
Zati-aliləri, Möhtərəm Prezident,
Cənab Ali Baş Komandan İlham Əliyev!
Sizə bu video vasitəsilə bir Azərbaycan vətəndaşı, bir qazi qardaşı və peşəkar həkim kimi, çarəsiz və çıxılmaz vəziyyətdə son ümidlə müraciət edirəm.
Mən, Mehtiyev Röyal Tofiq oğlu— neyrocərrah-həkim olaraq uzun illər ölkəmizin səhiyyə sistemində xidmət etmişəm və hal hazırda da edirəm. Ümummilli Liderimiz Heydər Əliyevin zamanında tələbələr üçün başlattığı xaricdə təhsil strategiyası nəticəsi olaraq sizin dəstəyinizlə 2006-2017-cı illər Türkiyə Respublikasında Gülhanə Ali Hərbi Tibb Akademiyasında təhsil almışam. Bir müddət Azərbaycan Silahlı Qüvvələrində, hal-hazırda isə Səhiyyə Nazirliyinin tabeliyində neyrocərrah kimi fəaliyyət göstərirəm.
Qardaşım, Mehtiyev Vüsal Tofiq oğlu,Xarici Dillər universiteti məzunudur. 2020-ci ildə Sizin rəhbərliyinizlə başlanan "Dəmir Yumruq" əməliyyatı zamanı çalıştığı işindĕn imtina edərəkkönüllü şəkildə müharibəyə yazılaraq Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak etmiş, ağır yaralanmış və nəticədə 2-ci qrup əlil olmuşdur. Onun döyüş yolu, iştirak faktları və əlilliyi rəsmi sənədlərlə təsdiqlənmiş, sizin və dövlətimizin qayğısı ilə ona sosial müavinət və mənzil verilmiş, Sizin Sərəncamınızla "Laçının azad olunmasına görə" medalı ilə təltif olunmuşdur.
Lakin, təəssüf ki, bəzi keçmiş döyüş yoldaşlarının əsassız və böhtan xarakterli şikayətləri əsasında guya döyüşdə iştirakı yetərli olmadığı üçün qazilik statusuna və sosial təminatlara layiq olmadığı iddia olunmuşdur. Bu əsassız şikayətlər nəticəsində Hərbi Prokurorluq tərəfindən qardaşıma qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin "dələduzluq" maddəsi ilə cinayət işi açılmışdır.
2 ildən artıq davam edən məhkəmə proseslərində — hərbi, inzibati və apelyasiya məhkəmələrində — dəfələrlə vəsatətlərlə çıxış etmişik. Təqdim etdiyimiz sübutlara və rəsmi sənədlərə baxmayaraq, obyektiv hüquqi qiymətləndirmə aparılmamış, qardaşımın döyüşdə iştirakı, aldığı xəsarətlər, əlillik statusu,tibbi sənədləri və sizin tərəfindən verilmiş təltiflər sanki heçə sayılmış və proses tək tərəfli davam etmişdir. Dövlət qurumlarına yazılı müraciət etmiş və cavab alabilməmişik.Hal-hazırda iş Ali Məhkəmədə baxılma mərhələsindədir.
Cənab Prezident,
Qardaşım döyüşdə aldığı fiziki və psixoloji travmalarla yanaşı, bu hüquqi ədalətsizliklər səbəbindən ağır depresiya və intihara meyil halları ilə üz-üzədir.Bir necə dəfə psixiyatrik xəstəxanalarda müalicə almış və şəfa tapmamışdır.Tibbi cəhətdən yüzlərlə xəstəyə kömək etmișəm ama qardașımda carəsizəm.Hazırda o, Elektrokonvulsiv terapiya (EKT) tələb
edən psixiatrik müalicəyə ehtiyac duyur. Təəssüf ki, bu müalicə ölkəmizdə mövcud deyil. Lakin məhkumluq statusuna görə qardaşım müalicə məqsədilə xaricə çıxa bilmirəm.Dövlət qurumlarında da əmək qabiliyyətini itirməsi və məhkumluğu səbəbindən həmçinin işə qəbul edilmir.
Əlavə olaraq qeyd etmək istəyirəm ki, anamız bu stress səbəbindən 4 ay öncə ağır sarsıntı keçirmiș və açıq ürək əməliyyatı olmuşdur. Ailəmizin psixoloji və tibbi yükü dözülməz həddə çatmışdır.
Hörmətli Cənab Prezident,
Siz hər zaman şəhid ailələrinin, qazilərin və hər bir azərbaycan vətandaşının yanında olmusunuz. Sizin rəhbərliyinizlə dövlətimiz şəhidlərimizin və qazilərimizin şərəfini, ləyaqətini və hüquqlarını qoruyur. Bizim də yeganə və son ümidimiz Sizsiniz.
Sizdən artıq dərəcədə xahiş edirəm:
Qardaşımın hüquqlarının bərpası, ona qarşı irəli sürülmüş əsassız ittihamların ləğvi, işinin ədalətli və obyektiv araşdırılması və müalicəsi üçün aidiyyəti dövlət qurumlarına göstəriş verəsiniz.
Sizin yüksək ədalət və mərhəmət hissinizə, qazilərə olan xüsusi qayğınıza güvənərək, bu müraciətin cavabsız qalmayacağına ailəliklə inanırıq. Ümid edirik ki, son ümid işığımız sönməyəcək.
Əvvəlcədən dərin təşəkkürümüzü bildiririk.
Allah sizi, ailənizi və Azərbaycanımızı qorusun.