Belə oğullarımızdan biri də Şeyx Əhməd kimi tanınan Əhmədov Əhmədxan Məzahir oğlu idi ki...
Vətən,
ana, torpaq! Hər üçü də sanki üzvi surətdə, yəni, qanı-canı ilə bir-birinə
bağlıdır. Bu üç məfhumu bir-birindən ayrı təsəvvür etmək belə mümkün deyil. Nə
yazıqlar ki, bəzən onları bir-birindən ayrı salan səbəblər olur. Bu da
bar-barlığın, vəhşiliyin, insana, canlı-cansız, bütün təbiətə qənimliyin
nümunəsidir.
A |
zərbaycanda bu üç kəlmə bir-biri ilə,
deyəsən, daha çox sıx bağlıdır, həm də
görünməz tellərlə. O tellər vətənə, anaya, torpağa sədaqətdir, sevgidir.
Tarix boyu hər üç varlıq uğrunda
savaşlar gedib, ərazilər itirilib, yurd-yuvalar yerlə-yeksan edilib.
Azərbaycanın tarixi ərazilərindən olan qədim Qarabağımızın da düşmən əsarətində
30 il inləməsinə Vətən oğulları dözə bilməzdi.
Bəli,
torpaq, Vətən, ana sevgisi kişili-qadınlı hər kəsi ayağa qaldırdı və biz 27
sentyabr 2020-ci il tarixində Vətən savaşına qalxdıq!
Bu
yolda şəhidlik müqəddəslik sayıldı. Düşmənlə üz-üzə döyüşən igid ərənlər ölümün
gözünə dik baxdılar. Ona görə də erməni vandallarına layiq olduqları cavabı verərək,
44 günlük döyüşləri Zəfərlə başa vurduq. Qalib Sərkərdəmizin əmrlərini
layiqincə yerinə yetirən Azərbaycan oğulları düşmən üzərində Qələbə çalmaqla
bir daha ana, torpaq, Vətənə oğulluq borcunu yerinə yetirməyə qadir olduqlarını
dünyaya göstərdilər.
Belə
oğullarımızdan biri də Şeyx Əhməd kimi tanınan Əhmədov Əhmədxan Məzahir oğlu
idi ki, Vətən torpaqlarını yağı düşməndən azad edərkən şəhidlik zirvəsinə
ucaldı...
Şəhidin əmisi oğlu Əhmədov Asəf Kinyaz oğlu
deyir ki, həm çox qürurlu, həm də kədərliyəm: “...Qururluyam ona görə ki, Əhmədxan kimi qardaşım-sirdaşım şəhid olu.
Kədərliyəm ona görə ki, qardaşımın xətrini çox istəmişəm. Əhmədxan mənə
əmioğluluqdan daha çox, qardaşım olub: hər zaman dərd-sərimi, sirrimi onla bölüşürdüm.
Deyib-gülən,
mərd, cəsur bir oğlan idi. Vətənə olan sevgisi onda uşaq yaşlarından hərbiyə
maraq oyatmışdı. Öz arzusu idi ki, Xüsusi Təyinatli olsun. Ona görə də hərbi xidmətə gedəndən sonra Naxçıvanda
Xüsusi Təyinatlı Dəstənin bölmələrindən birinə seçilib. Orada xidmətə başlayıb.
2020-ci ilin 27 sentyabrında başlanan ikinci Qarabağ muharbəsi zamanı
komandirinə müraciət edib ki, məni də döyüşə aparın. Ancaq komandiri ona etiraz
edib:
- Ora burdan
əsgərin getməsinə icazə yoxdur, müddətli hərbi xidməti başa vuran hərbiçilər
gedə bilər.
Əhmədxan eyni
müraciəti təkrar etməsinə baxmayaraq, onun döyüşlərə qatılmasına icazə
verilməyib.
Əsgər yoldaşı
bizə dedi ki, Əhmədxan geri qayıdıb, generalın qapısını döyüb, içəri girib
deyib:
-
Cənab general, olar?!
General onu
qəbul edib və soruşub:
-
Buyur, əsgər, nə məsələdi?!
Deyib:
- Cənab
general, əsgərin namusu, qeyrəti yoxdur ki, döyüşə aparmırsınız?! Mən
kəlbəcərliyəm. Vətənimdə, onun bir parçası olan Kəlbəcərimdə döyüşlər gedir!
Sizdən xahiş edirəm, məni ilk partiyada döyüşə yollayasınız!
General yerindən qalxıb Əhmədxanın alnından
öpüb və deyib:
- Əsgər,
sənin bu vətənpərvərliyin xalqımıza xasdır. Sevinirəm ki, Azərbaycan Ordusu
sənin kimi vətənpərvərlərdən formalaşıb! Qeyrətinə can qurban! Söz verirəm ki,
ilk gedişdə səni yollayacam!
Oktyabrın
24-də səhər saatlarında mənə zəng gəldi. Mən də həmin vaxt Bakida idim. Danışan
Əhmədxan idi:
- Mənə sual vermə, heç nə soruşma. Ancaq
dediklərimi et.
Dedim ki, yaxşı.
- Mənə bir
xəncər, bir barmağı kəsik əlcək, bir də poverbank al, - deyib telefonu
söndürdü.
Yerimdə donub
qaldım. Düşündüm ki, Bakıya niyə gəlsin?! Axı, Naxçıvanda muharbə də yoxdur. Otaq yoldaşımı
qaldırıb dedim ki, dur, mənə su ver. Qalxıb verdi. Dedim ki, əmim oğlu bura
gəlir, görəsən, başına nə iş gəlib?! O da mənə təsəlli verib dedi:
- Narahat olma, indi zəng edər, yenə
danışarsan ətraflı.
Təxminən bir-iki
saatdan sonra zəng gəldi.
Cavab verib
soruşdum:
-
Nə yaxşı gəlirsən, salamatçılıqdırmı?
Dedi:
-
Ayə, narahat olma, gəlirəm, müharibəyə gedəcəm...
İstədiklərini gedib aldım. Bakıya hərbi
hissəyə çatıb, mənə zəng edib dedi ki,
gəl bura. Getdim, görüşəndə boynunu qucaqladım, üzündən öpüb qoxusunu içimə
çəkdim. Özümü saxlaya bilməyib yanında ağladım. Soruşdum ki, bəs, bura niyə
gəldin?
Cavabı məni bir az sakitləşdirdi:
- Narahat olma, ölməyə getmirəm,
öldürməyə gedirəm, bu xəncərlə düşmənlərin başını kəsəcəm...
- İçimdə o qədər rahatlıq yarati ki.
Düşündüm: “dünya dağılsa da...”, Əhmədxana bir şey olmayacaq, sağ-salamat
qayıdacaq.
Soruşdum:
-
Evdəkilərlə danışmısan?
Dedi:
-
Bəli.
Ancaq qardaşı
qalmışdı. Ona görə də dedim:
-
Bir nəfər qalıb, onlarla da danış, get.
Zəng edib
danışanda qardaşı soruşdu:
-
Nə yaxşı gəlmisən?!
Dedi:
-
Kişi nə üçündür, ay qardaş?! Vətən üçün döyüşər, şəhid olar...
Qardaşı dedi:
-
Get, Allahın nəzəri üzərinizdə olsun, özünü qoru.
Bir neçə
dəqiqədən sonra ona zəng gəldi. Dedim
ki, gedib çatanda xəbər ver.
Gecə zəng edib dedi:
- Artıq
Beyləqandayıq, çatmışıq, sabah burdan döyüşə gedəcəm. Sənə sözüm var: məni
yaxşı dinlə. Bilirəm ki, şəhid olacam, özünüzə yaxşı baxın, möhkəm olun,
papamın, əmimin əmanəti, bir də 6 qardaşın bir bacısı var, onun əmanəti...
Bu, bizim son
danışığımız oldu. 11 noyabrda zəng etdilər ki, Əhmədxan yaralıdı. Atamla
Əhmədxanın qardaşları gedib gördülər ki, şəhid olub. Öz arzusuna çatdı. Bizim
üçün nə qədər ağır olsa da, hər zaman başımız ucadı. Əmim oğlu şərəflə yaşadı
və şərəflə də həyatdan köçdü... Geriyə qalan isə ölümündən
sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən
uğrunda", "Şuşanın azad olunmasına
görə", "Xocavəndin azad olunmasına görə" təltif edildiyi
medalları oldu.
Qardaşı Əhmədov Faiq da deyir ki, bütün xatirələrinin hamısı
Əhmədxanla bağlıdır: “...Qardaşımla mən dərd ortağı, sirdaş olmuşuq. Uşaqlıqdan
nə sözümüz olubsa, bir-birimizə demişik. Onun həyatda bir arzusu var idi.
Həmişə deyirdi ki, “qaqa, mən aktyor
olacam. Ona görə də məhşur olacam”.
Aktyorluq
bacarığı vardı onun. Çox şən idi. Yaşıdlarından seçilərdi, dostları onu “Şeyx
Əhməd” deyə çağırardı. Bu söz onun xoşuna gələrdi. Hər səhər 5 km qaçırdı.
Bir dəfə
dedim ki, özünü niyə yorursan, Şeyx?!
Dedi ki, mən
XTQ-yə düşəcəm əsgərlikdə. Dedim ki, bilmək olmaz, qaqa, bəlkə başqa qoşunlara
düşdün. Dedi ki, yox, mən XTQ olacam və elə də oldu.
Hərbi xidmətə
Naxçıvanda “N” saylı hərbi hissəyə düşmüşdü. 15 yanvar 2020-ci il tarixində,
gecə saatlarında atam, mən, bir də qardaşım oğlu Əhəmədxanı yola salmağa
apardıq. O gün xəyalımdan heç çıxmır. Qardaşım oğlu Eltac xəstələnmişdi. Dedi
ki, əmim əsgər gedir, gərək mən də gedəm. Ağladı, Eltacı da özümüzlə apardıq.
Əhmədxan mənə
“Dədə” deyərdi. Yola salanda üzü qatar gələn istiqamətə baxıb dedi:
-
Dədə, üzü qatara bir şəklimi çək, bəlkə bir də gəlmədim.
Sözünü kəsib
dedim:
- Şeyx, əsgər
gedirsən, nolub ki?! Həmişə atama zarafat edərdin ki, ağsaqqal, torpağınızı
özüm gedib alacam. Qaqa, sən Naxçıvana gedirsən, Qarabağa yox. Əlini uzadıb
dedi:
- Dədə,
görərsən, Kəlbəcəri özüm alacam, amma sən gedib oraları görərsən.
Naxçıvanda
xüsusi təyinatlılarda qulluq edirdi. Həmişə zəng edəndə deyirdim ki, qaqa,
xidmət necə keçir?
Cavabı məni
sevindirirdi:
- Dədə, XTQ
bir başqadı ey. Burda hamı bir-birinə qardaşdı. Xidmətim bitdikdən sonra da
qalıb, burda işləyəcəm...
Biz, nədənsə,
hər zaman deyərdik: “Əhməd, sən polis olacaqsan”. O da “yox, dədə, mən polis yox, hərbiçi olacam”, - deyirdi.
Elə də oldu.
2020-ci ilin
27 sentyabr tarixində səhər saat 8 olardı. Zəng gəldi, bildim ki, Əhmədxandı.
Telefonu söndürüb, özüm zəng elədim. Dedi ki, qaqam, müharibədi siz tərəfdə?!
Dedim, yox, qaqa, sakitçilikdi. Dedi yox? Qayıtdı əlavə elədi ki, qaqa,
müharibə başladı, anam eşitməsin, bir azdan zəng edərəm. Dedim yaxşı. Bir az
danışdıq, sonra anamla danışıb dedi ki, qorxma, biz tərəfdə sakitçilikdi.
Naxçıvandan
sonuncu zəngi 17 oktyabrda oldu, hal-əhval eləyəndə onu da dedi:
-
Sənə şəkil atacaqlar, paylaşmazsan.
Dedim:
-
Yaxşı, narahat olma. Özünü qoru, yaxşısanmı?
23 oktyabrda zəng gəldi:
-
Əhmədxan döyüşə gəlir...
Dedim:
- Axı, indi
danışdım onunla, 17-si əsgər gətirmirlər, qaqa.
- Yox, zəng
ediblər. Naxçıvanda Əhmədxan generala deyib ki, müharibəyə gəlir.
Dərhal zəng
etdim qardaşıma, telefonu açmadı. Evdən bildirdilər ki, sabah, yəni ayın 24-ü
gəlir. Əmimoğlu zəng elədi ki, Əhmədlə görüşməyə gedirəm. Gələndə elə bil
ürəyimə dammışdı ki, o, şəhid olacaq. Dedim:
-
Asəf, Əhmədlə məni necə
olursa-olsun, danışdır.
Saat 5-6 olardi, Asəfdən zəng gəldi.
Mənə dedi ki, ondan soruşdum ki, qaqa, nə yaxşı gəldin?
Dedi:
- Qaqa, mən
gəlməliyəm da! Mənim komandirlərim gəlib
Qarabağda şəhid olub. Mən Naxçıvanda necə qalım?! Uşaqlara muğayət ol,
anaya da demə Əhmədxan döyüşə gəlib.
Dedim:
-
Qardaş, mən ölüm, özünü qoru...
Noyabrın 8-də
gecəyarı anam yuxudan dik atılıb ağlaya-ağlaya dedi:
-
Vallah Əhmədxana nəsə olub, yuxuma girdi.
Dedik ki, ay
ana, danışmışıq, yaxşıdı, heç nəyi yoxdu.
Dedi:
- Yox,
Əhmədxan qucağımda idi, yaxınlıqda qanlı çay axırdı, Əhmədxana nəsə olub.
Demək olar
ki, Rəfaillə hər yana soraq verdik, soruşdurduq, ayın 9-da ondan zəng gəlməyəndə ürəyimə qar
bir qorxu girdi. Əhmədxanın şəhid
olmasını hiss edirdim. Dedilər ki, iraq olsun, bəlkə əsir düşüb?
Dedim:
- Əhmədxan
atama bir söz vermişdi: “Ata, mən özümü öldürərəm, amma heç vaxt əsir
düşmərəm...”
11 noyabr
2020-ci il tarixdə dedilər ki, Füzulidə yaralılar var. Qardaşım və əmimlə
birlikdə ora getdik. Çatanda, dünyam qara geyindi: öyrəndik ki, şəhid olub.
Həmin tarix bizim dünyamızın dağıldığı gün oldu. Öz arzusu idi şəhid olmaq,
arzusuna çatdı. Son sözü bu oldu: “Kişi vətən üçündür, döyüşər, şəhid olar”...
Vətən sağ
olsun!”
Cəmilə Çiçək/zekainfo.az
filologiya üzrə fəlsəfə
doktoru,
Prezident mükafatçısı
Bu yazı
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Agentliyinin maliyyə yardımı ilə, “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə
Dəstək İctimai Birliyi tərəfindən reallaşdırılan “Qarabağ Zəfərinin
innovativ-kreativ təbliği” layihəsi çərçivəsində hazırlanmışdır.