif sahələrdə praktiki əməkdaşlığın dərinləşdirilməsinin vacibliyindən söz açıb və Azərbaycanı etibarlı tərəfdaş kimi gördüyünü vurğulayıb.

Baş nazir Hun Manet ilə keçirilmiş görüş zamanı Elçin Əmirbəyov Azərbaycan Prezidenti İlham Əliyevin oktyabr ayında Azərbaycanın ev sahibliyi ilə Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünə dəvət məktubunu Kambocanın Baş nazirinə təqdim edib. Kambocanın Baş naziri dəvəti məmnunluqla qəbul etdiyini və tədbirdə iştirak etmək niyyətinidə olduğunu bildirib.

Danışıqlar zamanı Azərbaycan ilə Kamboca arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Tərəflər siyasi dialoqun intensivləşdirilməsinin, yüksək səviyyəli qarşılıqlı səfərlərin artırılmasının, fəal parlamentlərarası əlaqələrin daha da dərinləşdirilməsinin, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Görüşlər çərçivəsində ticarət-iqtisadi əlaqələrin fəallaşdırılması və daha yüksək səviyyəyə çatdırılması, iki ölkə arasında mövcud hüquqi bazanın gücləndirilməsi, investisiya imkanlarının təşviqi, enerji, nəqliyyat, kənd təsərrüfatı, turizm, təhsil, ətraf mühit və digər qarşılıqlı maraq doğuran vacib sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. Bu xüsusda qarşı tərəf Azərbaycanın dünya miqyasında enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı vacib rolu və Asiya ilə Avropa arasında mühüm nəqliyyat və logistika mərkəzi kimi tanıdığını vurğulayaraq, bu sahələrdə də ölkəmizlə sıx əməkdaşlıq etməyə arzusunda olduğunu bildirmişdir.

Kamboca tərəfi Azərbaycanın son illərdə əldə etdiyi mühüm siyası və sosial-iqtisadi nailiyyətləri, regional və beynəlxalq səviyyədə artan rolunu yüksək qiymətləndirdiklərini bildirib. Eyni zamanda, qarşı tərəf Azərbaycan ilə həm ikitərəfli sahədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı işbirliyinin inkişaf etdirilməsində maraqlı olduqlarını qeyd edib.

Səfər zamanı aparılmış danışıqlar çərçivəsində Elçin Əmirbəyov qarşı tərəfə Azərbaycan-Ermənistan münasibətlərində normallaşma prosesi, keçən il Vaşinqtonda əldə olunmuş razılaşmalar və davamlı sülhün bərqərar olması istiqamətində növbəti addımlar və gözləntilər barədə ətraflı məlumat verib. O, gələn ay Ermənistanda keçiriləcək parlament seçkilərinin və daha sonra bu ölkənin yeni konstitusiyasının qəbul edilməsi üçün keçiriləcək referendumun nəticələrinin iki ölkə arasında sülh sazişinin imzalanması, beləliklə də regionda uzunmüddətli və dönməz sülhün təmin olunması baxımından həlledici rol oynayacağını diqqətə çatdırıb. Kamboca tərəfi Azərbaycanın davamlı və dönməz sülhün əldə edilməsi üçün atdığı vacib və təqdirəlayiq addımları və həyata keçirdiyi sülh gündəliyini dəstəklədiklərini qeyd edərək, sülh sazişinin imzalalanması üçün lazımı şərtlərin qısa zamanda yerinə yetiriləcəyinə ümidvar olduğunu vurğulayıb.

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi həmçinin azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, eləcə də mina təhlükəsi ilə mübarizə istiqamətində rəsmi Bakı tərəfindən görülən məqsədyönlü tədbirlər barədə ətraflı məlumat verib, o cümlədən minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Bu kontekstdə o, payızda Bakıda keçiriləcək 4-cü Beynəlxalq Humanitar Minatəmizləmə Konfransı barədə məlumat verərək, adıçəkilən tədbirin mina təhlükəsinə qarşı beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətini qeyd edib, minatəmizləmə sahəsində geniş təcrübəyə malik olan Kamboca tərəfinin tədbirdə fəal iştirak edəcəyinə ümidvar olduğunu bildirib.

Elçin Əmirbəyov səfər çərçivəsində Kambocanın Milli Diplomatiya və Beynəlxalq Münasibətlər İnstitutunda keçirilmiş görüşdə çıxış edib, Azərbaycan-Kamboca münasibətlərinin perspektivləri, regional əməkdaşlıq və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıb. O, həmçinin Kambocanın aparıcı dövlət televiziya kanalı TVK-ya müsahibə verib.

Məlum olduğu kimi, Kamboca car ilin noyabr ayında Beynəlxalq Frankofoniya Təşkilatının üzv-dövlətlərinin dövlət və hökümət başçıları səviyyəsində keçiriləcək növbəti zirvə görüşünə evsahibliyi edəcək.

reklamlar

Digər xəbərlər