Trampın nüfuzu düşəcək, Netenyahu müharibəyə başlayacaq
Artıq ilsonuna sayılı günlər qalıb. Və insanları həmişə olduğu kimi bir sual düşündürür: Qarşıdakı ildə bizi nə gözləyir? Olaylar.az bu və digər suallarla bağlı astroloq Aysel Siriusdan müsahibə alıb. Müsahibəni təqdim edirik.
- Aysel xanım, Azərbaycanda astroloji bilik səviyyəsi nə dərəcədədir?
-Ümumiyyətlə, qonşu ölkələrlə müqayisədə Azərbaycanda astroloji bilik səviyyəsi hələ də xeyli aşağıdır. Əslində, uzun illər ərzində astroloji yalnız "bürclər" və "fal səviyyəsində" qəbul edildiyinə görə, insanlar onun real elmi strukturu və sistemli tərəfləri ilə tanış olmayıb. Halbuki astroloji fal deyil və ciddi nəzəri bazası olan qədim bir bilik sistemidir.
Bununla belə, xüsusilə 2020-ci ildən sonra, daha güclü şəkildə isə 2022-ci ildən bəri insanlarda müəyyən bir marağın oyandığını açıq şəkildə hiss etmək olur. Amma bu maraq hələlik daha çox səthi biliklər çərçivəsindədir - insanlar bəlkə bir qədər məlumatlanıblar, amma ölkə səviyyəsində hələ böyük, keyfiyyətli bir dəyişiklikdən danışmaq tezdir.
Məncə, Azərbaycanda astrolojinin sistemli inkişafı üçün ən azı 10 il vaxt lazımdır ki, bu sahə peşəkar yanaşma, akademik yanaşma və kollektiv mədəniyyət səviyyəsində formalaşsın. Məsələn, Amerikada Astrologların Assosiasiyası, Avropa ölkələri və Rusiyada astroloji akademiyalar, tədris mərkəzləri, uzun illər fəaliyyət göstərən məktəblər mövcuddur.
Yəni, astroloji dünya miqyasında geridə qalmış bir sahə deyil.Əksinə, müasir dünyada ona maraq da, peşəkar yanaşma da var. Sadəcə hər ölkədə bu sahəyə gələn insanların sayı və onun qəbul səviyyəsi fərqlənir.
- Sualı cavablarkən "astrologiya bürclərdən ibarət deyil" kəlməsini işlətdiniz. Belə çıxır ki, bürc proqnozu deyilən bir şey yoxdur?
-Əslində "bürç proqnozu" deyilən anlayış bir qədər yanlışdır. Çünki bürclərə görə proqnoz çox ümumi xarakter daşıyır. Dünyada minlərlə Qoç, minlərlə Xərçəng bürcündə doğulmuş insanlar var və bu o demək deyil ki, paylaşdığımız həftəlik və ya aylıq proqnozlar həmin bürcdə olan bütün insanlarda eyni şəkildə təzahür edəcək.
Astroloqlar ümumi bürc proqnozlarını bir növ "ümumi istiqamət" kimi paylaşır. Yəni hər kəsin doğum xəritəsini ayrıca hesablayıb sosial şəbəkəyə yükləmək mümkün deyil. Ona görə də bürc proqnozları daha çox tendensiya, ümumi enerji axını kimi dəyərləndirilməlidir. Mən öz səhifəmdə (sirius_astrolife instagram səhifəsi) həm həftəlik, həm aylıq, həm də illik proqnozlar verirəm, amma hər zaman qeyd edirəm ki, bunlar çox ümumidir və orada yazılanların təxminən 20-30%-i insanın şəxsi həyatında özünü göstərə bilər. Bu gün də bir çox insan düşünür ki, astroloji sadəcə on iki bürcdən ibarətdir və yalnız Günəş bürcü ilə müəyyən olunur. Halbuki əslində astroloji bundan çox daha geniş bir elmdir.
Hər insanın doğum xəritəsində bütün 12 bürc var və biz həyatımızın müxtəlif sahələrində müxtəlif bürclərin təsirlərini yaşayırıq. Yəni, biz təkcə Günəş bürcümüzdən ibarət deyilik. Hər birimiz tam bir sistemik və astroloji enerjilər toplusuyuq. Hətta bir neçə dəqiqə fərqlə doğulan əkiz uşaqların oxşar cəhətləri çox olsa da, fərqli tale və həyat enerjisini daşıyırlar.
-Sizcə dünyada nə vaxtsa elm ocaqlarında astrologiya tədris olunacaqmı?
-Hazırda bəzi dünya təhsil ocaqlarında astrologiya müəyyən universitetlərdə yer alsa da, o, klassik mənada elm kimi yox, daha çox mədəniyyət, tarix, fəlsəfə və mistik düşüncə çərçivəsində öyrədilir. Məsələn, Hindistan, Böyük Britaniya və bəzi Avropa ölkələrində akademik kursların tərkibində "mədəni astronomiya", "tarixi astrologiya" və ya "Jyotish ənənəsi" kimi fənlər var. Amma bunlar riyazi-fiziki kateqoriyaya daxil edilmir, çünki astrologiyanın strukturu yalnız riyaziyyat və fizika ilə məhdudlaşmır. Burada həm də şüur, enerji və metafizik qat mövcuddur.
"Nə səbəbdən astrologiya elm kimi məktəblərdə ayrıca fənn kimi tədris olunmur" sualını versək, məncə, bunun iki əsas səbəbi var. Birincisi, astrologiya hər insanın asanlıqla anlaya biləcəyi sahə deyil. O, həm riyazi hesablamalara, həm də ruhanilik və energetik məntiqə əsaslanır. Planetlər mövcuddur, onların orbitləri, cazibə qüvvələri, enerji təsirləri var və bunlar təsadüfi deyil. Kainatda heç nə boşuna baş vermir; əgər Yer kürəsindən başqa planetlərdə həyat tapılmırsa belə, bu o demək deyil ki, onların funksiyası yoxdur. Onlar ümumi kosmik zəncirin bir hissəsidir və bəşər enerjisinə müəyyən təsirlər ötürürlər.
İkinci səbəb isə daha sistem xarakterlidir. Mən düşünürəm ki, dünyada müəyyən qüvvələr fərqindəlik səviyyəsi yüksək insanların çoxalmasını istəməz. Sosial şəbəkələrə baxanda da bunu görmək olur. İnsanların çox az qismi həqiqətən ayıq yaşayır, özünü və həyatı dərk edir. Əgər astrologiya kütləvi şəkildə öyrədilsəydi, fərqindəlik inanılmaz dərəcədə artardı və mövcud sistem dərhal dəyişərdi. İnsanlar manipulyasiyaya daha az açıq olar, psixoloji olaraq daha güclü və müstəqil davranardılar. Bu isə böyük strukturlar üçün sərfəli deyil.
- Sizcə, gələcəkdə bu sahədə dəyişikliklər ola bilərmi?
-Bəli, mən bunu hiss edirəm və düşünürəm ki, artıq proses başlayıb. Biz Dolça Erasına keçid dövrünü yaşayırıq və Dolça enerjisi bilavasitə astrologiyanı, kosmik şüuru, enerjini və fərqindəliyi təmsil edir. Mənə görə, yaxın illərdə bu sahədə köklü yeniliklər olacaq. Astrologiya uzun illərdir ki, sanki kölgədə saxlanılır, amma kollektiv şüur yüksəldikcə bu biliklər daha çox dəyər qazanacaq. Sadə dillə desək - astrologiya yenidən "elm" anlayışının içinə daxil olacaq, amma bu dəfə fizika və riyaziyyat kimi deyil, psixologiya, enerji və kosmologiya ilə inteqrasiya olunmuş yeni bir model şəklində.
- İnsanlar astroloji seans üçün sizə müraciət edəndə, seans prosesi necə baş verir?
-Astroloji seans almaq istəyən hər bir şəxs öncə öz doğum tarixini, doğum yerini və dəqiq doğum saatını təqdim edir. Çünki hər bir insanın doğum anında formalaşan enerji kodu barmaq izi kimidir, yəni təkrarsız və tamamilə fərdi. Mən bu məlumatlar əsasında onun şəxsi doğum xəritəsini açıram və həmin xəritə vasitəsilə insanın həyatının müxtəlif sahələri haqqında çox geniş və dərin informasiya təqdim edirəm. Bu xəritə əsasında həm onun xarakteri, potensialları, çətinlikləri, münasibətlər sahəsi, maddiyyat, karyera və sağlamlıq mövzuları kimi əsas istiqamətləri təhlil edirik, həm də gələcək dövrlər haqqında proqnozlar verilir.
- Bəs proqnoz nəyə əsaslanır?
-Proqnoz dedikdə, biz sadəcə "təxmin" etmirik. Astrologiyada hər bir enerji axını, hər bir tranzit və ya tutulma konkret sferaya təsir göstərir. Məsələn, hər hansı tutulma insanın maddi evində baş verirsə, bu, həmin insanın maliyyə və qazanc sahəsində yeni enerjilərin hərəkətə keçdiyini göstərir. Biz də bu enerjinin istiqamətini, təsir gücünü və dinamikasını əvvəlcədən görüb izah edirik. Proqnoz dediyimiz budur - enerji axınının öncədən təhlili.
-Bəs müraciət edən şəxs doğum saatını bilmirsə, necə olur?
-Bu, çox tez-tez rastlaşdığım bir haldır və belə vəziyyətdə biz "rektifikasiya" adlandırılan prosesi tətbiq edilir. Yəni, insanın dəqiq doğum saatının astroloji metodla müəyyən olunmasıdır. Bunun üçün şəxs öz həyatında baş vermiş ən vacib və dönüş nöqtəsi olan hadisələrin dəqiq tarixlərini təqdim edir. Bu hadisələr insanın astroloji xəritəsində çox aydın iz buraxır və biz həmin izlərin dinamikasına əsaslanaraq doğum saatını tam dəqiqliklə təyin edirik.
- Müraciət edənin astroloji xəritə analizindən sonra həyatında nələr dəyişəcək?
-Birincisi, müraciət edən şəxsə təqdim olunan xəritə vasitəsilə planetlərin düzülüşü, aspektlər, sabir ulduzların dərəcəvi açılımı əsasında öz potensialını dərindən anlamaq imkanı yaranır. Çoxları elə düşünür ki, öz potensialını bilir, amma əslində belə deyil. Bəzən yanlış karyera seçimi və uyğun olmayan mühit insanı özündən uzaqlaşdırır və xoşbəxtlik hissini azaldır. Astrologiyanın verdiyi ilk böyük üstünlük insanın özünü tapmasıdır. Artıq nə istədiyinizi, hansı yolla getməli olduğunuzu daha aydın bilirsiniz.
Bununla yanaşı, xəritə sağlamlıqda ən həssas məqamları göstərir. Hər bir insanın karmik döngüləri var. Bunlar tamamilə silinmir, amma doğru davranış və seçimlərlə onların təsirini xeyli yüngülləşdirmək mümkündür. Siz bu nüansları öyrənərək ruhunuzu yüngülləşdirməyi və təkrarlanan həyat ssenarilərini daha şüurlu şəkildə idarə etməyi bacaracaqsınız.
Xəritə analizi həm də özünüdərk səviyyəsini yüksəldir. Sanki bir aynaya baxırmış kimi, öz zəif tərəflərinizi daha aydın görür və onların üzərində necə işləməli olduğunuzu anlaya bilirsiniz. Əgər müəyyən bir planınız varsa, həmin ilin enerjilərinə uyğun olaraq onun reallaşıb-reallaşmaması barədə də dəyərli məsləhət alırsınız.
Qısacası, xəritə analizi sizə o qədər geniş bilgi verir ki, ağlınıza gələn bir çox sualın cavabını tapır, həm özünüzlə, həm də həyat yolunuzla bağlı tamamilə yeni bir şüur səviyyəsinə keçirsiniz.
- Belə çıxır ki alın yazısı deyilən bir şey yoxdur?
-Bu mövzu o qədər dərin və mürəkkəbdir ki, əsrlər boyu ruhanilər, filosoflar, mütəfəkkirlər, dini liderlər belə onun tam mahiyyətini izah etməkdə çətinlik çəkiblər. Ona görə də, bir nəfərin dediyi fikri alın yazısı haqqında "qanun" kimi qəbul etmək doğru olmaz. Mənim yanaşmam budur ki, insanın doğum tarixi də, doğulduğu yer də onun taleyinə təsir edən əsas faktorların içindədir. Bəzən sual yaranır: "Əgər mən xəritəmi öyrəndimsə, alın yazısı hara gedir?" Alın yazısı heç yerə getmir. Sadəcə, insan həyatında həm dəyişməz, həm də iradə ilə yönləndirilə bilən mövzular olur.
Ölüm mövzusu da buna daxildir: bəzən ölüm "qədərdir", yəni dəyişməzdir, bəzən isə insanın etdiyi seçimlərin nəticəsi olur. Burada ən çətin sual budur: əgər mən bilə-bilə özümü təhlükəyə atıramsa, bu artıq əvvəlcədən yazılmış qədərdirmi, yoxsa mənim seçimimdir? Bu, həqiqətən də çox dərin və cavablandırılması çətin olan filosofik sualdır. Amma mənim şəxsi fikrim belədir: biz həyatda baş verən hər şeyi "qədərdir" deyib öz üzərimizdən atsaq, onda reinkarnasiyanın, yəni ruhun təkamül yolunun heç bir mənası qalmazdı. Reinkarnativ nöqteyi nəzərdən baxsaq, indiki həyatımız əvvəlki həyatımızın nəticəsidir və böyük ehtimalla alın yazımızın müəyyən hissəsini, bəlkə də ən əsas hissəsini məhz bizim reinkarnasiya olunmuş ruhumuz əvvəlcədən müəyyən edir. Bəli, qəribə səslənə bilər, amma mənə görə bu, həqiqətə daha yaxındır. Lakin bu o demək deyil ki, hər şey dəyişməzdir. Xəritədə elə mövzular var ki, insan onları öz iradəsi, davranışı və əməli ilə dəyişə bilər. Amma elə mövzular da var ki, onları yaşamaq lazımdır, çünki həmin təcrübə sizi təkamülə aparır. Siz o dərsi keçməsəniz, ruh yüksəlməsi də baş vermir.
- Ölkələri astroloji analiz etmək mümkündür?
-Bəli, əlbəttə. Astrologiyanın bir neçə qolu var və onlardan biri də Mundane astrologiya, yəni ölkələr astrologiyasıdır. Bu sahə vasitəsilə bir ölkə haqqında çox geniş məlumat əldə etmək olur: dövlətin gələcəyi, ümumi sosial vəziyyət, kollektiv səviyyədə insanların taleyinin hansı istiqamətə doğru dəyişəcəyi, ölkənin inkişaf gedişatı və potensialı barədə ətraflı analiz aparmaq mümkündür.Əslində, hər bir ölkənin də öz doğum xəritəsi var. Necə ki, insanın xəritəsi onun həyat yolunu göstərir, dövlətin xəritəsi də ölkənin gələcəyi barədə ipucları verir.
Astroloq ölkə ilə bağlı proqnoz hazırlayanda təkcə Mundane xəritəni deyil, həm də astrologiyanın digər bir qolu olan astro-kartoqrafiya məlumatlarını analiz etməlidir. Bu üsul ölkənin müxtəlif bölgələrində və ya dünya xəritəsi üzərində hansı planet enerjilərinin aktiv olduğunu göstərir və beləliklə, proqnozlar daha dəqiq olur.
-Son dönəmlər dünyanın gələcəyi ilə bağlı bədbin proqnozlar verilir. Bir astroloq kimi nə düşünürsüz, vəziyyət bu qədər ürəkaçıcı deyil?
-Bilirsiniz, "vəziyyət ürəkaçandırmı?" sualına cavab vermək üçün ümumiyyətlə tarixə nəzər salmaq kifayətdir. Bəşər tarixi boyunca insanlar hansı dövrdə tam rahat, tam xoşbəxt olublar ki? Bu dünyada heç vaxt hər şey güllü-çiçəkli olmayıb və təbii olaraq gələcək də tam rahat ola bilməz.
Unutmayaq ki, dünya bir təcrübə və inkişaf sistemidir. Təcrübənin olduğu yerdə isə tam komfort mümkün deyil. İnsan məhz çətinliklərin içində böyüyür, dəyişir, təkamül edir.
Keçmiş hadisələrə baxsaq, həmişə paralel şəkildə həm yaxşı xəbərlər, həm də xoş olmayan proseslər yaşanıb. Məsələn, 1941-45-ci illərdə yaşayan insanlar böyük ehtimalla dünyanın sonunun gəldiyini düşünürdülər. Amma həyat davam etdi və zaman göstərdi ki, heç nə tam olaraq göründüyü kimi deyil. Elə indi də insanlar bəzən ən pis ssenarini düşünürlər, amma proseslər həmişə balans içində gedir.
Dünyada baş verən hər şey - həm yaxşı, həm də pis hadisələr enerji axınlarının təbii nəticəsidir. Planetlər arasında yumşaq, müsbət enerji aspektləri olduğu kimi gərginlik yaradan aspektlər də var. Bu enerjilərin qarşılıqlı təsiri dünyada baş verən prosesləri formalaşdırır.
Yəni "hər şey yaxşı olacaq" və ya "hər şey pis olacaq" kimi kəskin yanaşma yoxdur. Hər şey paralel şəkildə davam edir və bu, dünyanın təbiətidir. Ümidsizliyə qəti qapılmaq olmaz.
- Qısaca olaraq 2026-cı ildə dünyanı nələr gözləyir?
-Bundan öncəki sualınızın cavabı olaraq, əslində insanların son illər hiss etdiyi qorxu, qeyri-müəyyənlik və "sanki hər şey dağılır" düşüncəsi boş yerə yaranmayıb. Toplum olaraq çox böyük və dərin transformasiyanın içindəyik. Bu mərhələ toplumun kökündən dəyişməsi, köhnə sistemlərin dağılması və şüurun yenilənməsi ilə xarakterizə olunur. Belə dövrdə insanların psixoloji olaraq özünü narahat hiss etməsi tamamilə təbiidir.
Bu transformasiya təkcə 2026-cı ildə başlamır. Onun ilk siqnalları 2020-dən - koronavirus dövründən etibarən görünməyə başladı. Həmin vaxt bütün dünyada həyat dayandı, sistemlər çökdü və insanlar illərdir toxunulmamış mövzularla üz-üzə qaldı. Hətta o zaman xatırlayıram ki, Ərdoğan çıxışlarının birində "artıq heç nə əvvəlki kimi olmayacaq" mesajını verdi. Bu cümlə əslində gələcək üçün çox böyük bir işarə idi və bu gün baxanda görürük ki, doğrudan da hər şey dəyişir. Son illərdə insanlar içdən-içə daha çox dəyişiklik sanki istəyir. 2025-dən bəri bu tələb güclənib, amma 2026-cı ildə özünü daha kəskin şəkildə göstərəcək. Çünki Pluton artıq Dolça bürcündədir və bu yerləşmə elə bir enerjidir ki, toplumun düşüncəsini, yanaşmasını, dəyərlərini köklü şəkildə yeniləyir. Bu proses, təbii ki, ağrısız olmayacaq. Həm fərdi, həm də kollektiv səviyyədə müəyyən gərginlik, narahatlıq, hətta bəzən ümidsizlik yaratması normaldır.
Amma uzunmüddətli nəticə tam başqa olacaq. Zaman keçdikcə insanlar anlayacaqlar ki, bu gün yaşanan çətinliklər bizi daha güclü, daha şüurlu və daha azad bir mərhələyə aparır. Yəni indiki gərginlik bir son deyil, böyük bir başlanğıcın hazırlıq mərhələsidir. 2026-cı ildən danışarkən mən həmişə bunu tək bir illə məhdudlaşdırmıram, çünki həmin ildə yaşanacaq proseslərin nəticəsini biz 2027-də, hətta 2028-ci ildə görə biləcəyik. Ümumiyyətlə, 2030-cu ilə qədər olan dövr çox mürəkkəb, eyni zamanda çox dinamik bir mərhələdir. Bu, dəyişikliklərin qızğın şəkildə baş verdiyi və transformasiyanın ən yüksək nöqtəyə çatdığı bir mərhələdir.
Bu illər ərzində xüsusilə texnoloji sahədə ağlasığmaz yeniliklər gözlənilir. Bugünkü robot anlayışı ilə müqayisədə tam fərqli bir reallıq formalaşacaq. Elə yeniliklər ortaya çıxacaq ki, insan düşünəcək: "Bundan sonra daha nə icad ola bilər?" Amma texnologiya təəccübləndirməyə davam edəcək və biz qarşısıalınmaz innovasiya prosesinə şahid olacağıq.
Bəziləri soruşur ki, "Pandemiya kimi yenidən qapanma olacaqmı?" Düşünmürəm. Pluton Dolça bürcündədir və Dolça enerjisi azadlığı, insan haqlarını və humanist yanaşmanı önə çıxarır. Lakin bununla belə, müəyyən xəstəliklərin ortaya çıxma ehtimalı var. Bu səbəbdən də vaksin mövzusu yenidən gündəmə gələ, geniş şəkildə müzakirə edilə bilər.
Təbii hadisələrə gəldikdə isə 2026-cı ildə küləklərin artması, yanğınların çoxalması kimi vəziyyətlərin mümkün olduğunu düşünürəm.
Qlobal istiləşmə mövzusunda da yaxın illərdə bütün dünyada yeni qərarlar gündəmə gələcək və bu qərarlar insanlığın gələcək taleyini müəyyənləşdirəcək dərəcədə təsirli olacaq, çünki həqiqətən də dünya ciddi bir su qıtlığı təhlükəsi ilə üz-üzədir və bu, həm dövlətləri, həm də toplumları daha məsuliyyətli addımlar atmağa məcbur edəcək. Buna görə də qlobal səviyyədə daha konstruktiv, daha humanist qərarların alınacağını düşünürəm.
Bu dövrdə dövlətlər və toplumlar arasındakı münasibətlər də köklü şəkildə dəyişəcək. Liderlər artıq təkcə öz siyasi gündəmlərini deyil, toplumun istəklərini, tələblərini nəzərə almaq məcburiyyətində qalacaq. Daha liberal, daha humanistik mövzuların gündəmin mərkəzinə gəlməsi məhz bu səbəbdəndir. 2026-cı ildə dünya liderlərinin çox göz önündə olacağını, onların haqqında gözlənilməz xəbərlərin yayıla biləcəyini proqnozlaşdırıram.
ABŞ-a gəlincə, Trampın günəşi 2025-ci ildə parlasa da, 2026 və 2027-ci illər onun üçün çətin bir mərhələ ola bilər. Bu dövrdə Tramp və ABŞ-ın nüfuzunun müəyyən qədər azalması, sözünün əvvəlki qədər keçərli olmaması mümkündür. Həmçinin ölkə daxilində müxtəlif ştatlarda kampaniyaların yüksəlməsi, daxili gərginliyin artması ehtimalı da var. Bu çətinlik fonunda Avropa ölkələri də bir sıra problemlərlə üzləşəcək və hətta çıxış yolu tapmaqda çətinlik çəkəcəklər. 2026-cı ildə dünyanın müxtəlif nöqtələrində savaş enerjisinin yüksələcəyini düşünürəm. Bu da lokal münaqişələrin artmasına və qaynar nöqtələrdən insanların Avropaya axın etməsinə səbəb ola bilər. Avropa isə bu axının qarşısını almaqda çətinlik çəkəcək. Elə bu səbəbdən də sərhədlərin qorunması, torpaq təhlükəsizliyi kimi mövzular dünya gündəminin ən aktual məsələlərindən birinə çevrilə bilər. Ölkələr vizaları çətinləşdirə, sərhəd siyasətlərini sərtləşdirə, sərhəd ordularını gücləndirə bilər.
Təbii ki, belə bir sual yarana bilər: "Bəs hansı ölkələrdə savaş ehtimalı daha yüksəkdir?" Mən 2025-ci ildə Netanyahunun xəritəsinə baxanda gördüm ki, 2026-cı ildə o, konkret savaş başlatma enerjisini daşıyır. Bu səbəbdən 2026-2027-ci illərdə İsrail öz torpaqlarını genişləndirməyə yönələ bilər. Bunun fonunda İsrail-Fələstin münaqişəsinin daha da qızışacağı və intensivləşəcəyi ehtimalı çox yüksəkdir. Böyük ehtimalla bu prosesdən sonra həmin bölgədə müəyyən nəticələr əldə olunacaq və Yaxın Şərq ölkələri böyük dəyişikliklərin içərisinə girəcək. Ümumiyyətlə, bu bölgədə sistemin tamamilə çökdüyü və yenidən qurulduğu bir mərhələ başlayacaq. Xüsusilə 2026-2027-ci illərdə İranda da sistem dəyişikliyi mümkündür. Hətta bu dalğanın Şimali Koreyaya toxunması, bəzi müsəlman ölkələrində də genişmiqyaslı dəyişikliklər baş verməsi ehtimalı var.
Hindistana gəlincə, vaksin mövzusunun yenidən gündəmə gələcəyini qeyd etmişdim və ehtimal edirəm ki, Hindistanın 2026-cı ildə iqtisadi yüksəlişə keçəcəyinin səbəbi də vaksinlərdən əldə olunan gəlir mənbələri ola bilər. Burada bir lider dəyişikliyi də mümkündür: ya mövcud liderin ölümü, ya devrilməsi və nəticə olaraq yeni liderin səhnəyə çıxması ehtimalı var.
Xüsusən də, 2026-cı avqustda baş verəcək Günəş tutulmasından sonra ümumiyyətlə dünya liderləri gündəmi zəbt edəcək. Bəzi ölkələrdə lider ölümü, bəzilərində isə yeni dünya liderlərinin yüksəlişi müşahidə oluna bilər. Rusiya da həmin il diqqət mərkəzində olacaq. Xüsusilə sərhədlərin qorunması, torpaq mövzusu Rusiyanın əsas prioritetinə çevriləcək.
İngiltərə də 2026-cı ilin gündəm ölkələrindən biri olacaq. ABŞ və Çin arasında isə iqtisadi savaş davam edəcək və bu proses qlobal iqtisadiyyatı təsirləndirəcək. Onsuz da 2026-cı ildə iqtisadi böhran davam edəcək və fevral ayında baş verəcək Günəş tutulması bu gərginliyi daha da artıra bilər.
Ən maraqlı məqamlardan biri isə Türkiyə ilə bağlıdır. Fevral, xüsusən də mart-aprel aylarında elə bir hadisə baş verə bilər ki, bütün dünyanın diqqəti Türkiyəyə yönələr. Təbii fəlakət ehtimalı var, amma bununla yanaşı ölkə ilə bağlı ciddi bir prosesin, yəni dəyişikliyin yaşanacağını düşünürəm.
Azərbaycana gəldikdə isə 2026-cı ilin ölkə üçün 2025-ci ilə nisbətən bir qədər mürəkkəb keçəcək. May-iyun ayları ilin ən önəmli dövrlərindən biri olacaq. Bu il ərzində torpaq mövzuları, müxalifətlə bağlı məsələlər, xalqa birbaşa təsir edən mövzular, əmlak, torpağın münbitliyi, təsərrufat sahəsi, eləcə də ölkənin sərhəd və sərhəd təhlükəsizliyi məsələləri ön planda olacaq və burada bir sıra dəyişikliklər gözlənilir.
Hər kəsi maraqlandıran Zəngəzur məsələsinə gəldikdə isə, 2026-cı ildə bu prosesin əsas mərhələsi başlayacaq, amma nəticələrini daha çox 2027-ci ildə görəcəyik. Bu il ölkə daxilində müəyyən mübarizə və dinamika da olacaq. Bundan başqa açıq düşməndən, müttəfiq dövlətlərin birindən təhdidlər, sərt nota, diversiyalar və digər gərginliklər yaşana bilər. Amma ordumuz gələn il daha da güclənəcək və hərbi sahədə aktivlik olacaq.
Həmçinin səhiyyə sistemində, bələdiyyələr, icra hakimiyyətləri, dövlət qulluqçulları barəsində xoşəgəlməz xəbərlər, kadr dəyişikliyi, qanunların bir qədər sərtləşdirilməsi, həbslərin baş vermə ehtimalı var. Bu il qadınların öz sözünü deməsi, fəaliyyətlərini göstərməsi və uğur qazanması üçün əlverişli bir dövrdür. Xüsusilə məşhur qadın simalar ölkəni təmsil etmək və uğurlu olmaq imkanına sahib ola bilərlər. İnsanların dayanışma göstərməsi, təslim olmaması və psixoloji möhkəmlik nümayiş etdirməsi bu il üçün önəmli olacaq.
Lamiyə Cəbrayılova