Mədəniyyət
10:20, Bugün
Bu gün Azərbaycan sevdalısı, sözün ictimai məsuliyyətini ömrünün ana xəttinə çevirən, qələmindən yalnız fikir deyil, vicdan axan hörmətli jurnalist, yazıçı və İpək Yolu İctimai Diplomatiyasının rəhbəri Seyfullah Türksoyun doğum günüdür. Lakin bu tarix adi bir təqvim qeydi deyil; bu gün sevinc və hüznün, varlıq və yoxluğun, zaman və yaddaşın eyni anda insan ruhunda titrədiyi, ürəyin həm gülümsəyib, həm sızladığı dərin bir düşüncə anıdır.
Seyfullah Türksoyun öz doğum günü münasibətilə paylaşdığı səmimi qeydlər bir insanın həyat fəlsəfəsini bütün varlığı ilə ortaya qoyur. O, illərin insandan nəsə almadığını, əksinə, insanı özünə daha da yaxınlaşdırdığını söyləyərkən, yaşanmış təcrübənin necə müdrikliyə çevrildiyini, vaz keçilməyən dəyərlərin isə şəxsiyyəti ayaqda saxlayan görünməz sütunlar olduğunu xatırladır. Bu sözlər sadəcə geriyə baxış deyil — gələcəyə ünvanlanmış mənəvi bir yol xəritəsidir. Qəlbin diri qalması, ümidin sönməməsi və yolun işıqlı görünməsi məhz belə insanların cəmiyyətlər üçün niyə əvəzsiz dəyərə çevrildiyini açıq şəkildə göstərir.
Lakin bu doğum günü ağır bir itkinin kölgəsində qarşılanır. Bir neçə gün öncə Seyfullah Türksoyun əziz bacısı Gülay Türksoy amansız xəstəliklə mübarizədən sonra haqq dünyasına qovuşdu. Bu xəbər təkcə bir ailənin deyil, onu tanıyan, onun səmimiyyətini və insanlığını bilən hər kəsin qəlbində dərin, səssiz bir sızıltı yaratdı. Eyüp Sultan torpağında torpağa tapşırılan bir ömür bizlərə həyatın nə qədər kövrək, zamanın isə nə qədər amansız olduğunu bir daha xatırlatdı. Belə məqamlarda sözlər doğrudan da aciz qalır; insan yalnız dua ilə, xatirə ilə, qəlbin dərinliyindən gələn səssiz bir ehtiramla ayaqda durmağa çalışır.
Bu ağır anda mərhumə Gülay xanımın ruhuna yönələn dualar, ailəsinə ünvanlanan səbir diləkləri sadəcə təsəlli deyil — insanlığın ən saf, ən təmiz halıdır. Allahdan diləyimiz budur ki, Seyfullah bəyə bu böyük itkinin yükünü daşımaq üçün güc versin, bacısının nurla dolu xatirəsi qəlbində yaranan boşluğu bir az olsun yüngülləşdirsin. Məkanı cənnət olsun, ruhu daim işıq içində yaşasın.
Seyfullah Türksoy təkcə qələm adamı deyil, o, Türk dünyasının vətəndaş cəmiyyəti düşüncəsində institusional əməkdaşlığın öncül simalarından biridir. Yaxın tarixdə — 10 aprel tarixində Ankarada keçirilən və Türk dünyasının qeyri-hökumət təşkilatlarını bir araya gətirən mühüm toplantı bunun bariz göstəricisi oldu. EkoAvrasiya Vəqfinin rəhbəri Dr. Hikmet Eren və Türkist Vəqfinin rəhbəri Kemal Kurnazla birgə təşkil edilən “Türk Dünyası Qeyri-Hökumət Təşkilatları Çalıştayı” türk coğrafiyasında vətəndaş cəmiyyətinin gələcək yolunun müəyyənləşdirilməsi baxımından strateji əhəmiyyət daşıyan bir platformaya çevrildi.
Bu platformada vətəndaş cəmiyyətinin rolu, ortaq strategiyaların formalaşdırılması, koordinasiyanın gücləndirilməsi və birgə layihələrin icrası dərin və məsuliyyətli müzakirələrə səbəb oldu. Tədbirdə TBMM Qrup sədrinin müavini, professor Filiz Kılıçın çıxışı Türk dünyasının ortaq tarixi yaddaşının və gələcək inkişaf perspektivlərinin elmi əsaslarla dəyərləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdi.
Mənim üçün ayrıca qürurverici məqam isə bu mötəbər tədbirə Seyfullah Türksoyun dəvəti ilə qatılmaq, “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri olaraq çıxış etmək idi. Çıxışımda Azərbaycandan gətirdiyim salam və sevgilərlə “Bir millət – iki dövlət” fəlsəfəsinin yalnız siyasi şüar deyil, qanla, canla, taleylə yazılmış bir qardaşlıq gerçəyi olduğunu bir daha vurğuladım. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının təkcə öz torpaqları üçün deyil, bütövlükdə Türk dünyasının şərəfi və ləyaqəti naminə mübarizə apardığını qeyd etdim. Şəhidlərin və qazilərin qəhrəmanlığı, bu yolda QHT-lərin mənəvi dayağı xüsusi diqqət mərkəzində oldu.
Bu fəaliyyətlərə verdiyim töhfəyə görə EkoAvrasiya Vəqfi, İpək Yolu İctimai Diplomatiya Təşkilatı və Türk Dünyası Vətəndaş Cəmiyyəti Əməkdaşlığı Dərnəyi (TÜRKSİT) tərəfindən təşəkkürnamə ilə təltif olunmağım isə Türk dünyası naminə görülən işlərin mənəvi baxımdan necə dəyərli olduğunun səssiz, amma çox mənalı sübutu idi.
Bu gün bütün bu xatirələrin, sevinclə kədərin iç-içə keçdiyi bu duyğular fonunda Seyfullah Türksoyun doğum gününü qeyd edərkən bir həqiqəti xüsusi vurğulamaq istəyirəm: bu dünyada ağrı da, itki də insan taleyinin ayrılmaz hissəsidir. Lakin insanı ucaldan onun bu ağrını hansı mənəvi yüksəklikdə daşımasıdır. Seyfullah Türksoy məhz bu ucalığın daşıyıcısıdır — dərdi də, sevinci də xalqa, birliyə, böyük ideallara çevirə bilən bir ömür sahibidir.
Hörmətli Seyfullah hocam, odlar yurdu Azərbaycandan Sizə ən səmimi salamlarımı yetirir, doğum gününüz münasibətilə öz adımdan, ailəm adından və təmsil etdiyim ictimai birlik adından Sizi ürəkdən təbrik edirəm. Ömür yolunuzda sağlamlıq, möhkəm iradə, işığınızdan heç vaxt azalmayan aydın bir yol və Türk dünyasına xidmətinizdə davamlı uğurlar arzulayıram.
Var olsun Türk dünyası!
Var olsun Turan elləri!
Var olsun Türk dünyasının vicdanlı ictimai liderləri!