Aliment borcu olanların NƏZƏRİNƏ: Bu qədər cəza ala bilərsiniz...

Aliment borcu olanların NƏZƏRİNƏ: Bu qədər cəza ala bilərsiniz...
Gündəm 09 Aprel 2026 - 20:39

Aliment öhdəliyinin yerinə yetirilməməsi cəmiyyətdə ən çox müzakirə olunan hüquqi və sosial problemlərdən biri olaraq qalır. Xüsusilə, boşanmalardan sonra uşaqların maddi təminatının gecikdirilməsi və ya ümumiyyətlə ödənilməməsi həm valideynlər arasında mübahisələrə, həm də hüquqi məsuliyyət məsələlərinin gündəmə gəlməsinə səbəb olur.

Bəs alimenti ödəməyən şəxsləri qanun qarşısında hansı cəzalar gözləyir?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Hüquq departamentinin müdiri, vəkil Fuad Məmmədov Zekainfo.az Konkret.az-a istinadən bildirib ki, məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədinin tələblərinin üzrsüz səbəbdən icra olunmaması inzibati məsuliyyət yaradır.

“İcra məmuru tərəfindən müəyyən edilmiş müddətdə öhdəliyin yerinə yetirilməməsi və ya məhkəmə qərarının icrası ilə bağlı digər qanuni tələblərin pozulması hallarında şəxs 500 manatdan 1000 manatadək cərimə oluna və ya 1 ayadək müddətə inzibati qaydada həbs edilə bilər”.

Vəkil qeyd edib ki, məsələ bununla məhdudlaşmır.

“Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin və ya qərardadının qərəzli şəkildə icra edilməməsi artıq cinayət məsuliyyəti yaradır. Bu halda təqsirli şəxs 2000 manatdan 4000 manatadək cərimə, 320 saatdan 480 saatadək ictimai işlər, 2 ilədək müddətə islah işləri ilə cəzalandırılır. Daha ağır hallarda isə 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər”.

Mütəxəssis vurğulayıb ki, aliment ödənişlərinin vaxtında və tam şəkildə icra olunması yalnız hüquqi öhdəlik deyil, eyni zamanda sosial məsuliyyət məsələsidir. Buna görə də borclu şəxslərin məsuliyyətdən yayınmaq cəhdləri qanunvericiliklə ciddi şəkildə cəzalandırılır.

reklamlar

Digər xəbərlər