
Zekainfo.az saytının verdiyi xəbərə görə AMEA
Folklor İnstitutunun təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd
Füzulinin anadan olmasının 530 illiyi münasibətilə keçirilmiş “Məhəmməd Füzuli
və Şərq folkloru” mövzusunda respublika elmi konfransının materialları kitab şəklində
nəşr olunub.
Kitabda respublikanın müxtəlif elm və təhsil müəssisələrindən
olan alim və tədqiqatçıların, eləcə də Özbəkistanın Urgənc Dövlət Universiteti
və Nəvai Dövlət Pedaqoji İnstitutundan olan alimlərin Məhəmməd Füzulinin zəngin
bədii yaradıcılığında folklor qaynaqlarının, milli-mənəvi dəyərlərin
araşdırılmasını əhatə edən məqalələri toplanıb.
Məqalələrdə Azərbaycan ədəbi-bədii fikrinin
inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına,
bütövlükdə dünya ədəbiyyatına töhfələr verən, anadilli poeziyamızın mükəmməl
nümunələrini yaradan və Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni
zirvəyə yüksəldən Məhəmməd Füzulinin yaradıcılığı Şərq mədəniyyəti, türk
milli-mədəni dəyərlər sistemi və folklorla müqayisəli şəkildə təhlil olunub.
“Elm və təhsil” nəşriyyatında işıq üzü görən 472 səhifəlik
kitabın elmi redaktoru akademik Muxtar Kazımoğlu-İmanov, tərtibçiləri isə
filologiya elmləri doktoru, dosent Leyla Məmmədova və filologiya üzrə fəlsəfə
doktoru, dosent Gülnar Osmanovadır.
Habil Sönməz/Zekainfo.az