
Zekainfo.az saytının verdiyi xəbərə görə AMEA Folklor İnstitutunun Türk
xalqları folkloru şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru
Qumru Şəhriyarın “Türk xalqlarının dastan yaradıcılığında Edigey” adlı
monoqrafiyası işıq üzü görüb.
Monoqrafiyada Qızıl Orda dövrünün möhtəşəm abidələrindən olan “Edigey”
dastanının variantları və tipologiyası, dastanın dünya və xüsusilə də türk
(yayılma coğrafiyasına əsaslanaraq qıpçaq, qismən də karluq və oğuz) epos
sistemindəki yeri öyrənilir. Monoqrafiyada qeyd olunur ki, “Edigey” dastanı daşıdığı
humanist ideyalar, ümumbəşəri dəyərlər, bədii məzmun və forma gözəlliyi ilə
dünya dastançılıq ənənəsinin ən möhtəşəm eposları sırasında duran mədəniyyət
abidəsidir.
Orta əsrlərdə Orta Asiya və Şərqi Qafqaz türk epik ənənəsinin məhsulu olan
“Edigey” dastanı Azərbaycan dastanları ilə genetik kodlar, arxetipik formullar
baxımından sıx şəkildə bağlıdır. Bu cəhətdən dastanın Azərbaycan
folklorşünaslığının tədqiq obyektinə çevrilməsi, eyni zamanda Azərbaycan
dastanlarının strukturunun bir çox məsələlərinə, xüsusilə süjet və motivlərinə
yeni baxış və müqayisə bucağı vermiş olur.
Kitabda vurğulanır ki, Azərbaycanda indiyə qədər bu dastanın
araşdırılmaması, ümumiyyətlə, tanınmaması sovet dövründə türk qəhrəmanlıq
dastanlarına qarşı yönəldilmiş ideoloji səbəblərdən irəli gəlir. Amma bütün
qadağalara baxmayaraq, “Edigey” dastanı dəfələrlə noqay, rus, tatar, qazax,
başqırd dillərində yayınlanıb və tədqiqata cəlb olunub.
Dastanının türk xalqları arasında 80-dən çox variantı mövcuddur, lakin
onların hamısı bu günə qədər geniş tədqiqata cəlb olunmayıb. “Türk xalqlarının
dastan yaradıcılığında Edigey” adlı monoqrafiyaya isə dastanın 55 variantı cəlb
edilib. Qeyd edək ki, edigeyşünaslıqda bu qədər variantın bir tədqiqat işində
cəmlənməsi ilk hadisədir.
V.Jirmunski, A.Samoyloviç, P.Melioranski, V.Radlov, S.Minkina, Ç.Vəlixanov
və başqa bu kimi alimlərin araşdırmalarına istinad edilməklə “Edigey”
dastanının süjetinin türk epik düşüncəsindəki çoxəsrlik inkişaf mərhələlərinin
açılması bütün tədqiqat boyu ardıcıl şəkildə izlənilir.
Bu günə qədər Azərbaycan folklorşünaslığında “Edigey” dastanının epik
təfəkkürdən eposa doğru inkişafı tədqiqat obyekti olmamışdır. Bir çox türk
xalqlarının folklorunda özünəməxsus yerlərdən birini tutan “Edigey” dastanına
həsr olunmuş bu monoqrafiya nəzəri-metodoloji bazası etibarilə “Edigey”
dastanının variantları və tipologiyası probleminə yeni elmi-nəzəri baxışdır.
Problemin dünya türkologiyasında qoyuluşu aktual olduğu qədər, Azərbaycan
folklorşünaslığında öyrənilməsi də eyni dərəcədə əhəmiyyətlidir. Bu əsər
Azərbaycanda “Edigey” dastanına həsr edilmiş ilk monoqrafik tədqiqatdır.
Monoqrafiyanın “Tarix yazan dastan – “Edigey” adlı giriş sözündə müəllif
dastan haqqında ətraflı məlumat verib. “Edigey” dastanının variantları” adlanan
birinci fəsildə variantların toplanması və nəşrindən, dastanın epik
coğrafiyasından bəhs edilib. Bundan başqa “Edigey” dastanı “Qırx batır” adlanan
böyük bir silsilənin əsas zəncirvari həlqəsini təşkil edir ki, monoqrafiyada
bir yarımbaşlıqda da məhz bu məsələdən söz açılır. İkinci fəsil “Edigey”
dastanının variantlarında süjet və personajlara həsr olunub. Burada dastanın
variantlarının tipologiyası, epik qəhrəmanın doğuluşu, köməkçi personajlar,
dini və mifoloji motivlər öyrənilib. Bütün dövrlər üçün xarakterik olan
nəsillərarası münaqişə – ata-oğul qarşıdurması da bu dastanın leytmotivini
təşkil edir. Üçüncü fəsildə “Edigey” dastanının variantlarının poetik
xüsusiyyətləri tədqiqata cəlb olunub. Burada dastan
variantlarının poetik forması, şeirlərin strukturu və epik formullar
araşdırılıb.
AMEA Folklor
İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunan monoqrafiyanın elmi redaktoru
filologiya elmləri doktoru, professor Seyfəddin Rzayev, rəyçi isə filologiya
üzrə fəlsəfə doktoru Elnarə Əmirlidir. Monoqrafiya “Elm və təhsil”
nəşriyyatında işıq üzü görüb.
Habil Sönməz/Zekainfo.az