
Kəndimiz dağların ətəyində, səfalı bir yerdə yerləşir. Bilmirəm gözəl
təbiətdənmi, yoxsa insanlarıdanmı asılı olan bir mehribanlıq hökm sürür bu
yerlərdə. Adamları o qədər mehribandı ki, qonşu kəndlərin sakinləri də bizim
kəndi tərifləyirdilər. Burada hər kəs böyük-kiçiyin yerini bilər, bir-birinə
qarşı hörmətlə davranardılar.
Onların arasında qonşumuz Kərim kişinin ailəsi, xüsusən oğlanları
dildən- ağızdan düşməzdilər. Bunun səbəbi o idi ki, Kərim kişinin oğlanları
orta məktəbdə yaxşı ad çıxarmış, əla oxuyaraq ölkənin ən yaxşı təhsil
ocaqlarına daxil olmuşdular. Kiminsə uşağı zəif oxuyanda həm valideynilər, həm
də müəllimlər deyirdilər:
–
Halaldı Kərimin uşaqlarına!
–
Arabir qulağı xoş söz çalan Kərim kişi də qürrələnər, oğlanları ilə
fəxr edər, sevinərdi.
İllər bir-birini əvəz etdi. Kərim kişinin oğlanları təhsillərini başa
vurub atalarının yanına qayıtdılar. Fərəhi aşıb-daşan Kərim kişi artıq onları
evləndirmək, halal süd əmmiş gəlinlər gətirmək arzusunda idi. Oğulları da oğul
idilər ha. Çox mehriban, valideynləri öl desə ölməyə, qal desə qalmağa hazır
idilər. Bir-biri ilə də çox mehriban dolanırdılar. Oğlanlar ən çox kənd
arvadları və qızları arasında diqqət mərkəzindəydilər. Bir çox qadınlar, bu ailəyə qız vermək arzusu ilə yaşayırdılar.
Deyir, sən saydığını say, gör fələk nə sayır. Bu minvalla xeyli vaxt
keçdi. Günlərin birində kəndə doğru uzanan asfalt yolla üç xarici maşın
irəliləyirdi. Onlar Kərim kişinin çox da geniş olmayan həyətində dayandılar.
Maşından düşən oğlanların hərəsinin yanında bir qız vardı. Bir-birinə oxşamayan
bu qızların üzündə şəhər soyuqluğu açıq-aşkar hiss olunurdu. Son dəblə bəzənmiş
qızların ən çox cəlbediciliyi onların açıq-saçıq geyinmələrindən irəli gəlirdi.
Görənlər bu xəbəri ildırım sürətilə bütün kəndə yaydılar.
Ən çox dərd-qəmə qərq olanlar öz qızlarını Kərim kişinin oğullarına
vermək istəyən qadınlar idi, bir də Kərim kişinin özü. Oğullarını evləndirmək
haqqında düşüncələrini yadına saldı. Hər üç oğlu qızı öz el-obasından
seçəcəkdi. Axı, kənddə evində-obasında böyüyən qızların əsil-nəcabəti,
mərifəti, qanacağı, namusu hər kəsə bəlli olur. Onun oğlanları isə özbaşına,
xəbərsiz-ətərsiz evlənmiş, Kərim kişinin arzularını ürəyində qoymuşdular. Özünü
o yerə qoymayan ata qəzəbini, hirsini büruzə vermədi.
Yaxınlarına göstəriş verdi ki, həyətdəki qoçların üçünü də kəssinlər.
Qohum-qardaş, qonum-qonşu, Kərim kişinin hörmətini saxlayanlar
dəvətsiz-filansız gəldilər, yedilər-içdilər, təbrik etdilər, amma ata ürəyindən
keçən ağrıları duymadılar. İki gündən sonra bir yerdə gələn maşınlar bir yerdə
də yola çıxdılar. Elə o gedən getdilər. Onları bir daha kənddə gördüm deyən
olmadı.
Yel qanadlı illər bir-birini əvəz eləməyə başladı. Kənd əhlinin
həmişə barmaqla göstərdiyi nümunəvi oğlanlar hansı səbəbdənsə, bir daha kəndə
dönmədilər. Artıq Kərim kişinin nəvələri də dünyaya gəlmişdi. Deyilənə görə,
nəvələr yayda kəndə Kərim kişinin yanına yox, ana babaları yaşayan bölgələrə üz
tuturdular. Kərim kişi bunları ürəyinə salır, özünə dərd eləyirdi. Amma o da
özünü sındırıb nəvələrinin görüşünə getmək istəmədi.
İndiyədək damağına papiros dəyməyən Kərim kişi papiros çəkməyə
başlamşdı. Çəkdiklərini ömür-gün yoldaşı Xanımla da bölüşmək fikrində deyildi.
O sadəcə, tək qalmamaq üçün arvadını qorumağa çalışırdı. Hətta papiros
çəkdiyini də ondan gizlədirdi. Axşam evə dönəndə arvadı üst-başı papiros iyi
verən Kərim kişiyə:
– A kişi, sən kiminlə oturub-durursan ki, iy verib iylənirsən? –
deyirdi.
Kərim kişi isə onun ürəyini qırmamaq üçün həqiqəti gizlədərək:
– Vallah, heç özüm də bilmirəm, – deyib çıxıb həyətdə gəzişir, bəzən
də evdən uzaqlaşırdı. Son zamanlar Kərim kişinin qaradinməz olduğunu
dost-tanışları belə hiss etmişdi. Onu istəyən ürək-dirək verir, istəməyənlər
“ağrım ürəyinə, bir vaxt forsundan papağı təpəsində gəzərdi. Amma indi papağı
utandığından gözünün üstünə çəkir ki, nə o kimisə, nə də onu kimsə görsün” –
deyə ağız büzürdülər.
Kərim kişi dünyagörmüş adamdı. Ona tuşlanan baxışları duyurdu. Bu
tikanlı baxışlar yaz yağışı dərədə seli artıran kimi, onun beynini dağıdır,
rahatlığını pozurdu. Bəzən özü də bilmədən həyətdə bağın ortasında çay içmək
üçün düzəltdiyi stolun yanına gələr, çay içər, yerə xalça, mütəkkə, döşəkçə
salıb dirsəklənər, beləcə düşünərdi...
Təəssüflənərdi ki, heyif bu üç oğlun heç olmasa biri qız olmadı. Bir
qızım olsaydı, indi atasını yad eləyərdi, bəlkə.
Hər dəfə şəhərdən gələn olanda oğullarından bir boxca söz gətirərdi.
Elə bil Kərim kişi onları özünə vəkil tutub göndərmişdi. ...Oğlanlar bir-biri
ilə dalaşıblar, küsülüdülər... daha
nələr, nələr. Ağızlarda gəzən bu söhbətlər qulağına çatanda Kərim kişi
min dəfə ölüb-dirilərdi.
Günlər keçir, aylar ötür, fəsillər bir-birini əvəz edir, amma bu iki
ahılı yada salan olmurdu.
Cəmilə ÇİÇƏK/zekainfo.az
Araşdırmaçı-jurnalist,
Prezident təqaüdçüsü