QURBAN BAYRAMI – Sevginin, paylaşmanın və itaətin müqəddəs anları

QURBAN BAYRAMI – Sevginin, paylaşmanın və itaətin müqəddəs anları
Gündəm 10 İyun 2025 - 12:00


 

 

Müsəlman ölkələrində müqəddəs “Qurban” bayramı keçirildi. Bu bayram təkcə dini mərasim deyil, həm də Allah-Təalaya itaətin, insanlara mərhəmətin, ailəyə və topluma sevginin rəmzidir. Qurban – sadəcə bir heyvanın kəsilməsi deyil, bu, mənəvi bir təmizlənmə, Allaha yaxınlaşma, niyyətlərin saflaşması və qəlblərin nurla dolmasıdır.

Qurban bayramının əsasında böyük bir sınaq dayanır – Hz. İbrahim peyğəmbərin Allah-Təalaya olan sonsuz itaəti, Hz. İsmayılın isə bu itaətə razı və təslim olması. Allahın rizası üçün edilən bu fədakarlıq, əsrlər boyu bəşəriyyət üçün fədakarlığın və təslimiyyətin simvoluna çevrilmişdir. Bu gün biz də bu əziz bayramda öz qurbanlarımızı Allaha yaxınlaşmaq, niyyətlərimizi saflaşdırmaq, ehtiyacı olanla paylaşmaq üçün kəsirik. 

 

Qurban — tənhaya bir əl, darda qalan qəlbə bir nəfəs, süfrəsində ət görməyən evə bir nemətdir. Bu bayram paylaşmaqdır, birlik və bərabərlikdir. Qurban bayramı bizlərə həm də xatırladır ki, Allahın bizdən istədiyi qurban, təkcə heyvan deyil — nifrətimizi, təkəbbürümüzü, kinimizi qurban verib yerinə sevgi və mərhəmət qoymağıdır.

 

Bu nurlu bayram münasibətilə bütün Facebook dostlarımı, əziz ailə üzvlərimi və doğmalarımı Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Qoy kəsilən hər bir qurban – xalqımız üçün bolluğa, ailələrimiz üçün ruziyə, qəlblərimiz üçün aram və xeyirə çevrilsin.

 

Qoy bu mübarək bayram hər evə sevinc, süfrələrə bərəkət, könüllərə sülh və ümid gətirsin.

Dualarınız qəbul, qurbanlarınız məqbul, niyyətləriniz xeyirli olsun!

Bayramınız mübarək, əziz dostlar!

 

Uca Allah qurbanlarımızı, dualarımızı və niyyətlərimizi qəbul etsin. Amin.

 

 

Sakit Malikov/Zekainfo.az 

reklamlar

Digər xəbərlər