ANA DİLİNİ SEVƏN ƏDƏBİYYATÇI OLUR   

ANA DİLİNİ  SEVƏN ƏDƏBİYYATÇI OLUR   
Cəmiyyət 08 Oktyabr 2025 - 12:03

İsməti, həyası olanlar 50-60-70 yox,

elə 25 yaşında da müdriklik simvoluna

çevrilə bilirlər, İsmət  Nəcəfov kimi...


...Günlər, həftələr, aylar, illər, əsrlər,

ninilliklər insan ömrünün karvanıdır,

desək, alınarmı görəsən?


Yenə xəyallarım dumanda-çəndədir. Yenə qərib durna kimi yönümü, səmtimi axtarıram, axı, payızdır. Payız fəsli qızılı donlu, ağzı yaşmaqlı gəlinlərin, təknəsi, küncü-bucağı, qoynu-qoltuğu bərəkətli olan nur üzlü nənələrimizin obrazıdır. Deyə bildimmi, görəsən? Sözlərim sanki dilimdən, əlimdən perik düşüb, çünki payızdır. Payız əhvallı könlümü bu yazıya köhləyənə qədər əllərim saatlarla Murovun Ömər aşırımına vaxtsız düşən qar kimi ağaran başımı qucaqlayıb.  Fikir-xəyyala qol-boyun olduğum anlar idi. Birdən yadıma nə düşsə yaxşıdı?  Körpəlik beşiyində, əslində, beşiyi-zadı olmayıb, bələkdə  qucağımda böyüyən, həm də sonralar “dayılarına oxşamış”lardan biri kimi tanınan,  böyük bacımın oğlu - həm də böyük bacımın, ata-anamızın, ailəmizin ilk qızı olan Pəri bacımın balasının yubiley  yaşına çatması düşdü yadıma.

...Nə yaxşı ki, sosial şəbəkələr var imiş.  Bir-birimizin xeyir-şərini buradan öyrənirik, gedə bilsək də, gedə bilməsək də.Fələk daşımızı 1993-cü ildə hər yana atandan doğmalar bax beləcə, bir-birin xeyir-şərindən də uzaq düşüb...


“Payız gəldi, uçudu getdi quşlar,

Sən də getdin, bax, yağdı yağışlar...”


 Fikrət Qocanın təbirincə desək,  payız gələndə baharımız-yazımız da xəzana dönür, yarpaqlar da insan ömrünün günləri kimi saralıb-solur, axı, qarşıdan qarlı qış gəlir. Ömür vəfa edərsə. O qışdan gümrah çıxanlar bahar təravətli, yenicə tumurcuqlayan arzularla qanad açacaq.


Ölməz şairimiz Ənvər Rzamız isə deyirdi:

“Xəzan  vaxtı bahar bilin Ənvəri,

Dağ çayıyam, çağlamağa gəlmişəm,

Ata yeri, qardaş yeri görünür,

 Bir doyunca ağlamağa gəlmişəm...”


Budur, düşüncələrim yenə də sanki Murovdağda, Ömər aşırımında tufana, borana düşüb azdı. Deyirlər elə ömürlər var ki, ilin bütün fəsillərində ona sanki bahar-yazdı.

Hə, deyəsən, mətləbdən uzaq düşmüşəm. Qardaşım İbrahim bu günlərdə facebookda bir yazı paylaşdı. Yazını oxumamışdan yazısının qəhrəmanı diqqətimi çəkdi:  böyük bacımın kiçik oğlu (onlar iki qardaşdılar- Rasimlə İsmət)İsmət müəllimin şəkli idi. Maraq məni çəkdi, axı, qardaşım bütün yazılarını  öncə mənə göndərər, fikrimi öyrənər və sonra da paylaşardı. Düşündüm ki, burada nəsə var. Sən demə, doğrudan da “qocalıq öz işini görür”müş. Mənim xəyalıma da gəlməzdi ki, “dünənki uşaq” sandığım İsmət ömrünün 50-ci fəslinə çatıb, həm də necə deyərlər, “yıxıla-dura”...

Əslində, bu yazını bəlkə də mən İsmət müəllimin 5 yaşında yazmalı idim. Amma 50 illik yoluna dönüb baxanda təkcə onun və ata-anasının, bacılarının, baba-nənələrinin deyil, özümün dünənimə boylanmış oluram. Dünənimizdə qalan ağrı-acılara rəğmən, ömrün bu çağına (bilmirəm zirvədir, yoxsa dolayıları) çatmışıqsa, yaradanımıza minnətdarıq.

Bacıoğlum, günah ki, qəlbən böyük dayısının 50 illik yubileyini səmimi, isti ürək sözləriylə təbrik eləməkdə ləngiyirsə, bu, dayısının ləngəri deyil, nə də unutqanlığı. Bu, səmimi deyəsəm, inamsızlığın nəticəsidir. İnana bilmirəm ki, vaxtından əvvəl, dayıları  və əmisi oğlanları kimi, saçını-başını ağartmış bir gənc 50 illik ömür yolunun bu başındadır. Buna görə də  yubiley tədbirində (keçirib-keçirmədiyini də bilmədim, çünki pandemiya zəhrimar da bir yandan bizi bir-birimizdən uzaq salıb, qəribliyə düşmüşük)n iştirak edə bilmədim. Bunu indi özümə dərd edirəm. Axı, böyük dayının bacısı oğlunun yubiley yaşını unudursa...

Həyat nə qədər şirin və dadlıdırsa, ondan da qat-qat amansızdır. Bunu 30 il ərzində gördük və yaşadıq. Bu illərin  pərdəsinin arxasında qalanların heç də milyonda biri qələmə alınmayıb. Bəlkə  ümummilli, ümumbəşəri hadisə olmadığına görə evimizdə, həyatımızda və həyətimizdə baş verənləri yazıb arxivləşdirmirik. Buna görə də gələcək nəsillər bir-birini tanımır, tarixini bilmir. Nəsillər, tayfalar bir-birindən uzaq düşüb yadlaşır.

İsmət Zeynal oğlu Nəcəfov 1971-ci ildə Kəlbəcər rayonunun Otaqlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra  H.Zərdabi adına Gəncə Dövlət Unversitetinin Azərbaycan dili və Ədəbiyyatı fakültəsinə qəbul olub, bu ali məktəbi  müvəffəqiyyətlə bitirib. Dilə, ədəbiyyata maraq onda uşaqlıqdan hiss olunan keyfiyyətlər idi. Hətta, orta və ali məktəb illərində İsmətin kiçikhəcmli minatür hekayələr yazdığını da eşidirdim, lakin mən mətbuatda, söz aləmində olduğum üçün o, bunu  bürizə verdirməyib.

İsmət bacıoğlunun dünyaya göz açdığı ailədə iki qardaş, iki bacı olublar. Böyük bacımız Pərinin ev-ailə qayğıları başından aşıb-daşsa da, balalarına diqqəti zəif olmayıb. Onlar da ata-anaya sevimli balalar kimi tanınıblar. Bu ailənin uşaqlarını qonşuda böyüyən tay-tuşlarından fərqləndirən məsələlər var idi, hamısını deməsəm də, təsərrüfatcanlı olmaları, işgüzarlıqları, ata-anadan çəkinmələri (qorxmaları deməzdim, əsasən ataları Zeynaldan daha çox qorxardılar. Çünki Zeynal  bir müddət polis (o zamanlar isə milis adlanırdı) sistemində işlədiyindən,  ciddi, inzibati, soyuqqanlı idi. Balalarını işə, zəhmətə, halal qazanca öyrətmək üçün tərbiyə vasitəsi seçmişdi. Ailənin Kəlbəcərdə, elə məcburi köçkünlük illərində Gəncədə də yaşam problemi olmadı. Çünki artıq “köhnə  milis” öz əlini  də zəhmətə, sənətə, peşəyə öyrətmişdi. Dülgər və xarrat kimi tanınan usta Zeynal uzun illər “Kolxozstroy” və  Təmir-tikinti idarələrində çalışsa da, təsərrüfatla xüsusi məşğul olurdu. Özü qoçaq olduğu üçün belə  insanlarla da dostluq əlaqələri az deyildi.

Ailədə Rasim,İsmət, Rahilə və Səbiyə kimi bir-birindən zəhmətkeş, əslində, cəfakeş uşaqlar boy atırdı. Həyət evlərimiz, məhəlləmiz qonşu idi. Gözlərimiz qarşısında boy atan fidan balaların 1993-cü ilin  qanlı aprel günlərində Kəlbəcərdən qovulduğu, Murovdağda tufana, borana düşdükləri günləri xatırladıqca,  göz yaşlarımı saxlaya bilmirəm. Aman Allah, mən üç gün onları qanlı-qarlı Murovdağda nə qədər axtarmışdım. Onları tapdıqdan sonra isə anamla qardaşımı soraqlaya-soraqlaya qalmışdım...

Həmin dəhşətli günlər heç vaxt yaddan çıxa bilməz,   az qala, hər yazımda mən bunları yenidən yaşayır və yaşatmağa çalışıram...

Qabaqdan gələnləri görmək mümkün deyildi, tufan, çovğun imkan vermirdi görəsən qarşıdan gələn kimlərdi. Qəfildən bir tanış səs gəldi:

-İsmət, Rasim, bacılarınızdan muğayat olun...

İnana bilmədim. Bu adlar mənim doğmalarımınkı idi axı, amma səs boğunuq idi. Onlar idi - Zeynal, bacım Pəri və dörd tifil balaları... Murovdağdan, "Ömər aşırımı"ndan yenicə aşıb "Beşdöngələr"lə üzüaşağı gəlirdilər... Onlar məni yox, mən onları tanıdım və...

Məni inandırmağa çalışdılar ki, qardaşım İbrahimlə anam Güllər Murovdağın Kəlbəcər səmtindəki “Yol evi”ndədirlər. Yorulublar, gəlirlər...

Bu, həmin o günlər idi ki, sonradan (qardaşım da bu adda şeirlər toplusunu buraxdı) “Murovda qalan haray” başlıqlı yazım yarandı və “Yurd göynərtisi” kitabımda dərc edildi...

Yenə də fikir-xəyal məni o dəhşətli günlərə qaytardı. Amma, yox, bu gün o dəhşətlərin içərisindən çıxıb, 50 yaşının işığında görünən bir ziyalıdan, söz adamından, pedaqoji fəaliyyəti ilə məktəblilərin və onların yurd nisgilli ata-analarının sevgisini qazanmış İsmət müəllimdən yazmalıyam.Ali məktəbin bakalavr pilləsini uğurla, yüksək qiymətlərlə bitirdikdən sonra o, Kəlbəcər məktəblərinin birinə, Gəncənin Hacıkənd qəsəbəsində  fəaliyyət göstərən 99 N-li orta məktəbə təyinat aldı.Çox keçmədi ki, o, buradakı müəllim  və şagirdlərin sevimlisinə çevrildi. Bu səbəbdən də qısa müddətdən sonra İsmət Nəcəfov universitetdə magistratura pilləsində ali təhsilini davam etdirmək üçün imtahan verdi və qəbul oldu.

Bu  çoxpilləli yollar onun ömrünün uşaqlıq çağlarından başlayıb. Nə yaxşı ki, o, başqaları kimi, azmaaşlı işindən bezib, sevib-seçdiyi peşəsindən uzaq düşmədi (bu sətirlərin müəllifi kimi). “Aza bərəkət” onun həyat yaşamının sanki dəyişməz devizinə çevrilib. Məhz bunun nəticəsidir ki, İsmət Nəcəfov   ilk dəfə təcrübəsiz müəllim kimi qapısını açdığı məktəbin illərdir ki, direktorudur. Onun əqidəcə saf, tərbiyəcə nümunəvi davranışları rayon rəhbərlərinin diqqətindən heç vaxt yayınmayıb. Təhsil şöbəsinin nəinki tez-tez dəyişilən müdirləri, bütünlüklə pedaqoji kollektivi, digər məktəblərin direktorları, müəllimləri belə onun xatirini əziz tuturlar.


Bundan gözəl nə ola bilər dayı üçün?!


İsmət müəllim universitetdəki ikinci təhsilini də çox böyük uğurla – “Qırmızı Diplom”la bitirib. Dəfələrlə Kəlbəcər rayon təhsil şöbəsinin rəhbərliyi tərəfindən təltiflərə layiq görülüb. Məzunlarının ali məktəblərə qəbul olunanlarının həm sayının artması, həm də bal göstəricilərinin yüksəlməsi onu bir direktor kimi sevindirməyə bilməz. O zamanlar Kəlbəcər RİH-nin başçısı olan Sahib Əkbərov sağ olsun bu seçiminə, onun savadına, ziyalılığına, peşəkarlığına dəyər verib məktəb direktoru təyin etdiyinə görə. 

HAŞİYƏ: Belə istedadlı gənclərin idarəedilmədə irəli çəkilməsi dövlətimizin yürütdüyü  kadr siyasətidir və bu gün də davam edir. Sözəqüvvət:  Kəlbəcərli məzunların inanırıq ki, ali və orta-ixtisas məktəblərinə qəbulda yeni sıçrayışlar olacaq, axı, Kəlbəcərə qayıdışa bütün sahələrdə hazır olmalıyıq.

Azərbaycan İqtisad Universitetinin  məzunu olan böyük oğlu  Fəridin uğurları qədər  sevinir məktəb şagirdlərinin bəhrəsini gördükdə.

Məqsədim, əlbəttə, İsmət Nəcəfovun müəllim və  məktəb direktoru kimi xarakterizə etmək deyil. Bunları o cümlədən xatırlatdım ki, mənim qəhrəmanımın kimliyi  bir az da açıq şəkildə hiss olunsun.

İsmət müəllimin ailəsi də nümunəviliyi ilə seçilir. Sevib-seçdiyi, ömrün-gününü həsr etdiyi Ayna xanım ona iki oğul bəxş edib, Yaradanın qüdrətiylə: Fəridlə Səid(Zeynal) ata-anasının  onlara çəkdikləri əməyi  unutmadıqları üçün təlim-tərbiyə və elmli böyümələri baxımından da seçilirlər, maşalllah olsun. Səid balanın da tezliklə ata-anasını və dərs adldığı bütün müəllimlərini sevindirəcəyinə qətiyyən şübhəmiz yoxdur.

Ayna xanım bizim hər birimizin sevimli gəlinidir, yalnız bacımla kürəkənimizin yox. Ayna xanımın atası İqbal babanın xüsusi təqdimata ehtiyacı indi yoxdur, vaxtilə, Kəlbəcərdən qovulub, özümüzə müvəqqəti sığınacaq axtaran günlərimizdə “Bir də uşaq olaydım, ömrümün bu çağında” adlı ilk kitabını çap etdirdik. Ön söz müəllifi və redaktoru kimi, Kəlbəcərimizin yox, ümumiyyətlə, şeiriyyət aləmində, söz dünyasında İqbal Çəpli kimi tanınmış şairimizi mən ancaq  Bəhmən Vətənoğlu (xalauşağı olublar) ilə müqayisə edərdim. Son illər İqbal Baba kimi daha çox tanınan şairimiz də ömrünün müdriklik çağlarında Kəlbəcərini ziyarət edib, Çəpli kəndində xaraba qalan ata-baba yurdunda gecələyib, yolu daimi açıq olsun. Poeziyadan sonra nəsr əsərlərlə geniş oxucu auditoriyasına çıxan İqbal Baba kimi atadan tərbiyə və təhsil alan Ayna xanım da öz balalarını Vətənə layiq övlad kimi böyüdür.

İsmət Nəcəfovun həyat hekayəsi bununla bitmir. Onun şəxsiyyətindəki incəliklər, güman ki, özünün də dediyi kimi, yəqin irsidir, qandan-ilikdən gəlmədir. Onu da eşitmişəm ki, bacıoğlu dayısı İbrahim kimi, qabağıma keçməkdən qaçır, ona görə yazı-pozusunu üzə çıxarmağa tələsmir. Lakin unudur ki, hər fəslin öz gözəlliyi olduğu kimi, ömrün fəsilləri öz tələbləri və təklifləri, görülən, yadigar qalan işlərlə, fəaliyyətlə zəngin hesab edilir.

Qardaşım İbrahim İsmət müəllimin 50 illik yubieyinə yazdığı portret-oçerkdən oxuyuram. Nə gözəl düşüncələrə qapılıb qardaşım. Allah, mən niyə doğmalardan ürəyimin istəyincə yaza bilmirəm? Bu  nə sirrdir?!

İbrahim bacıoğlunun yubiley yaşına yazır:


“Mübarəkdi yubiley yaşın.

Ulu ocaq, od sahibi,

Ulu Ozandır yaddaşın,-

Mübarəkdir yubiley yaşın.

Mübarəkdi 50 yaşın...”


Bilmirəm, bacıoğlunun 50 illik yubileyinə hansı təbriki yazım ki, ürəyicə olsun, axı, o, özü dil-ədəbiyyat müəllimidir.

Yenə də darıxanda, hər zamanlar olduğu kimi, sözə güvəndik. Mənim 50 illik yubileyimə hazırlanan kitabda bir-birindən dəyərli dostların, qohumların təbriklərinə baxıram. Hamısı da ürəkdən gələn səmimi, saf qəlbin bulaq suyu kimi- dumdurudur. Biri diqqətimi çəkdi. Şair Ələmdar Quluzadənin özünün 50 illiyinə yazdığı şeirdən nümunə çəkmişdi Famil Cavadov.  Həmin şeir bəlkə də kitabdakı bütün təbriklərə kölgə salacaq qədər təbii olduğu üçün məni tutmuşdu. Şeirin məzmunu belə idi: görəsən bu 50 yaş nə gətirib ki, qohumlar sevinir, yadlar sevinir?” Maraqlı idi, doğrudan da, sənin yaşının üstünə yaş gəlir, qocalırsan, gəncliyindən əlin üzülür, buna yığışıb sevinir, şadyanalıq edirlər. Bəlkə elə hikmət burasındadır?


Əlli, altmış, yetmiş... yaşa,

Sür köhləni yüzə, İsmət!

Bu sevgiylə sən dol yaşa,

Gəlməyəsən gözə, İsmət!


Yaş üstünə gələndə yaş,

Tökülür saç, ağarır baş.

Bel bükülür yavaş-yavaş,

Oğul odur dözə, İsmət!


Ah çəkmə ha, dərin-dərin,

Əldən verəndə hünərin.

Dindirəsən şirin-şirin,

Möhtacdır xoş sözə, İsmət!


Əlli bahar, əlli yazdı,

Şirin ləhcə, xoş avazdı.

Dosta ərkdi, yara nazdı,

Bənzər oda-közə, İsmət!



Məhəmməd NƏRİMANOĞLU, "Tərəqqi"medallı tədqiqatçı jurnalist, Ç.Aytmatov adına "Altın Kalem" beynəlxalq mükafatın (medal) laureatı

reklamlar

Digər xəbərlər