- Komandir,
dayan! Mina!
Müharibə, yoxsa “gizli düşmən”lə açıq savaş?!
Bir ziyalı ailədən
də söz açmaq istəyirdim. Açığı, bu ailə haqqında kəlbəcərlilərimiz də az
bilmir. Ailə üzvləri istedadlılardan ibarətdir: ata da, oğullar da. İlahinin
vergisi hər ailəyə belə qismət olmur. Məsələn, elə ailə tanıyırıq ki, orada boy
atanların birində qabiliyyət, istedad daha güclü olur, digərlərindən fərqli. Təəssüf
ki, hər istedadlı-qabiliyyətli olanlar da həmişə olduqları kimi qəbul edilə
bilmirlər. Bu da, tale məsələsidir.
Elə istedadlı
ailələr var ki, onları cəmiyyət yaxından tanımayıb. İllər sonra, yaxud da həmin
qabiliyyətlilər dünyalarını dəyişdikdən sonra arxasınca hamı heyfsilənir.
Kəlbəcərdə də
belə ailələrimiz az olmayıb. Təəssüf ki, onların da hamısını nə ədəbi, nə də
elmi ictimaiyyətə vaxtilə təqdim etməyiblər. Lakin rayonun işğalından sonra kəlbəcərlilərin
və bu ulu insan məskəninin Azərbaycan üçün nə demək olduğu üzə çıxdı.
Bəli, dağa
uzaqdan baxanda əzəmətliliyi daha yaxşı görünür. Nə qədər ki, doğm yurddaydıq,
o yerlərin sərvətlərindən sayılan kəlbəcərlilərimizin də qədir-qiyməti olduğu
kimi bilinmirdi. Kəlbəcərli gənclərin vətənpərvərlikləri də son illər daha
qabarıq şəkildə üzə çıxdı.
Belə ailələrdən biri də Şadmanovlardır ki, bu yazıda onların
fədakarlığından söz açmaq istədik.
...Təkcə
Şadmanovların deyil, bu ailəni yaxından-uzaqdan tanıyanların hər biri üçün
2023-cü ilin sentyabrı qara gəldi! Kəlbəcər rayonunun Zivel kəndində bir çətən
külfət saxlayıb Vətənə xidmətə verən el ağsaqqalı Yunis müəllim rayonun
işğaldan azad edlməsindən sonra balaları, xüsusən də Bəxtiyarı ilə doğma
yurdunun xarabalıqlarını ziyarət edəndə özü ilə o müqəddəs məkanın torpağından
götürmüşdü ki...
Yunis müəllim
ömrünün elə çağlarını yaşayır ki, gümanı yox idi Murovdağı aşıb, Kəlbəcərini
ziyarət eləsin! Amma Tanrı bu xoşbəxtliyi ona yaşatdı! Xoşbəxt idi ki, Nəsimi, Əkrəm,
Bəxtiyar, Cavanşir kimi oğulları Vətən üçün böyütmüşdü! Nəsimi də, Əkrəm də Azərbaycan
torpaqlarının işğaldan azad edilməsi yolunda ömürlərini, canlarını qurban deməkdən
başqa, həm də neçə-neçə kəlbəcərli gəncin də vətənə xidmət göstərmələrinə vəsilə
olmuşdular!
Hər iki qardaş
- düşmənin cavabını layiqincə verən zabitlər (polkovnik-leytenant) kimi, üzərlərinə
düşən komandir məsuliyyətini yüksək səviyyədə ödəmiş, Azərbaycan Prezidenti,
Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə yüksək təltiflərə
layiq görülmüşlər.
Əkrəm Şadmanov
"N" saylı hərbi hissənin qərargah rəisi idi. 2016-cı ilin Aprel
döyüşlərində, 2020-ci ildəki İkinci Qarabağ savaşlarında və 2023-cü il sentyabrın 19-da keşirilən 23 saatlıq antiterror tədbirlərində
onlar da üzərlərinə düşən vəzifələri layiqincə və artıqlaması ilə yerinə
yetirdiklərinə görə, qocaman atası Yunis müəllim, 90 yaşına çatan, ağzıyaşmaqlı
anası Solmaz xala bununla fəxr edir və əlləri gecə-gündüz göylərə açılaraq,
bütünlüklə düşmən qabağında olan əsgər və zabitlərimizi Allaha əmanət edirdilər.
Yağı-düşmənin
məkrindən, deyəsən, vallah Allahın da xəbəri yoxdr (əstəğfrullah). Dünənə kimi
hər şeyin yaxşı olduğunu, düşmənin tutarlı cavab aldığını ata-anasına,
qardaşlarına bildirən Əkrəm Şadmanov axşamüstü “KamAZ” markalı hərbi maşınla
Xocavənd rayonu ərazisində tank əleyhinə minaya düşərək...
Qardaşı Bəxtiyar
bu xəbəri eşidən dostların, qohum-əqrabanın sorğusuna cavab olaraq, “narahat
olmayın, hər şey yaxşıdır, danışmışam...", - desə də, vəziyyət başqa cür
idi. Bu ailənin də 44 günlük Vətən müharibəsində canını, qanını əsirgəməyən
oğulları yağı-düşmən hiyləsi qarabaqara izləyirmiş. Və... Mina təxribatları...
Bəlkə də bu, hər
kəsi sakitləşdirmək üçün bir ümumi cavab idi. Axı, düşmənin məkirli, hiyləgər
olduğunu Kəlbəcəri, Laçını qoyub qaçandan tanıyırıq. Bu dəfə də həmin tülkü
hiyləgərliyi ilə bizimkilərini mina tələsinə salan erməni dığaları analarımızı
ağlar, bacılarımızın sinəsinə dağlar qoyurdu!
Tanıyırıqmı
Şadmanov Əkrəm Yunis oğlunu? Bəlkə də çoxlarımız bu
igidin adını, Vətənə necə layiqli xidmət göstərməsindən çox eşitsə də, həyatda
üzünü bircə dəfə də görməyib.
Deyək
ki, Əkrəm Şadmanov kimi komandirlərimizin Vətənə layiqli xidmətinin nəticəsidir
ki, Qarabağın işğaldan azad edilməsi kimi bir şərəfli borcu yerinə yetirən gənc
nəsil yetişdi. Çünki hərbi xidmət illərində onlar polkovnik-leytenant
qardaşlarından - Əkrəm və Nəsimi Yunis oğlu Şadmanov kimi qeyrətli vətənpərvərlərdən
hərbi dərs aldılar. Onlardan gördülər-götürdülər ki, Şuşanı əlbəyaxa döyüşlərlə
azad etdilər. Axı, onların arasında idi Əkrəm və Nəsimi Şadmanov qardaşları da.
Əkrəm
Şadmanov 1984-cü il mart ayının 1-də Kəlbəcər rayonunun Zivel kəndində
anadan olmuşdur. 1990-cı ildə Zivel kənd orta məktəbinə getmiş, 1993-cü ildə Kəlbəcər
rayonu işğal edildikdən sonra orta təhsilini Göygöl (keçmiş Xanlar) rayonundakı
6 nömrəli orta məktəbdə, 1994-cü ildə isə Abşeron rayonunun Xırdalan şəhərində
müvəqqəti yerləşən Kəlbəcər 20 nömrəli tam orta məktəbində davam etdirmişdir.
Baxın, bu
igidimiz hələ orta məktəbi görün neçə məkanda oxumuşdur. Əlbəttə, bu da onun
orta təhsil almasına şagird kimi mənfi təsir göstərirdi. Lakin Vətənə borcu həmin
çətinliklərdən dözümlə çıxmağa onu vadar
edirdi.
1998-ci ildə həmin
məktəbin 8-ci sinfini bitirib, C.Naxçıvanski adına hərbi liseyə qəbul olan Əkrəm
Şadmanov 2001-ci ildə oranı bitirib, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə
daxil olmuş, 2005-ci ildə motoatıcı ixtisası üzrə (fərqlənmə ilə) başa
vurmuşdur.
2005-ci ilin
iyun ayından 2017- ci ilin may ayınadək Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində
tağım, bölük, tabor komandiri vəzifələrində çalışan Əkrəm Şadmanov həmçinin
2019-cu ilin dekabr ayınadək Ağdam ərazisində yerləşən “N” saylı hərbi hissədə
tabor komandiri, hərbi hissənin döyüş hazırlığı bölmə rəisi vəzifələrində xidmət
etmişdir. Həmin tarixdən 2020-ci ilin oktyabr ayınadək isə o, Silahlı Qüvvələrin
Hərbi Akademiyasında müdavim olmuşdur.
Azərbaycan
Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi məqsədi ilə başlanılan anti-terror (2020-ci ilin oktyabr
ayından dekabr ayınadək “N” saylı hərbi hissədə tabor komandiri vəzifəsində
Qubadlı, Laçın istiqamətində döyüşlərdə) tədbirlərində iştirak edən Əkrəm
Şadmanov fəal döyüş əməliyyatları zamanı bir neçə vacib yüksəkliklərin ələ
keçirilməsində xüsusi şücaət göstərmişdir.
Döyüş əməliyyatlarının
sonrakı gedişatı zamanı Şuşa şəhərinin ətrafında
olan bir neçə yüksəkliyin müdafiəsi məhz Əkrəm Şadmanovun taboruna həvalə
olunmuşdur. 44 günlük Vətən müharibəsinin yekunlarına görə, Əkrəm Yunis oğlu
Şadmanov vaxtından əvvəl polkovnik-leytenant hərbi rütbəsi, “İgidliyə görə”,
“Qubadlı rayonunun işğaldan azad olunmasına görə” və “Laçın rayonunun işğaldan
azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
2020-ci ilin
dekabr ayından Silahlı Qüvvələrin Hərbi Akademiyasında yarımçıq qalan ali hərbi
təhsilini davam etdirən Əkrəm Şadmanov 2021-ci ilin avqust ayında Hərbi
Akademiyanı bitirdikdən sonra Sumqayıt ərazisindəki “N” saylı hərbi hissənin
komandir müavini vəzifəsinə təyin olunmuşdur. Hərbi hissənin yeni yaradılması
ilə əlaqədar olaraq polkovnik-leytenant Əkrəm Şadmanov burada lazımi komplektləşdirilmə
işlərində, hazırlığın yüksəldilməsi istiqamətində əvəzsiz xidmət göstərmişdir.
2022-ci ilin
sentyabr ayında keçirilən “Qisas əməliyyatı” zamanı Əkrəm Şadmanov döyüş sənədlərinin
hazırlanması, bölmələrin idarə olunmasında xüsusi fəallıq göstərərək, Kəlbəcər
rayonu ərazisindəki “Kömürdağ” yüksəkliyinin azad edilməsində iştirak etmişdir.
2023-cü ilin avqust ayında polkovnik-leytenant Əkrəm
Şadmanov xidmət etdiyi hərbi hissənin qərargah rəisi - komandirin birinci
müavini vəzifəsinə təyin olunmuşdur.
2023-cü ilin sentyabr ayında aparılan antiterror əməliyyatı
zamanı Ağdam-Xocalı istiqamətində də döyüşlərin planlaşdırılması və
aparılmasında xüsusi bacarıq nümayiş etdirərək, bir neçə hakim yüksəkliklərin
düşməndən azad edilməsində yaxından iştirak etmişdir.
Polkovnik-leytenant Əkrəm Şadmanov 24 sentyabr 2023-cü il tarixdə Ağdam
rayonunun Gülablı kəndi yaxınlığında döyüş mövqelərinə baş çəkməyə gedərkən
“KamAZ” markalı avtomobillə düşmənin yol üzərində qurduğu minaya düşərək, şəhid
olmuş və Bakıda, II Fəxri Xiyabanda dəfn
edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 07 noyabr
2023-cü il tarixli Sərəncamına əsasən, polkovnik-leytenant Şadmanov Əkrəm Yunis
oğlu (ölümündən sonra) III dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən
uğrunda” medalı ilə təltif olunmuşdur.
Xidməti dövründə Şadmanov yuxarıda qeyd olunanlardan başqa, “Müharibə
iştirakçısı”, “Hərbi xidmətdə fərqlənməyə görə” II-III dərəcəli, həmçinin
Silahlı Qüvvələrin 90-100 illik yubiley medalları olmaqla, 1 orden və 13
medalla təltif edilmişdir.
Əkrəm Şadmanovun Solmaz adlı qızı və Araz adlı oğlu
əmanət qalmışdır.
Şəhid polkovnik-leytenantın üç qardaş, bir bacısı
var, yaşlı valideynləri (atası Yunis müəllim, ansı Solmaz xala) xəstədir.
Atasının ağlamaqdan gözləri tutulub.
Qardaşı Bəxtiyar deyir ki, 8-ci sinifdən, yəni
C.Naxçıvanski adına hərbi liseyə qəbul olduğu vaxtdan şəhadətə ucalanadək Əkrəmin
üzünü ancaq bəzi hallarda toyda və yasda
görürdük. Əkrəmin yoxluğu qardaşının ”dilin açıb”, qardaşsızlıq dərdini şeirlə
yazır:
Nə gecəm var, nə gündüzüm,
Sənə qurban canım-gözüm!
Sənsizliyə necə dözüm,
Darıxıram sənin üçün!
Qəbul etsən, hər an gəlləm,
Ölsəm, vallah, mən dincəlləm.
Dərdimi de, kimlə bölləm,
Darıxıram sənin üçün!
Dostları darda qoymadın,
Aldın qisası, doymadın!
Düşməni saya salmadın,
Darıxıram sənin üçün.
***
Bu görüş əzablı görüşdü, qardaş,
Həsrətin illərlə daşıyacağam.
Nə yaşdı, əzizim, otuz doqquz yaş,
Mən sənsiz
necə yaşıyacağam?!
Həsrətin illərlə daşıyacağam.
Bütün arzuların gözündə qaldı,
Çiçəkli baharın dönüb qış oldu.
Sənlə keçən günüm şirin xəyaldı,
Yalnız şəkilinlə danışacağam,
Həsrətin illərlə daşıyacağam.
Qırx dörd gün çöllərdə, səngərdə qaldın,
Vətən savaşında Zəfər də çaldın!
Xocalı qisasın
neçə qat aldın!
Sən sancan bayrağı oxşayacağam,
Həsrətin illərlə daşıyacağam.
***
Sənsiz
yaşamağım çətindi, qardaş,
Sənsiz keçən
günlər necə olacaq?!
Doğmaların sənsiz
yetimdi, qardaş,
Sənlə bağlı xatirələr qalacaq,
Sənsiz keçən
günlər necə olacaq?!
Nə arzu, həvəslə
evin tikmişdin,
Bağçanda
ağaclar, güllər əkmişdin.
Özün becərmişdin,
nazın çəkmişdin,
Becərdiyin
güllər demə solacaq!
Sənsiz keçən
günlər necə olacaq?!
Atamın, anamın
boynunu bükdün,
Bizim sinəmizə
dağ-düyün çəkdin.
Arzunmuş şəhidlik,
o yolu seçdin,
Bacın
saçlarını tel-tel yolacaq,
Sənsiz keçən
günlər necə olacaq?!
Poladla
başlayan o qanlı savaş,
Sənin Zəfərinlə
son oldu, qardaş!
Sənin əvəzinə
mən yataydım kaş,
Yol gözləyən
gözlər yolda qalacaq,
Sənsiz keçən
günlər necə olacaq?!
Əkrəm Şadmanov
kimi igidlərimizin vətənpərvərliyini ifadə edən fikirlər sosial şəbəkələrdə də
az deyil. Samir Rəcəbov kimi vətənkeşlərin
yazdıqlarını oxuduqda bir daha belə komandirlərimizi daha yaxından tanıyır və
tanıtmaq imkanı əldə edirik.
Samir Rəcəbov
focebook səhifəsində yazır: “Elimin, obamın, Vətənimin igid, qorxmaz, mərd
oğlu! Səni təkcə Kəlbəcər yox, bütün Azərbaycan itirdi.
Biz bütöv, bir
olaq, düşmən qarşısında başımızı dik tutub, məğrur gəzə bilək deyə, sənin kimi
qardaşlarımız şəhidlik zirvəsinə ucaldı.
Görüş var - bir ömrü versən də azdır,
Görüş var
- getməyə adam can çəkər.
Görüş var
- şadlığı sığmır illərə,
Görüş var
- fərəhi bircə an çəkər.
Sən şəhidliklə görüşə bir ömür
verdin. Səninlə görüşə hamı tələsir...
Bu gün səninlə son görüş olacaq!
Bizlərdən həmişəlik ayrılsan da, ruhun həmişə bizimlə, cismin həmişə vətən
torpağında qalacaq. Ürəyimizdə əbədi yaşayacaqsan, şəhidim!”
Məhəmməd Cəbrayılov
da o matəm günündən sonra sosial şəbəkədə belə bir xatirə paylaşıb:
“Polkovnik-leytenant Əkrəm Şadmanovun dəfn mərasimində, şəhid atası Yunis müəllimin
(yaxın qohum) yanında oturmuşdum.
Mərasimdə
iştirak edənlər növbəylə yaxınlaşıb Əkrəm Şadmanov haqqında xatirələrini şəhid
atasına bildirir, ona başsağlığı verirdi.
Növbəsi çatan bir nəfər şəhidin atasından artıq doğmalıq ədası ilə dedi:
- Yunis müəllim, heyf... cavan-cavan uşaqlarımızı boş yerə
qırdırdılar...
Yunis müəllim
onun sözünün arxasını davam etməsinə imkan vermədi, həm də haqlı olaraq:
-
Kimsən, a bala?
-
Yunis əminin gözləri ətrafı hiss etmir axı. Ona görə
də əlinin işarəsi ilə ona üzünü tutub yenidən soruşdu:
-
Kimlərdənsən, sənin də şəhidin var?!
Şəhid atasının bu sualı onu çaş-baş saldı. Bəlkə də
o, doğulduğu yerin adını çəkməyə belə unutdu:
- Yox.
- Bəs oğlun
var?
- İki oğlum
var.
- Döyüşlərdə
olub?
- Yox, bu şəhidləri
görəndən sonra...
- Çaşma,
bala...
Yunis müəllim
yenə də onun sözünü ağzında yarımçıq qoydu. Şəhid atası bu "yarımçıq bəndə”yə
layiq olduğu cavabı əsirgəmədi:
- Mənimki
vuruşmasın, səninki döyüşməsin, onunki getməsin, qaçıb gizlənsin. Mənə izah edə
bilərsənmi ki, bu torpağı, dövləti, Vətəni
bəs, kim qorusun?!
Yunis müəllim
onun bu halını görməsə də, təxminən nə
hala düşdüyünü yaxşı hiss edirdi. O,
yaltaqlıqdan əyilən belini yavaş-yavaş dikəltməyə başladı, lakin elə tər
basmışdı ki. Şəhid atasının sözlərinin təsiriylə bədənindən axan tər "vətən",
"dövlət", "yurd-yuva" kimi müqəddəs dəyərlərin üzərini örtən
piy qatıyla ifraz olunurdu.
Onun əlləri -
Şəhid atasının qarşısında havada boş sallanmışdı. Şəhid atası isə görməyən gözlərini
bir nöqtəyə zilləmişdi.
Sükutu
başsağlığı növbəsini gözləyən digəri pozdu”...
***
Əkrəm
Şadmanovun Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində dərs dediyi kursantlardan
biri də əslən kəlbəcərli Sənan Sadıqzadə
olub. Onun xatirələrində də şəhid komandirin xarakteri, vətənpərvərliyi öz əksini
tapıb: “...Mən də kəlbəcərliyəm. Kəlbəcərdə dünyaya göz açsam da, o cənnətdə
böyümək imknından məhrub etdi ermənilər. Ona görə də o yerləri ancaq xəyalımda
yaşatmışam. Çünki oradan iki yaşımda çıxmışam, ata-anam, ailəmizlə birlikdə, təbii
ki. Oradan didərgin salınmışıq.
Atam Kəlbəcərin
tarixini sinədəftər edib. Biz iki qardaşı da Kəlbəcər sevdalı böyüdüb. Kəlbəcərin
azad edilməsi istiqamətində aparılan döyüşlərə mən qatıla bilmədim. Sərhədçi
kimi başqa istiqamətdə idik. Kəlbəcərdə sərhəd xidməti olmadığı üçün mən doğma
ata-baba yurdumuzu ziyarət də edə bilməmişəm. Amma orada sülhməramlı hərbçilərdən
Zəfər bayrağını qəbul edən, Şuşanın fatehlərindən biri olan Saleh Həsənovdakı Vətən
təəssübkeşliyi (çox yaxın qohumuq) məndə də doğma ana Vətənə sevgini artırdı:
ali təhsil aldıqdan sonra hərbçi oldum. Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində
zabitlik kursu keçəndə Əkrəm Şadmanovu orada tanıdım. Təlim-Tədris Mərəzində çalışırdı.
Mənim müəllimim olub.
Kəlbəcərli
kimi onunla fəxr elədim. Sonradan öyrəndim ki, qardaşı Nəsimi Şadmanov da hərbiçidir.
Daha vacib məntəqələrdə hərbi xidmətdədir, həmişə düşmənlə üzbəüzdür.
Əkrəm müəllimə
imtahan vermişəm. Kursant dostlarımız da şahiddir ki, o, əsgər və zabitlərə necə
vətənpərvərlik dərsi keçirdi. Ondan çox şeylər, hərbi sirlər öyrəndim.
Hazırda Dövlət Sərhəd Xidmətində taqım komandiriyəm.
Deməyim odur
ki, Əkrəm Şadmanov kimi zabitlərimizdən öyrənmək mənə də nəsib olub. Onların
ailəsindəki 4 qardaşın hər birində var bu vətənpərvərlik. Nəsimi və Əkrəm
Şadmanovların xidmətləri xüsusi qeyd edilməlidir. O biri qardaş - Bəxtiyar isə
anamla birlikdə işləyib. Bu gün də ailəmizin doğmasıdır bu ailə. Bu vətənpərvər
ailənin böyükləri - Yunis müəllimlə Solmaz xala da onları tanıyanların əzizi,
sevimlisidir.
Əkrəm
Şadmanovla bağlı xatirələrim az deyil. Lakin elə xatirələrdir ki, onlar hərbi
sirr kimi, ancaq mənim yaddaşımda qala bilər.
Qardaş qədər
çox istədiyim Əkrəm Şadmanova həm komandirim, həm də istəkli, vətənpərvər kəbəcərlimiz
kimi olan böyük hörmətim bir yazıya
sığan deyil. Ruhu şad olsun ki, Kəlbəcərimiz azad edildi. Nəinki onun öz
ata-anası, kəlbəcərlilərimizin xeyli yaşlı, cavan nəsli doğma yurdu ziyarət
etdilər.
Əkrəm müəllimin
qardaşı Bəxtiyarın bir şeiri ilə xatirəmi bitirmək istərdim:
Bu dünyanın
gözəlliyin sevmişdim,
Aldadıcı
parıltıymış, sən demə.
Yaşasan əlli
il, yaşasan yüz il,
Sonu ölüm -
bir nağılmış, sən demə!
Köçdü əzizlərim,
bir də qardaşım,
Bir-bir
azalıbdı yaxın, sirdaşım.
Bilməm
yazılacaq harda başdaşım,
Ötən günlər
bir xəyalmış, sən demə.
Dünya özü
şahmar ilan dünyadı,
Verdiyini geri
alan dünyadı.
Bəxtiyar, güvənmə,
yalan dünyadı,
Gördüklərim
bir röyaymış, sən demə...”
***
Daha bir
maraqlı məqam da Əkrəm Şadmanov Heydər Əliyev adına Ali Hərbi Akademiyada
oxuyub leytenant rütbəsi alanda kursant dostlarının onu təbrik eləməsindədir.
Kəlbəcərli müəllim
Malik Mustafayev sosial şəbəkədə Əkrəm
Şadmanovun şəhidliyi ilə bağlı yazdığı başsağlığında bir şəkil də yerləşdirib.
Bu faktlar da həmin “şəkil-məlumat”dandır.
Leytenant rütbəsi alanda kursant dostlarından bəziləri, hətta, zarafatla
da Əkrəm Şadmanovu belə təbrik ediblər: “Əziz dostum Əkrəm! Leytenant rütbəsini
də aldıq, amma “adam olmadıq”. Adam olmağımza hələ 21 il var. Sənə uzun ömür,
can sağlığı, ailə səadəti arzulayıram. Qoy həmişə valideynlərin səninlə fəxr
etsinlər. (ləzgi t.q. Rauf)”.
Elə həmin “şəkildə”dən
yenə də oxuyuruq: “Əziz dostum Əkrəm! Sənə uzun ömür, mənalı həyat, ailə səadəti arzulayıram. Dostluğumuz əbədidir. (Hörmətlə, K-700, T-1-1-1, Vasif)”
Bu da oradan
oxuduğumuz daha bir ürək sözləri: “Əkrəm, Sizə həyatda böyük nailiyyətlər və
“Qaynana”nın sənə olan böyük məhəbbətinin tükənməməsini arzulayıram (329-ŞRŞR-329-ŞRŞR)”...
***
Bu torpaq Əkrəm
kimi oğulların, Yunis müəllim kimi ataların, Solmaz xanım kimi anaların çiyinlərində
vətəndir! Olsun! Bizim ərənlərimiz - Alparslanlarımız onsuz da ermənilərin
haqqını üstündə qoymurlar! Amma, bu qədər də olmaz axı. Bu yandan bizdən ac qarnını doyuzdurmağı istəyir, ayaqlarımıza
düşüb zingildəşirlər, o yandan tülkü tələsilə oyun oynayır, bizi minalarla məhv
etməkdən çəkinmirlər!
Yeri cənnət
olan komandirimiz, Sizin kimi şəhid vətən oğullarının qarşısında and içən əsgərləriniz,
zabit qardaşlarınız qisasınızı birə-min alıblar! Rahat uyuyun, şəhid komandir!
Yunis müəllim,
şəhid anası, qardaşları, başınızı dik tutun!
Bakı şəhərində,
II Fəxri xiyabanda şəhidimizlə son vida mərasimində polkovnik, şair Abulla
Qurbani yaxşı dedi ki, birinizin yerinə minimiz çıxırıq düşmən önünə! Vətən sağ
olsun! Vətən sizinlə basılmazdır, düşmənə baş əyməyən, vətən oğlu!
Son
olaraq tanınmış şair Valeh Qocanın
polkovnik-leytenant Əkrəm Şadmamovun əziz xatirəsinə yazdığı “Şəhid” şeirlə bitirirəm yazımı:
Əlini
titrətmədi dağdan ağır silahlar,
Mərmisi
yağıların qulağında alışdı.
Qəlbini
soyutmağa siqaretin yetmədi,
Güllələr
silahının damağında alışdı.
Bu
hava boşluğunda nə var torpaqdan ağır,
Sənin
atdığın addım torpaqdan ağırıymış.
Bir
gözün yumulanda, bir gözün dağ uçurtdu,
Kirpiyinin
hər biri bir dağdan ağırıymış.
Qisas
hissi qorudu ruhunu təbiətdən,
Nə
üşüdün soyuqda, nə hiss etdin istini.
Sənin
ürəyin böyük düşmənin tarixindən,
Gərək
göyə ucaldaq ürəyinin büstünü.
Üzündəki
o nura Günəş də dözə bilməz,
Ömrünün
şüşəsiymiş çırağında partlayan.
Səni
öldürə bilməz düşmənin min qurğusu,
Şəhidlik
arzun imiş ayağında partlayan.
Cəmilə Çiçək/Zekainfo.az
Prezident təqaüdçüsü,
flologiya üzrə fəlsəfə doktoru