
Onunla tanış olduğum anı, günü ömrüm boyu unuda
bilmərəm. İlk görüşdə uzun müddət bir-birimizin gözlərinə baxıb heykələ
dönmüşdük. Qəribə idi. Aralı dayanmışdıq. Sanki bir-birimizə yaxınlaşmağa
qorxur, cəsarət etmirdik. Elə bil, aramızda qalın şüşə divar vardı. Bu, həya
divarı, namus divarı idi. İlk məhəbbət hərənin könlünə bir cür gəlir.
Mən özümü yaxşı tanıyıram. Sağlamam, açılmış
bənövşə, saralmış heyva, qızarmış gülöyşə nar kimi dərilməyə hazıram.
Dərilməyimsə bağbandan asılıdır. Bağban özü də bu meyvələrə layiq birisi
olmalıdır. O zaman məhəbbət qarşılıqlı, yüzə-yüz olar. Bəzən deyirlər, qızların
daha öncə sevməyə ixtiyarı yoxdur. Bəlkə də düz deyirlər. Qızlar özləri
başdan-dırnağacan sevgidirlər. Sevgi olan halda hayqırıb kiməsə sevirəm demək
əbəsdir. Qızlar sevilməli, özlərini sevdirməyi bacarmalıdırlar. Yetişmiş
meyvəyə bağban əl uzatmasa, nə mənası... Mənə də Kamal adlı bir bağban əl
uzadıb, dərmək inadında idi. O əsl sevgi adamına bənzəyirdi. Hər dəfə görüşəndə
məndən çox o, qızarır, həyadan yanaqları pörtürdü. Mən də ilk baxışdan
bəyəndiyimdən o gedən cığırla gedir, irəliləyirdim. Bircə gün onu görməyəndə
min dəfə ölüb-dirilirdim. Hiss edirdim ki, o da mənimlə eyni durumdadır. Bunu
mənə ürəyim deyirdi.
Tanışlıq dərinləşir, bir-birimiz haqqında
bilmədiklərimiz get-gedə üzə çıxırdı. Sanki hər ikiimiz bir-birimizi qul
bazarından almışdıq.
Sonralar Kamala qarşı canımda qəribə bir soyuqluq
tüğyan etməyə başladı. Susdum. Ona, sadəcə, baxmaqla kifayətlənməli oldum.
Lakin Kamalla görüşlərimiz uzanır, məndə yaranan soyuqluğa baxmayaraq,
yenə qəribə bir hiss bizi bir-birimizə
bağlayırdı.
Bir gün yenə görüşdük. Kamal mənimlə ailə qurmaq
istədiyini söylədi və fikrimi öyrənməyə çalışdı. Düşünürdüm. Beynimdə tuğyan
edən fikirlər, keçirdiyim hisslər toqquşub, bir-biri ilə vuruşur, sanki məni
ikiləşdirdilər. Özüm özümə mat qalmışdım. Oğlanı bütün varlığımla sevdiyim
halda məndə bu ikinci hiss nədən yarandı? Nələr düşündüyümü Kamalın açıq-aşgar
üzümə oxuması da bir tərəfdən məni qorxudur, varlığımı lərzəyə salırdı. Ürəyim
parçalanırdı. Bu qədər dərin məhəbbətlə sevdyim bir adama qarşı canımda
soyuqluq yaranmasının səbəbini əsla anlaya bilmirdim. Özümdən asılı olmayaraq
görüşə gedirdim. Amma onunla kəlmə kəsməyə nə məqamım, nə də gücüm qalırdı.
Ovsunlanmış ilan kimi torbadan çıxmırdım. Sanki kimsəsiz bir dərədəyəm. Əjdahalar,
nəhəng ilanlar boğazlarını uzadıb məni udmaq istəyirlər. Sevdiyimə, sevgilimə
qarşı biganəlik canımı alırdı. Keçirdiyim əvvəlki günlərə nisbətən get-gedə
daha çox titrəyir, üşüyürdüm. Onun baxışları məni didib-parçalayırdı. Gün
ərzində nə eləmişəm, lent yazısı kimi hamısını üzümə söylənilirdi. Kamalın belə
olması məndə ona qarşı şübhələr oyadırdı.
Düşdüyüm vəziyyətə görə özümə nifrət eləməyə
başladım. Narahat olurdum, yoxsa xəstəliyə tutuldum? Axırda ruhi xəstə olmasam
yaxşıdır. Əvvəllər özünə çəkən qüvvə indi məni geri itələyirdi. Qəti qərara
gəldim ki, daha Kamalla görüşməyim. Bəhanələr gətirərək evdən çıxmırdım. Yuxum
da gəlmirdi. Bəzən gözümə yuxu gedəndə taqətsiz halda uzanırdım. Sanki isti bir
yorğana bürünmüşdüm. İlıq nəfəs alnımda, sifətimdə, sinəmdə, bütün bədənimdə
gəzir, varlığımı, vicudumu ram eləyirdi. Ayılanda kimsənin olmadığını görüb
rahatlanırdım. Görəsən, belə hal bütün sevənlərdə baş verirmi? Yoxsa belə sevgi
axırıma çıxmaq üçünmü mənə rast gəlib?!
Birdən-birə bu cür soyuyub, buza dönməyim Kamala da
ağır gəlirdi. Yazıq mənə evlənməyi təklif elədi. Deməli, o, qərarında qətidi.
Ölçüb-biçib, götür – qoy edib ki, mənə bu təklifi edirdi. Kamal mənim
hərəkətlərimdən bezmir, əksinə etdiyi telefon zəngləri ara vermirdi. Bu zənglər
onu sakitləşdirmir, əksinə, hirsləndirir, coşdururdu. Ürəyi soyumayanda düz
qapıya qədər gəlib çağırır, qapını döyür, bir nəticə hasil eləmədikdə yetim
uşaqlar kimi qapının yanındakı pilləkəndə otururdu. Mən də səsiz-səmirsiz
qapının gözlüyündən ona baxırdım. Bircə onu bilirdim ki, ikimizdən birimizin
xəstəliyə tutulma qorxumuz var. Bu sirr ikimizi də öldürəcəkdi.
Çox yaxın, sirrimi aça biləcəyim bir rəfiqəm vardı.
Zəng edərək onu yanıma çağırdım. Ürəyimi süfrə kimi açıb, qabağına sərdim. Hər
şeydən xəbərdar etdiyim Rima başıma gələnləri öyrənəndə narahatlıq keçirərək
yerindən dik atıldı:
– Ay qız, canından bezmisən, nədi?! Bu gedişlə axır
dəlixanalıq olarsan! Oğlandı, xoşun gəlmir, bir dəfə “əlvida” de, varsın
getsin.
– Yox, Rima, axı, deyə bilmirəm. O mənim varlığımı
əlimdən alıb. Onu unutmaq mənim üçün çətin, onunla olmaq isə ölümdən betərdi.
– İndi özün nə deyirsən? Nə məsləhət edirsən? – deyə,
Rima qaşlarını çatdı.
– Bəxtəvərin qızı, çarə tapsaydım, əlac bilsəydim,
səni niyə çağırırdım?! Düşün, kömək elə, gör məni bu labirintlərdən necə çıxara
bilirsən.
Rima vəziyyətin ciddi olduğunu anladı. Birlikdə çay
içdik. Ordan-burdan danışdıq. Xeyli vaxt keçirdik. Birdən Rima əsas məsələnin
üstə qayıdaraq dedi:
–
Mənə
elə gəlir, yalnız bircə çıxış yolumuz var, gəl səninlə birlikdə baxıcıya gedək.
– Elə bircə baxıcımız çatışmırdı! Mən öz ürəyimlə,
beynimlə bacarmıram. Baxıcı hardan bunun səbəbini biləcək! Yox, mən buna razı
deyiləm. Baxıcıya-maxıcıya da inanmıram! Onların hamısı yalançı və
fırıldaqçılardı. Məqsədləri isə yalnız asan yolla, əziyyət çəkmədən pul
qazanmaqdır.
Rima and içdi, ağı yaladı:
– Ay qız,
mən dediyim baxıcı onlardan deyil. Yanına gedənlər and-aman eləyirlər ki, tayı-bərabəri yoxdur.
Hər bir şeyi tam dəqiqliyinə qədər bilir, açıqlayır. Bircə dəfə üzünə baxan
kimi hər kəsin həyatında baş verənlərin hamısını bütün xırdalıqlarına qədər
bircə-bircə deyir. Puldan qorxursansa, ölməmişəm, pulu mənim boynuma. Özüm həll
edərəm.
Axır ki, Rima məni qaynar qazana salıb bişirdi.
İnandırdı. Mən də razı oldum.
Bir neçə gün keçdi. Kamalın ardı-arası kəsilməyən
zəngləri artıq seyrəlmişdi. Görünür, artıq bezmiş, ümidləri qırılmışdı.
Vədələşdiyimiz vaxda Rima gəlib çıxdı. Əsə-əsə,
qorxu içində onun yanına düşüb, evdən çıxdım.
– Rima, sən ünvanı bilirsənmi? Biz hara gedəcəyik? –
dedim.
– Narahat olma. Cibimdədir. Avtobusla bir saatlıq
yoldur.
Rima nə əmr edirdisə, dinməz-söyləməz tabe olub,
arxasınca gedirdim. Küçələrdə nə nömrə, nə küçənin adı vardı.
Rima ağzını büzüb:
– Bu küçələrə fikir verən yoxdur. Buraları ancaq
burada yaşayanlar bilirlər.
Uzun axtarışdan sonra ünvanı tapa bilmədik. Gördük
bir qoca qarı əlində iki torba gedir. Rima onun qarşısını kəsib:
–
Can
nənə, sən çoxdan buralarda yaşayansan? – deyə soruşdu.
–
A
qızım, gəlin gələndən buralıyam.
–
Bizə
belə bir ünvan lazımdır.
–
Belə
ünvan yoxdur. Siz bircə onu deyin, kimi axtarırsınız?
–
Nənə,
buralarda baxıcı olmalıdır.
– Rəhmətliyin qızı, bayaqdan niyə burcudursan?!
“Mıs-mıs” deyincə “Mustafa” de dayna. Hə, indi bildim, mənim qonşumdu, gedək
göstərim.
Qarı tünd yaşıl rənglə boyadılmış qapının böyründə
dayandı:
– Budur baxıcı burada yaşayır. Girin içəri,
baxtınıza baxdırın, qoy açılsın.
Rima bir az da irəli gedib qapının zəngini basdı.
Qapı açılanda yaşıl çarşablı, orta yaşlı bir qadın göründü.
Rima:
–
Bizə
baxıcı lazımdır, – dedi.
–
Buyurun
içəri keçin, – qadın bizi qabağa buraxdı.
Dar dəhlizdən sonra bir iki alaqaranlıq otaq keçib
işıqlı bir mənzilə gəldik. Çarşablı qadın bizə oturmaq üçün yer göstərdi.
– Bir az gözləyin, çağırım gəlsin. Ətraf xalçalarla
bəzədilmişdi. Pəncərənin yaxınlığında çox da hündür olmayan bir miz vardı.
Sakitlik höküm sürdüyü zaman,
boylu-buxunlu bir adam içəri daxil oldu, mən ona fikir vermədim, çünki
hələ ətrafı seyr edirdim. Otağı gəzən
gözlərim birdən baxıcını gördü. Bu, mənim neçə vaxtdan bəri rahatlığıma qənim
kəsilmiş Kamalım idi. Onu görən kimi özümü itirib, bayıldım. Heç nədən xəbərim
olmadı. Bir də handan-hana gözlərimi açıb özümə gələndə, Rimanın üzümə su
çilədiyini, Kamalınsa narahat halda başımın üstə dayandığını gördüm.Var gücümü
toplayıb Rimaya dedim:
–
Gedək
burdan!
Rima məni sakitləşdirməyə çalışdı:
–
Ay
qız, sənə nə oldu?
–
Səbəbini
sora deyərəm, – dedim.
Kamal
söhbətə qarışıb:
– Samirə, sən niyə belə edirsən? Görüşə gəlmir,
telefona cavab vermirsən. Nə oldu sənə birdən-birə?
– Kamal, baxıcı sən yox, mənəmmiş. Birdən-birə səndən
qorxub, çəkinməyim nahaq deyilmiş. Yadındamı mənə evlilik təklif elədin? Mən
donub qaldım. İndi deyirəm ki, səninlə mənim quracağım ailə uzun çəkməz. Sən
baxıcısan, hər şey sənə əyan olur. Demək, səninlə ailə qursam, hər günüm, hər
saatım, hər saniyəm sənin baxışların altında olacaq. Bu cür necə yaşaya bilərəm
mən?! İnsanlar hansı gün öləcəklərini bilmədən yaşayırlar. Səninlə birgə
yaşasam, hətta mən öləcəyim günü də biləcəyəm. Sənin bu qeyri-adi istedadın
bizi bir-birimizdən həmişəlik ayırdı. Sən əsil baxıcısan. Burada yollarımız
ayrılır. Arzu edirəm ki, həyatını, taleyini səninlə bağlamağa cəsarət edə
biləcək həyat yoldaşını tezliklə tapa biləsən. Məni bağışla. Mənim buna
cəsarətim çatmır. Qorxuram. Ömür boyu vahimə, səksəkə içində yaşamaqdan çox
qorxuram. Dözə bilmərəm. Xudahafiz...
Cəmilə ÇİÇƏK
Prezident təqaüdçüsü,
f.ü.f.d., AYB və AJB-nin üzvü /Zekainfo.az