Cəmiyyət
18:07, Bugün
Azərbaycan Hava Yollarına məxsus Bakı–Qroznı reysini həyata keçirən “Embraer 190” təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasından bir il keçir. Təyyarədə 67 nəfər – 62 sərnişin və 5 ekipaj üzvü var idi. Bu faciə 38 insanın həyatına son qoydu, 29 nəfər yaralandı. Həlak olanlar arasında üç ekipaj üzvü də vardı. Rəqəmlər rəsmi statistikanı ifadə edir. Amma həqiqət ondadır ki, hər rəqəmin arxasında yarımçıq qalan bir ömür, qapısı açılmayan bir ev, cavabsız qalan bir ana duası dayanır.
Bu hadisə sadəcə texniki qəza deyildi. Bu, insanın peşə məsuliyyəti ilə ölüm arasında verdiyi son qərarın sınağı idi. Təyyarənin salonunda zaman dayanmışdı, amma vicdan dayanmadı. Son ana qədər öz borcundan geri çəkilməyən üç insan – İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökumə Əliyeva – ölümü deyil, məsuliyyəti seçdilər.
Məhz buna görə Prezident İlham Əliyevin Sərəncamı ilə onlar ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldülər. Bu ad bir mükafatdan çox, dövlətin insan ləyaqətinə verdiyi ali mənəvi qiymətdir.
İqor Kşnyakin ailəsi üçün səmanın sakit adamı idi. Qızı Anastasiya atasını axşam çay süfrələrində xatırlayır: yorğun, amma təbəssümlü, uçuşlardan danışan, qayıdacağı günün hesabını aparan bir ata. Yeni ili ailəsi ilə qarşılamaq istəyirdi. O qayıdacağına inanırdı. Amma səmadan yerə enməyən təkcə bir təyyarə olmadı – bir ailənin gələcəyə olan sevinci də yarımçıq qaldı.
Aleksandr Kalyaninovun arzuları böyük deyildi, amma saf idi. Anası Yelena Kalyaninova oğlunun ailə qurmaq, övlad böyütmək, sakit bir həyat yaşamaq istədiyini deyir. Bəzən həyatın ən sadə arzuları belə gerçəkləşməyə macal tapmır. Taleyin amansız hökmü onun yolunu yarıda kəsdi, amma adını yarıda qoymadı.
Bu dastanın mərkəzində isə bir qadın dayanır – Hökumə Əliyeva. Onun qəhrəmanlığı səmada başlayan, kökü torpaqda – Kəlbəcərin ağrılı yaddaşında olan bir həyat hekayəsidir.
Hökumə, ata-anaları vaxtilə Kəlbəcərdən məcburi köçkün düşmüş, yurd həsrəti ilə böyümüş bir ailənin övladı idi. Köçkünlük onun üçün anlayış deyil, yaşam tərzi olmuşdu, dar otaqlar, yarımçıq xəyallar, amma sınmayan ləyaqət. O, çətinliyi səssizcə daşımağı, halal zəhmətlə ayaqda qalmağı, sadəliyi ilə ucalmağı seçmişdi.
Hökumənin böyüklüyü səs-küydə deyildi. Onun qəhrəmanlığı pafosda yox, davranışda idi. O, sadə idi, amma möhkəm, sakit idi, amma iradəli.
Səmada isə o sadəlik əsl şücaətə çevrildi. Təhlükənin ən qızğın anında geri çəkilmədi, panikaya yer vermədi, son nəfəsinə qədər sərnişinlərin həyatını öz canından üstün tutdu. O an Hökumə təkcə bələdçi deyildi – o, ana idi, bacı idi, Vətənin səssiz qoruyucusu idi.
Anası Kəmalə Əliyeva üçün həyat bir zənglə iki yerə bölündü: zəngdən əvvəl və zəngdən sonra. O axşam danışılan sözlər adi idi, sabahın ümidi vardı. Səhəri gün gələn xəbər isə insan ömrünün daşıya bilməyəcəyi qədər ağır oldu. Ana üçün övlad itkisi zamanla sağalmayan bir yaradır. Amma bu yara ilə yanaşı bir qürur da var: Vətən üçün can verən bir qızın anası olmaq qüruru.
Bu gün biz onları təkcə bir faciənin qurbanları kimi deyil, vicdanın qalibləri kimi xatırlayırıq. Onlar sübut etdilər ki, insanın dəyəri yaşadığı illərlə deyil, son anda verdiyi qərarla ölçülür. Onların adı yaddaşımızda məsuliyyətin, fədakarlığın və insanlıq borcunun simvolu kimi yaşayacaq.
Dərin hörmət və ehtiramla anırıq.
Unutmuruq.
Unutdurmuruq.