Ruhun şad olsun Bəhmən Vətənoğlu
16 iyun 1993-cü il- Atam Nəriman Ələkbər oğlu Kəlbəcərsizlik DƏRDindən qəfil getdi əlimizdən və elimizdən
ATAsızlıq ağrılarını necə də sızıltılı demisən vaxtında. Atasızlar üçün bu, bir ürək ağrısıdır, göz yaşıdır...
…Kəlbəcərsiz günlərimiz başlamışdı. Aranda qohum evində gecələyirdik. Atamın heç nə yadına düşmür, o zülmət gecədən «salamat çıxmış» balalarına şükür edirdi.
İllər boyu əl qabarıyla düzəltdiyi ev-eşik sanki yağıya qalmamışdı. Üzdə özünü şax tutan atam içindən qırılır, üzülür, bizə təsəlli verirdi.
İki günlük «qonaqlığımız» ikiillik ömrümüzü, (atamın ömrünü isə əbədi) aldı əlimizdən. «Kişi başqasının qoltuğuna sığınmaz, məni niyə gətirdiniz?!» - deyirdi. Kişi kimi ömür sürənlərimizin hamısı da belə düşünürdü…
Apreldən iyunacan dözə bildi atam. Buna dözmək yox, günlərini saymaq deyərdim. Atalı günlərimdə atasızların dərdini çəkərdim, indi atasızlıq dərdini yüklədiyim qəmli könlümü ovundurmağa bir atalı axtarıram. 1993-cü il iyunun 16-da dünyasını qəfildən dəyişən atamın Göygöl rayonunun Aşıqlı kənd məzarıstanındakı qərib qəbri indi ürəyimdə mənə doğma yurd, ata ocağıdır.
Tez-tez görüşünə gedə bilmədiyim atam «yuxularımda» ilk kitaba görə məni təbrik edib. «Dağlarin sinə daği» kitabının işıq üzü görməsi arzusu çin olsa da o, bunu görmədi. Amma ruhu bildi, duydu və «neynim, bala, öz evimiz, öz həyətimiz, dam-daşımız olsaydı, ilk kitabının qurbanını kəsərdim», - dedi və küskün baxışlarla məndən uzaqlaşdı.
Çağırdım, səsimə özüm oyandım, atam yuxumda qaldı.
Son qəmimiz olmur ki. Bu da bir adət-ənənədir, yalnız millətimizə xasdır! Unutmaq olmaz. Mən məsafəcən uzaq olduğum üçün ata-anamın və digər doğmaların məzarını ziyarət edə bilmədiyimdən onların ruhları qarşısında baş əyirəm.
1993-cü ildə Kəlbəcərdən perik düşən atam Nəriman bir aydan sonra infarktla dünyasını dəyişdi. Bilmədi ki, illərdir kəlbəcərsizik...
2013-cü ilin mayında atam Nəriman Ələkbər oğlu ilə şairə anam Güllər Məmmədqızının Göygöl rayonunun Aşıqlı kənd qəbristanlığındakı məzarları yanında, başdaşlarına üzümü tutub demişdim:
Sizsiz bahar, bizə nə də yazdı ki,
Sızlayan ürəyin başıdır, ata!
Fikir-xəyal bu bahar da azdı ki,
Düşündüm ömrümün qışıdır, ata!
Kəlbəcərsiz ömür sürdük, uzatdıq,
El qaçan yolları dizin-dizin qısaltdıq.
Dolan gözlərimizi yazda boşaltdıq,
Tərtər kəlbəcərlilərin yaşıdır, ata!
Dözümündə sən dağ idin, qayaydın,
Anam, həsrətimi yenə duyaydın!
Fələk, Kəlbəcərdə bizə qıyaydın,
Demə Məhəmmədin naşıdır, ata!
Qardaşım İbrahim də bundan sonra atamın ruhuna bir şeir həsr eləmişdi.
Otuz ildi qan ağladı,
Sənsiz keçən günüm, ata!
Tənha çəkdim, elə qalxdı,
Yerdən-göyə ünüm, ata,
Ay imanım-dinim ata!
Qara gəlmiş "qara günlər",
Dərd əlindən sızlar, inlər.
Sinəmdədi dağ-düyünlər,
Fəna olmuş sinim, ata,
Ay imanım-dinim ata!
30 ildir gecə-gündüz,
Aşıb-daşır dərd-sərimiz.
Viran qalıb yurd yerimiz,
Çətin düşə yönüm, ata
Ay imanım-dinim ata!
Bircə anlıq gəl yuxuma,
Baxma dərdin az-çoxuna.
Yazıq-yazıq elə baxma,
Mən başına dönüm, ata,
Ay imanım-dinim ata!
"Qara yazı" yazımızda,
Nə bəd gəlir sonumuz da.
Bir yer elə yanınızda,
Qoy daşına dönüm, ata.
Ay imanım-dinim ata!
İbrahimin çoxdu dərdi,-
Əzəl gündən dərd becərdi.
Bu qürbətdə nələr gördü,
Tutdum sənə yönüm, ata,
Ay imanım-dinim ata!”
Bu gecəni də mən Bakıda, qardaşım İbrahim Gəncədə 2005-ci ildən bu günə qara gələn 3 mayını dirigözlü açdıq, həm də oruc ağızlı, ağzı dualı!
Qardaşıma belə bir cavab məktubu yazdım onun həmin şeirindən sonra: “…İbrahim, canımın ağrıyan yeri, gözümün görən bəbəyi! Sən yalnız qardaş deyilsən! Ürəyimə ən yaxın dost-sirdaşsan! Bu şeirini indi oxudum. Nə yaxşı ki, elə indi oxuyuram, göz yaşlarımla islada-islada!!!
Anamıza Allah rəhmət eləsin! Atamızın yeri behişt deyil! Kəlbəcərsizliyə dözməyən ata-anamızın ruhları qarşısında günahkar-günahkar nəsə yaza bilsək də, onlara borcumuzu ödəyə bilmərik!
Sənin hər misran canıma-qanıma hopur. Mənim bir çiyindaş borcum da qalıb - ürəyinin sızıltılarını toplayıb tərtib etdiyim "Murovda qalan haray" kitabını oxuculara təqdim etməyə, həm də tezliklə, Tanrıdam aman və imkan istəyirəm. Sənin istedadın mənim quru pafoslu adımın kölgəsində qalsa da, dəyərini heç vaxt itirməyəcək. Bu dəfə də ata-ana görüşünə mənsiz getmisən!
Ziyarətin qəbul olsun, ay qardaş,
Sormadılar “Məhəmmədin bəs hanı”?!
Göz yaşınla islandımı qara daş,
Sormadılar “Məhəmmədin bəs hanı”?!
İlmə-ilmə ürəyini didirsən,
Ziyarəti yenə təkcə edirsən.
İlin bütün dörd fəslini gedirsən,
Sormadılar “Məhəmmədin bəs hanı”?!
Dərd daşıyan ürəyinə qurbanam,
Sən o Allah ağlıyırmı, de, anam?!
Bu gün yenə sızıldayan kamanam,
Sormadılar “Məhəmmədin bəs hanı”?!
Susma, nolar, yazdıqların de gəlsin,
Ah-amanın qoy üstümə ələnsin!
Məzar daşı göz yaşıma bələnsin,
Sormadılar “Məhəmmədin bəs hanı”?!
Çoxalıbmı atam kimi yatanlar,
Bizim kimi dərdə-qəmə batanlar?!
Kəlbəcərsiz son mənzilə çatanlar
Sormadılar “Məhəmmədin bəs hanı”?!
Yüz yaşlı ataya nə giley-güzar?!
...Dədə ocağından perik düşdükdən sonra “Dədə ocağı” kitabını yazanda Dədə Şəmşirin Ağdabanda faciələrə yaşayan nəslinin ağrı-acılarından söz açmışdım. Bir gecə dədəm yuxuma girdi. Gileylənmədi, amma eləcə baxışları ilə mənə “özünün dədə ocağını da unutma, oğul, sonra sənə nankor deyərlər”,-deyib “qeyb oldu”.
Yuxudan dik atıldım. Atam məni niyə danlamadı? Axı, ata ocağımızdan yox, Dədə Şəmşir ocağının faciələrindən yazmışdım. Giley olmasa da, qınaq idi. Bundan sonra beş para kəndimizin, o cümlədən də nəslimizin əlçatmaz tarixini vərəqləməyə başladım.
Haqlı idi atam. Elə bu yaşda da ataya ata lazım olurmuş. Ölməz şairimiz Bəhmən Vətənoğlu yazırdı:
Könlüm ata nəsihəti istəyir,
Dillərinə qurban olum, ay dədə.
İstəyirəm səhvim üstə döy məni,
Əllərinə qurban olum, ay dədə…
Murovdağdan gələn haray!
…İş yerindən məzuniyyət alıb Gəncəyə, balaların, doğmaların yanına gəlmişdim. Kəlbəcər iki il idi ki, düşmən əsarətindən azad edilmişdi. Artıq Kəlbəcərə yollar çəkilir, tunellər açılır, bərpa və yenidənqurmaya başlanmışdı.
Jurnalist həmkarlarımdan ikisi - Azərtacla Az.TV-nin əməkdaşı Kəlbəcərdən çəkilişə gedirdilər. Soraqlarını alıb mən də onlarla birlikdə dogma ata yurdunu ziyarət etmək istəyirdim. Sabah tezdən Murovdağın ətəyində, Toğana kəndində görüşməli və birlikdə getməli idik.
Açığı, bunu bir mən bilirdim, bir də onlar. Gecə yuxuda atamı gördüm. Neçə il idi ki, yuxularıma gəlməyən atam mənə elə gəldi ki, Murovdağın zivəsindəydi. Duman-çiskin olduğuna görə heç yan görünmürdü. Amma atamın səsi gəlirdi:
-Ayə, qayıt geri! Qayıt! Gir o qayanın köksünə! Sənə deməmişdim ki, duman Murovdağın başını alanda yuxarı mal-heyvan çıxartma?! Qayıt, sənə deyirəm! Ermənilər Murovdağın başındadır! Qayıt, oğul, qayıt geri, səni vuracaq bu nankor dığalar!..
Yuxudan dik atıldım, atam yuxularımda qaldı…
Kəlbəcərə səfərə də gecikmişdim. Gedənlər getmişdi. Mən yuxudan gec oyanmışdım. Məni o dəhşətli ölümün pəncəsindən atam qurtarmışdı sanki. Yuxuda “başımı qatmasaydı”, oyansaydım, həmkarlarımla gedəcəkdim. Amma, atama agah imiş ki, bu, ağır səfərdir, gedənlər qayıtmaya bilər. Beləcə, atam bu yaşımda da mənə doğru yol göstərdi.
Yalnız atam deyil, çoxları mənə sözgəlişi deyirdi ki, “ anana yamanca bağlısan”. Anamdan daha çox yazdığıma, şeirlərini paylaşdığıma görə belə deyirdilər. Sən demə, atamın da ruhu buna etinasız deyilmiş. Bir gecə yenə də atam yuxularıma gəlmişdi. Dərdləşirdik. Birdən qayıtdı ki:
-Anana yamanca bağlısan haaa. Mən də elə sənin kimi idim, yəqin mənə oxşamısan!
Elə bildim ki, atam məndən incikdir. Fikrinin davamında duydum ki, doğru deyirmiş:
-İncimirəm, vallah, dilinin əzbəridir anan. Ana haqqını unutmursan! Anama bağlı olduğumu mən sənin kimi hiss elədə bilmirdim. Allah sənə bu fitrəti verib - ana südü ilə əlinə qələm, dilinə kəlam verib Yaradan!Ona görə də Anaya bağlılğını gizlədə bilməzsən, oğul! Mən ölməmişəm, sənin yazılarınla ömrüm uzanır…
Atama heç nə deyə bilmədim. Demək, ataya hər vaxt ehtiyacımız olur.
Bu da 2025-cü ilin iyun ayının 16-sı- Atamızı qəribməzar elədiyimiz gün!..
Ötən il may ayının 10-da Kəlbəcərə qardaşım İbrahimlə ilk ziyarətimiz oldu. Bu ziyarətimiz üçün öz kəndimizin yetirməsi olan Hacı Abbasa dərin minnətdarlığımızı həmişə bildirəcəyik. Murovdağdan aşanda İbrahimin düşdüyü haldan qorxdum.
Anlatdım ki, biz ata-ana yurduna, od-ocağı olmayan xarabalığa getsək də, doğmalarımızın ruhu dolaşan məkan müqəddəsdir. Ziyarətə ağlaya-ağlaya getməzlər. Getdik və nə görsək yaxşıdır? Sözlə ifadə edə bilmədiyimiz mənzərə. Necə deyərlər, “lələ köçüb, yurd ağlayır”. Otaqlıdan da əsər-əlamət qalmayıb.
Xaraba yurduna ayaq basanda,
Qabarlı əl izin görük, ay ata!
Heç nə qalmayıbdı bağda-bostanda,
O yorğun dizini gördük, ay ata!
Qabarlı əl izin görük, ay ata!
Ağaclar su dərdi quruyub-gedib,
Dəmir də dözməyib, çürüyüb-gedib.
Anamsa ağlayıb kiriyib-gedib,
Yaş donan gözünü gördük, ay ata!
Qabarlı əl izin görük, ay ata!
Bir uçuq divardı, bir də ki, bizik.
İbrahimlə burda, vallah, kimsəzik.
Ata-ana, həm də dörd qız əvəzik,
Nə ocağın, közün gördük, ay ata!
Qabarlı əl izin görük, ay ata!
Atamızın ötən il, elə bu ay anadan olduğunun 100 illiyi idi. Yüz yaşlı atamızı itirdiyimiz yaşda təsəvvür edirik. Atamızın xarakterini yaza bilmirik. Sərtmi deyək?!
Mülayimlərin də onun kimi, “üzünün döndüyü” anlar olur. Nə danaq: atamızı evimizdə, ailəmizdə anam bizə saydırıb. Anamızın gənclik illərindən şeir yazdğını atam bilməyib. Bilibsə də, onu yazıb-yaratmağa qoymayıb. Bəlkə də bilib, üstünü vurmayıb.
Amma atamızın xasiyyəti əsl kişi xarakterli idi: dediyi kəlməni təkrar eləməzdi. Biz də buna yol verməzdik. Atamızın uşaqlıq illəri çox çətinliklə keçmişdi. Var-dövlətlərini sovetlər əllərindən aldığına görə, müflisləşmiş bir ailəyə çevrilmişdi.
Bunu atamız yox, anamız danışardı bizə. Atamız Sumqayıt şəhərinin bünövrəsini qoyan “Bakı fəhləsi” də olmuşdu. Ailədəki qocaları, nənə-babaları damın altında qoyub, o, Sumqayıtda sona kimi qala bilməyərək geri qayıtmışdı. Bundan sonra sovet hakimiyyəti onu “qolçomaq nəvəsi” kimi “gözümçıxdıya salmışdı”.
Hətta, dogma qohumu (“adını çəkməyə ehtiyac yoxdur, eldən ayıbdır”…) onu müəllimlikdən çıxardıb (öz vəzifəsindən qorxan maymaq), kolxozun qaramalına naxırçılıq eləməyə yollamışdı. Hətta, təhqir eləmək istəyəndə, atamız ona tərs baxışlarla sərt bir şillə də çəkibmiş.
Atam, imkanlı, vəzifəli qohumlarından yarımayan yetim olmuşdu. Ona görə də sadəliyi, səmimiyyəti hər şeydən üstün bilirdi…
…Bu da 100 illik bir ömür sahibinin 70-ində bizdən ayrılalı haqqında qələmə aldığımız ilk yazı. Yox! Yox! Atamız heç vaxt unudulmayıb! Biz iki qardaş atamızın məzarı üstündə “şah sarayı” ucaltmasaq da, onun adını yaşatmaq üçün sədaqətli dosta, etibarlı qardaşa-sirdaşa çevrildik.
Hər ikimizin də qəlbindəki ATA SEVGİSİ əbədiyaşardı!
Kaş, atalar da analar qədər seviləydi! Bu, onların haqqıdır!
Kaş, atalara yaxşı övladlar qismət olaydı ki, yurdunda, evində, ailəsində çırağını yandıra, ocağını sönməyə qoymayaydı!
Biz buna çalışdıq, nə bacardıqsa, bilmirik!
Ata! Sənin 100 illiyin yubiley kimi təmtəraqlı, qonaq-qaralı keçirilməsə də, qəlbimizdə heykəlləşmisən və hər gün, hər saat bizə haqqın yolunu göstərirsən!
Dədə, sən 100 yaşlı müdrik ağsaqqal kimi elə bizə həmişə yol göstərəcəksən!
Dədə! 100 yaşın mübarək!
Dədə, gözlərin aydın, Kəlbəcərin azaddır!
Biz xaraba qalmış yurd yerimizi addım-addım dolaşdıq və hər qarışda sənin qabarlı əl izlərini gördük! Biz elə o xaraba ocağında görüşdük! Sənin ruhun dolaşan o xarabalıq vallah cənnət-məkan idi, elə sənin özün kimi…
Yeriniz behişt olsun, ay DƏDƏ! Anamla, balan Pəri ilə ağrı-acılarınızı da götürüb getdiniz. Getdiniz ki, geridə qalanların gözünü yaşlı, ömürlərini qarlı-şaxtalı qışlı edəsiz?!
Görəsən, ATAlılar bu ağrılarımızı anlayacaqlarmı?!
ATA evin qibləsi, ana isə Məkkəsidir,-deyib ATAlar!
Sizi heç vaxt unutmayan oğlanların:
Məhəmməd Nərimanoglu, İbrahim Səfərlər
zekainfo.az