
“Qayğı və Himayə” Xeyriyyə Fondu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il kiçik qrant müsabiqəsi” çərçivəsində maliyyə dəstəyi verdiyi “Yeni nəslin kreativ baxışları” layihəsinin icrasına başlayıb. 2 ay müddətində həyata keçiriləcək ədəbi-kreativ layihə haqqında fondun rəhbəri Gülayə Rzayeva geniş açıqlama verib. G.Rzayevanın bildirdiyinə görə, reallaşdırılacaq ikiaylıq layihə 1 iyun – 31 iyul 2025-ci il tarixlərini əhatə edəcək və məhsuldar fəaliyyət planı ilə fərqlənəcək.
Layihə rəhbəri vurğulayıb ki, çağdaş dövrdə yeni nəsil fərqliliyə – modernliyə üstünlük verir. İllər Zəfər sevinc bizdən araladıqca, gənc nəsilin vətəndaş kimi formalaşmasında Qarabağda şəhidlər hesabına qazanılan Qələbə və antiterror əməliyyatında hərbiçilərimizin möhtəşəm uğurlarını müasir Azərbaycanımızın inkişafına yönəltməklə, ideoloji cəhətdən yeni nəsil üçün fərqli trendlərlə vətənsevərlik duyğularını canlandırmaq layihənin əsas fəaliyyət istiqamətlərindəndir.
Layihə çərçivəsində gənc kreativ – yaradıcı nəslin imkanları səfərbər olunaraq, ölkəmizin müxtəlif bölgəsindəki şəhid ailə üzvləri və müharibə veteranlarının həyat hekayəsi ədəbi formalarda, ənənəvi kitab, onun elektron variantı, eləcə də İnternet Tv verilişlər vasitəsilə cəmiyyətə, xüsusən də gənclər yüksək vətənpərvərlik dəyərləri aşılanacaq. İctimai-humanitar fikrimizdə yeni trendlər, vətəni sevmək, darda ikən Azərbaycan üçün canından keçmək, dünyanın harasından yaşamasından asılı olmayaraq, özünü vətənsevər sayıb, ölkəmizin, xalqımızın inkişafına, Qarabağın dirçəlməsinə yardımçı olacaq yeni nəslin mənəvi-əxlaqi, intellektual-kreativ yetişməsinə, gənc nəslin mənəvi cəhətdən yetkinləşməsinə çalışılacaq.
Layihə icraçıları vətənpərvərlik sahəsində yeni trendlər ortaya qoymaqla gənclər ilə şəhid ailə üzvləri və veteranlar arasında doğma ünsiyyəti yaratmaqla, ortaya şıxacaq mənəvi-sosial soyuqluqları aradan qaldırılmasına çalışacaqlarını düşünürlər. Qarabağa qayıdış prosesinə dəstək veriləcək, hələ də o yerləri görməyənlərə dayaq durulacaq. Vətənpərvərlik mövzusunda fərqli nəşrlər – kağız toplu, onun elektron variantı çapa hazırlanacaq, TV verilişlər hazırlanacaq təqdimat mərasimləri vasitəsilə yeni nəsil oxuculara müsbət dəyərlər açılanacaq.
Əsas fəaliyyətlər paytaxt Bakıda həyata keçirilsə də kitab üçün materiallar toplamaq, ailələrlə görüşmək üçün bölgələrə səfərlər təşkil olunacaq, eləcə də İnternet və sosial şəbəkələr vasitəsi ilə respublika ərazisində və soydaşlarımız yaşayan məkanlara təsir etilməsi nəzərdə tutulur. Milli-mənəvi və ideoloji işlərin mərkəzi paytaxrt olduğuna görə əsas fəaliyyət buradan qurulacaq. İnternetüstü fəaliyyətlər isə az məsrəflərlə ölkəni və dünyada yaşayan 55-60 milyonluq soydaşlarımızın yaşadığı məkanları əhatə etmək mümkündur. Eyni zamanda kitab üçün materiallar hazırlanan zamanı qəhrəmanların yaşadığı bölgələrə baş çəkiləcək, qəhrəmanların yaşadığı yerlər, oxuduğu məktəblər, basdırıldığı torpaqlar ziyarət ediləcəkdir ki, bu da layihənin real tədbirlər silsiləsini təşkil edəcəkdir.
Gənc nəslin qəbul etdiyi modern, vizual-virtual məhsullar və tez yaddaqalan ədəbi nümunələrin, vizual-virtual formatlı məhsullar ortaya qoymağı nəzərdə tutan layihə sadalanan məsələlərin ictimailəşdirilmək məqsədi güdür. Fəaliyyətlər zamanı ənənəvi – ədəbiyyat və yeni vizual formaları özündə birləşdirməklə yeni nəsil nümayəndələrini – məktəbliləri, yeniyetmələri, tələbələr, eləcə də diaspor gəncləri arasında hərbi-vətənpərvərliyi gücləndirmək, yeni texnoloji-estetik alətlərdən yararlanmaq nəzərdə tutulur.
“Qayğı və Himayə” Xeyriyyə Fondunun Media bölümü