Folklor İnstitutunun dosenti beynəlxalq elmi konfransda məruzə edib

Folklor İnstitutunun dosenti beynəlxalq elmi konfransda məruzə edib
Təhsil 13 İyun 2025 - 17:37


 

 

 

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Ankara Hacı Bayram Vəli Universiteti tərəfindən irəli sürülən layihə əsasında türkdilli dövlətlərdə mənəvi birliyi möhkəmlətmək məqsədilə “Türk dünyası və Piri Türküstan: Yəsəvi yolu və irsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

 

Konfransda AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimova “Türk dünyasında müqəddəs yerlər – Al Dədə ocaqları və onların sosial funksiyaları” mövzusunda məruzə edib. Məruzədə bildirilib ki, köçəri həyat tərzi keçirən türk qövmləri milli-mənəvi sərvətimiz olan folklor nümunələrini, adətləri daha çox yaşada bilir. Bu nisbi “təmizliyi” xalqın köçəri həyat tərzi ilə, qonşu mədəniyyətlərdən izolə edilmiş şəraitlə də izah etmək olar. Köçəriliklə əlaqədər daşınan inamlardan Aladağ yörüklərində, Ağrı xalq inamlarında və Tovuz elatında yaşayan Al Dədə ocağı ilə bağlı yaranan əfsanə və rəvayətlərin rəngarəngliyi diqqət çəkir.

 

“Yerləşdiyi məkanlardan asılı olmayaraq, pir və ocaqların ziyarət edilməsi səbəblərini birləşdirən ümumi cəhət onların daha çox müalicəvi xüsusiyyətə malik olması, xəstəliklərin sağalması, sonsuz qadınların niyyətlərinin gerçəkləşməsinə olan inam və qoruyucu ruhdur. Burada ən başlıca funksiya insanlar arasında sevgini, hörməti, qayğını və yardımlaşmanı möhkəmlətməkdən ibarətdir”, – deyə A.İbrahimova vurğulayıb.

 

reklamlar

Digər xəbərlər