Mənim dünyaya göz açdığım Kəlbəcərin Cəmilli kəndi uşaqlıq və gənclik illərimin ən saf xatirələrini özündə yaşadır. Füsunkar gözəlliyi ilə seçilən bu kənddə böyüdüm, xəyallar qurdum. Kəndimi tamam başqa bir gözəllikdə, daha abad görmək istəyirdim. Kəndimin, elimin-obamın şəninə neçə-neçə şeirlər həsr etmişdim. O vaxtlar hələ çox gənc idim. Arzularım çox idi, lap çox… Amma deyiblər ki, "sən saydığını say, gör fələk nə sayır."
Hərbi xidmət başladı, ardınca Əfqanıstan döyüşləri...
Əfqanıstanın əzablı, ölüm-qalım savaşından qayıdanda ailəmi, qohum-əqrəbamı qaçqın-köçkün gördüm. Hərə bir yanda... Mənim ailəm də Goranboyda məskunlaşmışdı.
Nə etməli idim? Silaha sarılmalı, düşmənə qarşı vuruşmalı, döyüşməli idim.
Birinci Qarabağ müharibəsi başlayanda bir çoxları kimi mən də könüllü olaraq torpaqlarımızın müdafiəsinə yollandım. Əfqanıstan müharibəsində qazandığım döyüş təcrübəsi düşmənlə mübarizədə mənə ciddi üstünlük verirdi.
Əfqanıstanda müharibənin əsl “cəhənnəmini” gördüyüm üçün ermənilərə qarşı apardığımız döyüşlər mənə nisbətən yüngül görünürdü. Çünki Əfqanıstanda istifadə olunan sovet hərbi texnikası ilə Qarabağ müharibəsində işlədilən silah və vasitələr arasında dağlar qədər fərq var idi.
Düşmənə qarşı döyüşlərdə layiqincə vuruşdum, neçə-neçə qəlpə və güllə yarası aldım. Nəhayət qalib gəldik. Düşməni qovduq torpaqlarımızdan.
Bu savaşlar mənə təkcə yaralar yox, həm də neçə-neçə cəbhə və səngər dostları qazandırdı.
Tofiq Əmrahovla dostluğumuz da məhz həmin vaxtlardan başladı.
Hər ikimiz Goranboy rayonunun sakinləriyik. Tofiq Todan kəndində yaşayıb və bu gün də oradadır, mən isə rayon mərkəzində.
Vaxtaşırı rayonda və döyüş bölgələrindəki görüşlərimiz Tofiqlə aramızda yaranan ünsiyyəti zamanla yaxın dostluğa çevirdi. Bu dostluq cəbhədə, od-alovun içərisində yaranıb və bu gün də davam edir.
Kimdir Tofiq Əmrahov? - Buyurun tanış olun...
Todan kəndinin ermənilərin əhatəsində yerləşməsi todanlıları çıxılmaz vəziyyətlə qarşılaşdırmışdı. Hərb sənətinin bütün incəliklərini bilən, ehtiyatda olan zabit Tofiq Əmrah todanlılardan ibarət könüllü dəstə yaradaraq özü də komandir kimi kəndin müdafiəsinə qalxdı.
Könüllülərin ov tüfəngləri ilə kəndi qorumağa çalışması ilk baxışda ağlasığmaz görünürdü. Lakin özünü oda-közə vuran Tofiq komandir kimi silah əldə etmək üçün əlindən gələni edirdi. Böyük çətinliklərlə də olsa, müəyyən qədər silah-sursat tapmağa nail oldu. Döyüşlər zamanı məhv edilən düşmənin döyüş sursatlarının ələ keçirilməsi döyüşçülərdə az da olsa ruh yüksəkliyi yaradırdı.
Todanın müdafiəsi zamanı kənd könüllülərinin göstərdiyi şücaəti 1941–1945 ci illər müharibəsində Stalinqrad uğrunda gedən döyüşlərlə müqayisə etmək olar. Ermənilər kəndə girib evləri yandırmağa başlayanda Todanın igidləri ölümün gözünə dik baxaraq canları və qanları bahasına düşməni kənddən çıxartdılar.
Doğma kəndinə, elinə-obasına bütün varlığı ilə bağlı olan Tofiq Əmrah hətta öz oğulları ilə çiyin-çiyinə düşmənə qarşı vuruşurdu. Ata və oğulun birlikdə döyüşməsi nadir rast gəlinən, qürurverici bir hadisə idi.
Goranboy könüllülər batalyonunda xidmət edən bizlər, o cümlədən mən özüm də Tofiqin komandanlığı altında Todanın qəhrəmanlıqla müdafiə olunması xəbərlərini eşitdikcə böyük fəxarət hissi keçirirdik.
Hər bir hadisənin başlanğıcı olduğu kimi sonu da olur. Vaxt yetişdi, atəşkəs elan edildi. Torpaqlarımızın iyirmi faizi işğal olundu. Ermənilər Cəbrayıl, Laçın, Kəlbəcər, Ağdam kimi böyük əraziləri, hərbi texnika və canlı qüvvəyə malik rayonları işğal etdikləri halda, düşmən mühasirəsində olan kiçik Todan kəndini ələ keçirə bilmədilər. Hərbi və maddi baxımdan imkanı olmayan bir kənd düşmən qarşısında əyilmədi, sınmadı. Bunun səbəbi Todanın qəhrəman oğulları və Tofiq Əmrah kimi hərbi işdən baş çıxaran, qorxmaz, təşkilatçı bir komandirin varlığı idi.
Tofiq Əmrah doğma kəndinin qəhrəmanlıq salnaməsini bir döyüşçü kimi silahla yazdı.
Onun igidliyi və cəsurluğu Todanın gələcək nəsilləri üçün örnək olacaq və hər zaman fəxrlə xatırlanacaq. Bu igidlik rəsmi şəkildə layiqincə qiymətləndirilməsə də, Tofiq Əmrah kəndinin, elinin, obasının yaddaşında unudulmaz bir döyüşçü kimi yaşayacağına əminəm.
Tofiqlə həyat yollarımızda çoxlu oxşarlıqlar var. Hətta deyərdim ki, döyüşçü dostumun keçdiyi keşməkeşli həyat yolu ilə mənim ömür yolum arasında təəccüblü dərəcədə üst-üstə düşən və kəsişən məqamlar mövcuddur. Müharibə başa çatdıqdan sonra dostum Tofiq də mənim kimi döyüşlərdə gördüklərini qələmə almağa başladı.
Yeddi kitabın müəllifi olan Tofiq Əmrah Todanın silahla yazdığı qəhrəmanlıq tarixini müharibədən sonra publisistik yazılar, hekayələr, povestlər və xatirələr vasitəsilə oxuculara çatdırdı.
*
Şah İsmayıl Xətai bir əlində qılınc, bir əlində qələm bütöv Azərbaycan uğrunda mübarizə aparmışdı. Tofiq müəllim də Sah Ismayıl kimi bir əlində silah, bir əlində qələm Todanın azadlığı uğrunda döyüşdü. Oxucu deyə bilər ki, Şah İsmayılın bütöv Azərbaycan uğrunda mübarizəsini, kiçik bir kənd olan Todanın azadlığı uğrunda Tofiqin silaha sarılması ilə müqayisə etmək məntiqi baxımdan nə dərəcədə düzgün fikirdir?
Əziz oxucu, bu cür düşünməmişdən əvvəl böyük Dağıstan şairi Rəsul Həmzətovun "Mənim Dağıstanım" əsərini xatırlamaq yerinə düşər.
Sovet rejiminin qılıncının dalı-qabağı kəsən bir vaxtda Rəsul Həmzətov yazırdı: "Bütün dünyaya yollar mənim aulumdan başlayır. Mənim aulum mənim Moskvamdır.”
Tofiq üçün də bütün dünyaya yollar Todandan başlayır.
Todan Tofiq üçün bütöv Azərbaycandır. Todan yoxdursa, Azərbaycan da yoxdur. Todan yoxdursa, todanlılar və o cümlədən Tofiq də yoxdur. Todanın müdafiəsində Azərbaycanın ərazi bütövlüyünü görən Tofiq, qəhrəmanlıqla düşmən hücumuna sinə gərərək bir qarış torpaq vermədi. Bu düşüncə, bu amalla yaşayan Tofiq Todanı qoruyub saxladı və bu gün alnıaçıq və başıuca gəzməyə özünü haqlı bilir.
Dostumun silahı haqqında yetərincə danışdıq, indi isə qələmi barədə fikirlərimizi oxucu ilə bölüşək.
*
İndiyə kimi Tofiq Əmrahın yeddi kitabı işıq üzü görüb. Onun yaradıcılığı ilə yaxından tanışam. Həcmcə qısa olan hekayələrinin hər biri məna tutumuna görə oxucu yaddaşında silinməz iz buraxır.
Yazıçı kimi Tofiqin yaradıcılığının əsas mövzusu müharibə və onun insan talelərinə gətirdiyi fəlakətlərin acı reallığıdır.
"Ömür yolu" hekayəsində Əsgər adlı bir döyüşçünün keçdiyi ömür yolunu vərəqləyən yazıçı, oxucuda müharibənin törətdiyi faciələr haqqında ətraflı fikir yarada bilib.
Müharibədə sağlamlığını itirən Əsgərin bir uşaqla olan dialoqunu həyəcansız oxumaq mümkün deyil.
"Əsgər eynəyi sildi, gözünə taxdı. Cəsur soruşdu:
- Əmi, gözünün birini niyə bağlamısan?
- İtirmişəm oğul.
- İtirmisən?
- Hə bala, itirmişəm.
- Harda itirmisən ki?
- Döyüşdə. Şuşa döyüşlərində.
- Bəs sonra axtarmadın?
- Axtardım oğlum, axtardım. Ancaq tapa bilmədim. Heç vaxt da tapmayacağam.
- Niyə tapmayacaqsan, əmi?
- Çünki elə itməyib ki, tapılsın.
- Mən böyüyüb əsgər olanda, axtarıb sənin o itən gözünü tapacağam əmi, mütləq tapacağam..."
- Əmi, Şuşa çox gözəldir, eləmi?
- Əlbəttə. Dedim axı, Şuşa bizlərin görən gözü, döyünən ürəyidir.
- Əmi, bəs ayağının o biri niyə sarıqlıdır?
- Onu da itirmişəm, bala.
- Onu da Şuşada itirmisən?
- Hə oğlum, onu da Şuşada itirdim.
- Onu da tapmadın əmi?
- Yox oğlum, onu da tapmadım.
Cəsur bir az duruxub:
- Əmi, ermənilər bizim düşmənimizdir, eləmi? - deyə soruşdu.
- Əlbəttə oğlum. Onlar türklərin qatı düşmənidir”.
Bu hekayə Tofiq Əmrahın müharibə mövzusunda qələmə aldığı əsərlər arasında daha çox diqqət çəkənlərdəndir. Müharibə, onun fəlakətləri və müharibədən sonra qazilərin qarşılaşdığı çətinliklər məharətlə ümumiləşdirilmişdir.
Müəllif cəsarət və ürək ağrısı ilə qazilərin müəyyən hissəsinin ehtiyac içərisində boğulduqlarını və intihara məcbur olmalarını oxucuya çatdırır. Şuşa uğrunda gedən döyüşlər zamanı gözünün, ayağının birini itirən Əsgər həmkəndlisi Səlimlə söhbət zamanı deyir:
"İndi qalmışam şikəst. Nə işləyə bilirəm, nə gəzə bilirəm. Qalmışam dörd divar arasında. İşləmək, ailəni dolandırmaq lazımdır. Onu da mən bacarmıram. Arvad-uşağın yanında qalmışam xəcalətdə".
Yazıçı, yuxarıda qeyd etdiyimiz cümlələrdə Əsgərin bütün ağrı-acılarını real cizgilərlə oxucuya çatdırır. Oxucu sonra daha ağlasığmaz hadisə ilə qarşılaşır.
Əsgərin Səlimlə olan dialoqundan məlum olur ki, ayda Əsgərə verilən 230 manat təqaüdü indi kəsiblər. Səbəbi də odur ki, Əsgərin gözü və ayağı "sağalıbdı”. Son zamanlarda qazilərə qarşı olan haqsızlığı yazıçı Əsgər obrazında məharətlə ümumiləşdirmişdir.
Hekayənin faciəvi sonluğu təəssüf ki, günümüzün acı həqiqətləri ilə üst-üstə düşür.
Əsgərin oğlu Azərlə olan dialoqu da çox təsirlidir:
- Ata, anam evimizə alınası şeylər var, onları almaq lazımdır ki, günortaya yemək hazırlayım, dedi.
- Oğlum, gedin dükandan nisyə alın, mən də gələcəm.
- Ata, anam gedib, satıcı verməyib. Deyib ki, borcunuz çoxdur. İndiyə kimi pensiya alırdınız, indi onu da almırsınız, nəylə verəcəksiniz?
Bu sözləri eşidən Əsgərin gözləri qaraldı, dünya başına hərləndi. Ayağa qalxmaq istədi, bacarmadı.
Oğlu Azər nə qədər yalvar-yaxar etsə də artıq gec idi. Əsgər əbədiyyətə qovuşmuşdu".
Əsgərin ölümünün günahkarı kimdir? Cəmiyyət. Otuz illik işğal altında olan torpaqların müdafiəsi zamanı sağlamlığını itirən övladlarına cəmiyyət yiyə çıxmadı. Bunun nəticəsidir ki, neçə-neçə qazilə-rimiz intihar etdi. Hamısı da kasıb, bir qarın çörəyə möhtac oğullar, ailə yanında xəcalətdən qurtarmaq üçün çıxış yolunu intiharda gördülər.
Tofiq Əmrah canlı şahidi olduğu hadisələri, xüsusən də müharibənin insanlara gətirdiyi fəlakətləri axıcı bir süjet xətti ətrafında ümumiləşdirmişdir.
"Satqın" hekayəsində nəyinsə xatirəsi üçün düşmənə işləyənin ifşa edilməsi, hekayəsinin süjet xəttini təşkil edir. Komandir satqınlıq edəni iş başında yaxalamaq məqsədi ilə plan qurur. Şəxsi heyətlə qurduğu planı müzakirə edir.
Gecə, satqın rahatlıqla tələyə düşür. Geriyə yol olmadığını görən satqın, bağışlanması üçün nə qədər yalvarıb-yaxarsa da xeyri olmur. Komandir göstəriş verir ki, yağlı boya ilə alçağın alnına və sifətinə "satqın" yazın.
"Qoyun övladları da bilsin ki, kimdi onların atası".
Vətəni satan heç vaxt bağışlanmır, fikri ilə komandir qətiyyətlə deyir:
- Yox, səni bağışlamaq olarmı heç.
Satqının bir cəzası var, o da ölüm. Cəzanın ağırlığına baxmayaraq nə qədər müharibə varsa, satqın da olacaq.
Bu, qanunauyğunluqdur.
"Yaralı sevgi" hekayəsində yazıçı nadanlıqla insanlığı, pulun insanlığı arxa plana keçirməsini Qis-mətlə Mehri arasında yaranmış məhəbbətin nümunə-sində təqdim edir. Avtomobil qəzası nəticəsində ağır yaralanan Qismətin vəziyyəti ürək asan deyil.
Xəstənin ətrafında olan həkim və tibb bacısı həyəcan içərisində Qismətin narkozdan ayılmasını gözləyirlər. Xəstə özünə gələn kimi "Mehri" deyib, yenidən gözünü yumur.
Bir-birinin üzünə baxan həkim və tibb bacıları "Maraqlıdır, xəstə ata-anasının adını yox, Mehrinin adını çəkir. Kimdir bu Mehri?" sualı ətrafında düşündükləri məqamda Zəhra elə bil yuxudan ayılır və təcrübə keçməyə gəlmiş Mehrini xatırlayır.
Həkim Mehrini çağırtdırıb, xəstənin nəbzini tutmasını tapşırır. Özünü itirən Mehriyə həkim:
- Mehri, tez ol, xəstənin nəbzini tut, - deyir.
- Kim, Mehri dediniz?
Xəstə zorla eşidiləcək səslə bu sözləri deyə bilir.
- Biçarə Mehri, sənin qəlbini yaraladım, sənin sevgini yaraladım, sənin eşqini yaraladım. Məni bağışla əzizim, məni bağışla!"
Xəstənin durumuna dözə bilməyən Mehri, göz yaşları içərisində palatı tərk edir.
Xəstənin yanına gələn ana və ata ilə söhbət zamanı, Zəhra həkimlə söhbət zamanı Qismətin anasının iç üzü açılır. Mehri adını eşidən ana daha da havalanır. Mehri kimdir, bizim ailənin tayı deyil və daş atıb başını tutur.
Ananı oğlunun taleyi düşündürmür, o, gələcək gəlninin arxalı, pullu, sayılıb-seçilən ailənin qızı olması arzusundadır.
Həyata pulun gözü ilə baxan ana, təmiz, ülvi məhəbbəti dəyərləndirməkdən çox uzaqdır. Çünki bu qadına təmiz sevgi hissi yaddır. Hər şeyi pulun həll etmək qüdrətinə inanan qadın, oğlunu müalicə üçün xaricə aparmaq fikrindədir. Lakin həkimin "Xəstəni tərpətmək olmaz. Aparmaq istəsəniz dilinizdən kağız verin, sonra aparın", - deməsi qarşısında qadın, oğlunun vəziyyətinin ağır olduğunu gec də olsa, başa düşür.
Bu zaman Mehridən həkimə zəng gəlir və deyir:
- Yox Zəhra xanım, inciməyin, mən başqa xəstəxanaya keçdim. Orada mənim taleyim qırıldı, puç oldu. Hələ də özümdə deyiləm... Mənim ilk sevgim, ilk məhəbbətim yaralandı. Çətin ki, çat ver-miş o sevgi bir də qaysaq bağlasın. İnanmıram, inanmıram...
Müəllif hekayənin sonunu reallığa söykənərək tamamlayır. Belə ki, çoxlarının həyatında baş vermiş ilk məhəbbətin yarası ömrü boyu sağalmır və unudulmur, Mehri kimi. Reallıq budur.
Kitabda maraqlı hekayələrdən biri də "Görüş" hekayəsidir. Hekayənin maraqlı və yaddaqalan olmasının əsas səbəbi yaşanmış hadisənin reallığıdır. Fikrimizcə hekayənin qəhrəmanı Kamilin prototipi müəllifin özüdür.
Çoxlarının həyatında baş vermiş, gənclikdə ilk məhəbbətə çox təəssüf ki, qovuşmaq çoxlarının taleyinə yazılmır. O cümlədən belə bir tale yazıçı Kamilin bəxtinə yazılır.
Arada neçə on illiklər keçib. Ömrünün ixtiyar çağında Kamil qəzinmək üçün Xan bağına yollanır.
Xatirələri öz qoynuna aldığı Kamilin, vaxtilə bu bağda imtahana hazırlaşdığı günlər gözü önünə gəlir. Baharın bu gözəl çağında hardansa burnuna gələn xoş ətiri tanımaq üçün ağacları nəzərdən keçirən Kamil, Alacəhrə adı ilə tanınan ağaca yaxınlaşır. Ağacın xırda, sarı çiçəklərindən gələn xoş ətir, istər-istəməz keçmiş günləri xatırladır Kamilə. Bu zaman bir qadının, yanında qız uşağı ilə keçməsi Kamilin mamırlamış xatirələrini oyatmaqla, içində şübhə oyadır. "Yox, odur. Gözlər həmin gözlər, xal da həmin xal. Eh, insandır də, bir-birinə oxşayır. O olsa tanıyardı", - fikrinin havasızlığında boğulduğu bir vaxtda, uşağın oynayaraq onun yaxınlığına gəlməsini görən Kamil, uşaqdan telefonla onun şəklini çəkməsini xahiş edir.
Bu zaman qızla aralarında baş verən dialoq zamanı qadının Sevil olmasına şübhəsi qalmır. Bir təsadüf nəticəsində ömrü boyu unuda bilmədiyi Sevilin qarşısında "Məni məcburən başqasına vermək istəyirlər” maktubuna, "Mustuluğuna nə verim? Verirlər get də" sözləri Kamilin qəlbindən bir sızıltı kimi keçir. Hələ də indiyə kimi özlüyündə nə üçün belə cavab yazdığını aydınlaşdıra bilməyən Kamil, bu səhvi ucbatından özü də bilmədən onu sevən bir qızın ilk məhəbbətinin üstündən xətt çəkir. Bununla da həm özünə, həm də onu sevən qıza bir ömürlük əzab "bağışlayır".
"Qocaların qocalar evi" və "Oğluma məktub" hekayələrində cəmiyyətdə ata-oğul arasında getdikcə aşınmaya məruz qalmış milli dəyərlərin ağrısını qələmə alan yazıçı, övlad nankorluğunu ürək ağrısı ilə oxucunun diqqətinə çəkir.
Kitablarda uşaqlar üçün hekayələrlə yanaşı xatirələrə də yer verilmişdi. Nağıl və rəvayətlərdən iqtibas edilmiş "Tülkü və Alabaş", "Maralın qurbağa sevgisi" və s. hekayələr ibrətamizliyi ilə fərqlənir.
Tofiq Əmrahın kitabda "Sahibini gözləyən məzar" adlı povesti, ailələrdə sonsuzluq və onun bir çox insan həyatında ürək ağrıdan nəticələrinə həsr olunub.
Bənövşə və Aqil obrazları vasitəsi ilə müəllif öz baxış bucağından yanaşaraq, kövrək hisslər üstün-də köklənmiş bir əsər ərsəyə gətirmişdir.
Müəllifin dilinin sadəliyi və rəvan olması diqqətəlayiqdir.
Bu yazı ilə Tofiq Əmrahın həm yaradıcılığına, həm də Vətənin müdafiəsinə həsr olunmuş ömür yoluna kiçik fraqmentlər vasitəsilə işıq salmağa çalışdıq.. Buna nə dərəcədə nail olduğumuzu isə ən doğru şəkildə oxucu dəyərləndirəcək.
Əziz dostum Tofiq, sənə uzun ömür, möhkəm can sağlığı və yeni yaradıcılıq uğurları arzulayıram.
İmam CƏMİLLİ,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Müharibə veteranı.
15.12.2025