Vətənin əbədiyyət yolçusu

Vətənin  əbədiyyət yolçusu
Cəmiyət 11 Sentyabr 2024 - 10:24


O

, igidliyi, şücaəti ilə əfsanəyə dönən oğul, yaxud Azərbaycanın, Qarabağın, o cümlədən Kəlbəcərin əbədi övladına çevrilmiş polkovnik-leytenant  Zaur Cəfərov idi.

 

Tarix yazan oğulları Vətən necə unuda bilər ki?! Xalq öz şəhid qəhrəmanları ilə fəxr etdikcə, ucalır, böyüyür, sevilir, ciddilləşir. II Qarabağ müharibəsindəki döyüşlər zamanı oğullarımız qanlarını-canlarını ərmağan etdikləri Vətənə qəhrəman hünərləri ilə yanaşı, igidlik dərsləri, əsrlərin yaddaşına yazılacaq unudulmaz dastanlar bəxş etdilər...

 

İgidliyi, şücaəti ilə əfsanəyə dönən oğullardan biri də Azərbaycanın, Qarabağın, Kəlbəcərin əbədi övladına çevrilmiş polkovnik-leytant Zaur Cəfərov idi...

 

Ümumiyyətlə, ölüm və əcəl gələndə, sanki yalnız yaxşıları aparır. Vətən müharibəsində yaxşı igidlərimiz erkən getdilər bu işıqlı dünyadan, şəhid oldular. Amma ömür yolları qısa olsa da, bu ömrü şərəflə yaşadılar. Həqiqət budur ki, Azərbaycan dövləti, xalqımızla birlikdə onlar da əbədi yaşayacaqlar.

 

İnsan nə qədər çalışsa da ki kövrəlmədən hisslərini ifadə eləsin, mümkün deyil. Zaur həqiqətən igid, mətin, qohumcanlı, ailəcanlı bir insan idi. Hədsiz vətənpərvərliyi elə o zaman bəlli idi. Xidmət müddəti bitsə də, o deyirdi: “Azərbaycan torpaqları mənfur düşmənlərin tapdağından azad olunmayana qədər mən hərbidən uzaqlaşmayacam...”

 

 

Veteran babanın  qəhrəman nəvəsi

 

 

Zaur Hüseyn oğlu Cəfərovun ömür yoluna qısaca səyahət bəs edir ki, onun bəxtinə, ömrünə, alın yazısına həkk edilmiş bu əbədiyyət yolçuluğunun fəlsəfəsi, sirləri açılsın. Zaur 4 mart 1980-ci ildə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olub, ibtidai təhsilinə 1986-ci ildə elə oradakı kənd orta məktəbində başlayıb.

 


O, məktəbdə əlaçı kimi ad çıxarmış, həm də fərasətli bir şagird kimi tanınırdı. Ağır zamanlar - Kəlbəcər rayonu işğal edilən vaxtı Zaurun ailəsi əvvəl Qaxın Tasmalı kəndində məskunlaşıb, bir müddət orada yaşayıblar. Daha sonra Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşiblər. Burada  Şamaxılı Sərdar adlı yaşlı bir məktəb direktoru deyirdi ki, pedaqoq kimi təcrübəmdə hələ belə bilikli şagird görməmişəm, mən çox az sayda şagirdə ürəklə “5” qiymət yazmışam ki, onlardan biri də Zaur idi. Orta təhsilini 1997-ci ildə başa vurub, hərbiçi olmaq arzusu ilə həmin ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olur. Zaur yaxşı bilirdi ki babası Həsən 1941-45-ci illər müharibəsində iştirak edərək alman faşistlərinə qan uddurub. Əmisi də Rusiyada hərbiçi idi...

 

Ali Hərbi Məktəbi 2001-ci ildə yüksək qiymətlərlə bitirib, leytenant rütbəsi alır. Ona Dövlət Attestasiya Komissiyasının 20 avqust 2001-ci il tarixli qərarı ilə "Raket qoşunlarının artilleriya və raket artilleriya qoşunlarının döyüş fəaliyyətinin idarə edilməsi, operativ-taktiki, taktiki-raket, yerüstü artilleriya və sahil raket artilleriya silahlarının döyüş tətbiqi, yerüstü artilleriyanın taktiki komandanlığı" ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilib.

 

Gələcəyin igidi əvvəlcə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən birillik zabit ixtisas kursunu, artilleriya batareya komandiri kursunu, artilleriya divizionu komandirinin maddi-texniki təminat üzrə müavini kursunu, artilleriya divizionunun qərargah rəisi - divizion komandirinin müavini kursunu, daha sonra isə artilleriya divizionunun komandiri kursunu müvəffəqiyyətlə bitirmişdir.

 

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər zamanı Zaur Cəfərov  yaxından iştirak edib. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olundu.

 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının İxtisaslaşdırılmış Elmi Şurasının 16 iyun 2016-cı il tarixli qərarı ilə Zaur Cəfərova "Hərbi və dövlət müdafiəsini idarəetmə" ixtisasının "Hərbi idarəetmə (əməliyyat-taktiki səviyyə) ixtisaslaşması üzrə magistr elmi-ixtisas dərəcəsi verilmişdir. Ali təhsilin son pilləsini də uğurla bitirdikdən sonra ona polkovnik-leytenant rütbəsi verilmişdir.

 

 

Şirin söhbət, acı tale, yarıyol-yarımənzil

 

Qarabağ və sərhəd bölgələrdə gərginləşən hadisələr zamanı ordumuzun Zaur Cəfərov kimi yüksək peşəkarlıq xüsusiyyəti ilə fərqlənən zabitlərə böyük ehtiyacı vardı. 2020-ci il iyulun 12-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutulması zamanı Zaur Cəfərov "N" saylı hərbi hissənin qərargah rəisi idi və döyüşlərdə yaxından iştirak edirdi.

 

Məhz bu səbəblərdən də o,  2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə iştirak edir. Acı tale ondan da yan keçmədi: hərbiçilərin sevimli polkovnik-leytenantı 2020-ci il oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdlərinin qarşısını alarkən sərəncamında olan minik avtomobili ilə minaya düşərək həlak olmuşdur.

 

19 oktyabr 2020-ci il tarixində polkovnik-leytenant Zaur Cəfərovun nəşi əvvəlcə valideynlərinin yaşadığı Bakı şəhəri Yeni Ramana qəsəbəsinə gətirildi, oradan avtomobil karvanı ilə paytaxtdakı II Şəhdlər xiyabanına aparıldı. İctimai, ümumxalq yürüşü ilə müşahidə olunan dəfn mərasimində yüzlərlə vətənpərvər iştirak edirdi: aralarında ictimai xadimlər, mətbuat və dövlət nümayəndələri də vardı. Qəhrəman şəhid zabitimiz Zaur Cəfərov həmin gün yaylım atəşi ilə torpağa tapşırıldı...

 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamları, eləcə də müdafiə nazirinin əmrləri ilə Zaur Cəfərovun layiq görüldüyü orden və medallar da onun peşəkar bir hərbiçi kimi necə nüfuz qazandığına dəlalət edir. 

 

Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 087t №-li 12 may 2016-cı il tarixli əmri ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı ilə təltif olunmuşdur.

 

    Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının İxtisaslaşdırılmış Elmi Şurasının 16 iyun 2016-cı il tarixli qərarı ilə "hərbi və dövlət müdafiəsini idarəetmə" ixtisasının "hərbi idarəetmə (əməliyyat-taktiki səviyyə) ixtisaslaşması üzrə magistr elmi-ixtisas dərəcəsi verilmişdir. Təhsilini bitirdikdən sonra ona polkovnik-leytenant rütbəsi verilmişdir.

 

     Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2018-ci il tarixli əmri ilə "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı və  "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi" yubiley medalı ilə təltif olunmuşdur.

 

    Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə görə 2020-ci il 25 iyun tarixində Azərbaycan Respublikası Prezidentinin  sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilmişdir.

 

    Zaur Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə iştirak edib. Oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən minaya düşərək şəhid olmuşdur. Zaur Cəfərov 19.10.2020-ci il tarixdə Bakı şəhəri II Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilmişdir.

 

***

 

Cəfərov Zaurun ailəsigilə görüşməyə gedib övladı ilə bağlı xatirə toplamaq istəyərkən həyətdəki darvazanın qapısını üzümə atası Hüseyn müəllin açdı. Onun çiynindən aşağı tökülmüş uzun saçlarını görəndə tutuldum, biranlıq donub yerimdə qaldım. Özümdən aslı olmayaraq, məni qəribə hisslər bürüdü. Qarşımda 30 illik vətən həsrətindən, sonra isə övlad (özü də necə övlad) itkisindən içindəki üsyanla saçlarını uzadaraq Məcnuna çevrilən bir ata abidəsini gördüm. Düşmənlərdən qisasını alacaq oğlu Zaurun körpəlik illərində məcburən qoyub gəldiyi Başlıbel kədinə qayıdan zaman kəsdirəcəkdi saçlarını. Oğulunun qəhrəmanlığından TV əməkdaşlarına, media işçilərinə müsahibə vermir, ictimailəşdirilməsini istəmir, ancaq oğul itgisindən başına sər gəlmiş dəvriş kimi həyəti o baş, bu başa dolanır, ya da saatlarca divanda susqun vəziyyətdə oturur.

 

Dövlətin ona göstərəcəyi dəstəkdən belə yayınır. Amma, nədənsə, məndən qaçmaq istəmədi. Bəlkə bu doğmalıq ona eyni yurd-yuvadan olub, eyni yüklü, eyni dərdi daşıdığımızdan irəli gəldi, buna görəmi mənə qarşı olduqca həssas davrandı? Bir müddət keçdikdən sonra özümə gəlib, gördüm ki, Hüseyn müəllimin xanımı Məleykə ana,  dedi:

-       A qızım, niyə ayaq üstə qaldın, keç ev.

 

Atası Hüseyn müəllim ona verəcəyim sullarıma verdiyi cavabdan da irpəndim. Çünki ata şəhid oğlu Zaurun dili ilə dedi:

- Şəhid anaları! Bizi göz yaşı ilə yox, qürurla yad edin!  Siz bizi dünyaya gətirdiniz, torpaq qəhrəman kimi yetişdirdi! Biz ölməmişik, ölümə meydan oxumuşuq! Sizin böyütdüyünüz oğullar dünyanın  ən murdar milləti (millət demək olarsa) olan ermənilərin belini sındıraraq, xəyanətə qurban getmiş Qarabağı, o cümlədən Kəlbəcərimizi özümüzə qaytardılar! Sizin nəvə-nəticələriniz rus imperiyasının haylara bağışladığı digər bütün Azərbaycan torpaqlarını da özümüzə qaytaracaqlar!

 

Bizim məzarımızın üstündə gündüzlər Türk xalqı, gecələr isə hikmət və müəmma ilə dolu olan Allah-təlanın yaratdığı mənəvi qanunları olan ulduzlu göy dayanır!

Şəhid anaları!

Övladlarını dolayı yollarla hərbidən yayındıran məmur valideynlərin yanında başınızı dik tutub, qürurla dayanın. Onlar sizi görəndə ola bilməzki, xəcalət hissi keşirməsinlr”...

 

Şəhidimizin anası Məleykə ana Zaurun hələ 4 yaşı  olanda onunla bağlı əziz xatirələri  dilə gətirir: “... Kənd həyatı idi, qapımızda çoxlu hinduşka, toyuq-cücə saxlayardıq. Qnağımız gələsi idi, mən də cavan gəlin idim. O gün vaxt evdə tək idim. Öz-özümə dedim: bir nəfər olsaydı, hinduşka-xoruzun birini tutub kəsərdi, təmizləyib, xörək hazırlayardım”.

 

 O vaxtlar qadın işi çox idi, paltarı, qab-qaşığı əllə yuyardıq, çörəyi mağazadan yox, xəmir yoğurub özümüz bişirərdik. Belə, bir sözlə, əziyyətimiz çox idi. Biraz keçmişdi. Qızım həyacanla üstümə qaçıb dedi:

-       Ay ana! Zaurun üz-gözü qan içindədi!..

Durub ayaqyalın həyətə qaçdım ki, görüm nə baş verib. Evimiz Barıtdı çayının kənarında yerləşirdi. Bərk qorxdum ki, yəqin yıxılıb. Həmişə rəhmətlik qaynatam deyirdi: “...bala, uşaqları gözdən iraq qoymayın getsinlər, çay aparar”...

 

Gördüm ki, Zaurun üz-gözü, üst-başı, əl-ayağı al-qan içərisindədir. Dedim:

-       A bala, nolub sənə?!

Bir də baxdım ki, hünduşqa xoruzunu təkbaşına tutub, kəsib, sürüyüb gətirir.

Zaur hələ körpəliyindən bu cür təpərli və  valideyinə canıyanan bir övlad idi.

Rayonumuz işğal olan vaxtlar aprel ayının 1-də biz də digər kəlbəcərlilər kimi, Murovdağ yolu ilə piyada gəlməliydik. Ermənilərin atdığı qradlar başımızın üstündən vyıltı ilə keçirdi. Yanşaq kəndinin dərəsinə kimi gəldik. Yol elə dumanlı idi ki, göz-gözü görmürdü. Buna görə veteran, dili  Quran kəlməli qaynatam atın üstündə idi. Bizdən biraz qabaqda gedirdi ki, bəlkə yolu azmayaq. Atın cilovunu Zaur çəkirdi.  Birdən atın ayağı ilişib zərbə ilə, dibi qaz-ördəklə dolu olan böyük bir qoz ağacına dəydi. Ağac  o yana aşdı, qazların tükü göyə sovruldu. İnandırım ki, həmin an biz dərənin dibində olduğumuz üçün ağac üzərimizə aşsaydı, birimiz də sağ qalmazdıq.

 

Bu an əlində bir hinduşka sümüyü və içki şüşəsi, çiynində avtomat, sərxoş əsgər gəlib Zaurun qolundan tutub onu məcbur  etdi ki, “gəl gedək, mənimlə birgə bu avtomatla ermənini vuraq”. Əsgərin sərxoş olması məni çox qorxutdu. Çünki artıq üç gün idi ki, piyada yol gəlirdik, ona görə də heydən düşmüşdük: yorğun-arğın, həm də yer su, palçıq olduğuna görə, üst-başımız pis gündə, yəni palçıq idi. Zaur VII sinifdə oxuyurdu. Əsgər əl çəkmədiyi üçün Zaur avtomatı düşmən tərəfə tuşlayıb atdı. Zaurdan soruşdum:

-       Bala, qorxdunmu?!

Dedi ki, yox, ay ana, narahat olma. Yolumuza davam edib, qaynatama çatdıq. O da yaşlı, ağırçəkili adam, üst-başı palçıq, gücdən düşüb, yeriyə bilmirdi. Bunu görən Zaur üzünü babasına tutub nə desə yaxşıdı?

 

- Baba, qorxma, gələcəkdə hərbiçi olub, ermənilərdən bütün qisaslarımızın hamısını alacam.

O, bunları deyib, babasının qolundan tutub onu güclə ayağa qaldırdı. Hava o qədər soyuq, çiskinli idi ki, tez-tez bir-birimizi itirirdik. Zauru 2 saat itirdim, sonra gördüm yoldan bir yorğan tapıb, ona bürünüb gəldi...

Zaurun 20 yaşı olanda ad günü münasibətilə ona “italyanski” qızıl üzük almışdım. Bir gün gördüm ki, üzük barmağında yoxdur. Səbəbini soruşanda dedi:

- Ana, Naxçıvanda iş yoldaşımın uşağı ağır xəstə idi. Çox kasıb idilər, övladının müalicəsi üçün üzüyü verdim, götürmədi, satıb onun övladının müalicəsinə xərclədim.

Dedim:

-       Bala, yaxşı eləmisən...

 Zaur belə, ürəyiaçıq, həssas oğlan idi.

 

...Naxçıvanda xidmət eləyəndə bir ay yanında qaldım. Vaxtı az olsa da, məni aparıb Əsshabi-kəf ziyarətgahını gəzdirirdi. Yaxınlıqda müalicəvi, kükürdlü su vardı, istifadə edirdik.  Bir gün dedim:

- Ay Zaur, buradan necə də Kəlbəcərin gül-çiçəyinin qoxusu burnuma gəlir.

Mənə gülümsəyərək sualla cavab verdi:

-       Ana, əlini uzat görüm hansı tərəfdən gəlir o qoxu.

Əlimlə həmin istiqaməti göstərib dedim:

- Bala, bu tərəfdən.

- Ana, Allaha and olsun ki, istiqaməti düzgün göstərdin. Kəlbəcər elə bu istiqamətdədir, Elə bu gözəl qoxu həmin tərəfdən gəlir.

Oturub, dil deyib ağladım.

Dedi:

-       Ana, qorxma, o gün uzaqda deyil, vallah, az qalıb.

Dedim:

-       Ay bala, Kəlbəcər nə gəzir, day getdi...

Dedi:

- Yox, ay ana, inşAllah, yaxınlarda səni aparacam Kəlbəcərə.

İlk dəfə xidmətə göndərilən vaxt Bakıda xəngəl kəsib qurudub (bizlərdə təpitmə deyirlər) uşaqlara verib, təyyarə ilə Naxçıvana yola salırdılar. Naxçıvan  o vaxtlar  mühasirədə olduğundan, orada aclıq idi: çörək tapılmırdı. Təpitməni alandan sonra iş yoldaşına deyir ki, sən get evdə suyu qaynadıb xəngəli tök qaynasın, içməli su alıb gəlirəm.

Sonra mənə dedi:

-       Ana, bəlkə də dörd günü o xəngəllə başa vurduq.

Elə həmin il bir dəfə qaça-qaça gəlirmiş, görüb ki, ayağının altında bir əsgər yıxılıb qalıb. Əl atıb ki, onu qaldırsın, qolu əlində gəlib. Baxıb ki, əsgər öldürülüb. Gəlib komandirə məlumat verib, nəşi təxliyə edirlər. Erməni vəhşiliyinə qarşı nifrəti bundan sonra daha da artmışdı Zaurun.

 

2016-ci ilin Aprel döyüşlrində bizimkilərdə çox itki vermişdi. Yaxın dostu, kursant yoldaşlarından biri polkovnik-leytenant Samid İmanov da həmin döyüşlərdə şəhid olmuşdu. Onun geridə bir övlad yadigarı qalmışdı. Zaur bundan çox sarsılmışdı. Həmin vaxt kursda idi.

Onun bu halı məni ciddi narahat edirdi. Bir gün soruşdum ki, nə olub sənə?

 

Mənə səbəbini dedi. Heç vaxt onun ağladığını görməmişdim, amma Samidə görə göz yaşlarını saxlaya bilməyib, səhərə kimi yuxu yatmırdı. Getdi həkimə, həkim müayinə etdikdən sonra deyib ki, get bir dağda-daşda, nəbilim, nəsə bir sakit yerdə möhkəm qışqır, ağla, içini boşalt, əks halda, sənin ürəyin partlayacaq.

 

Sentyabrın 8-də iki günlük müddətə evə gəldi və gecəikən gedib dostunun məzarını ziyarət etdi. O qədər üzünə nur gəlmişdi ki...

Dedi:

- Ana, sənin hazırladığın kartof püresi üçün yamanca darıxmşam. Burnuma qoxusu gəldi.

Dedim:

- Bııy, nə çətin şeydi, ay bala, elə indi bişirim.

- Yox, ana, sabah bişirərsən. Hələ evdəyəm.

Sabahısı gün tezdən ona zəng gəldi.

Dedi:

- Ana, gedəsi oldum,  sonra bişirərsən.

- Ay bala, vallah, ürəyimdə qalacaq, qal, istədiyin yeməyi hazırlayım.

Nə qədər çalışdım, qalmadı, getdi. Balamın axır gedişi oldu. Hər dəfə əlimə kartof alanda ürəyim parçalanır.

Deyirdilər ki, ana ayaqlarını suya qoyanda Allah onun dualarını daha tez eşidir. Ayaqlarımı suya qoydum, Allaha yalvardım. Yəqin Allahın buna görə acığı tutdu ki, “mən yaratmışam, sən kimsən?!” Bu səbəbdən özümü günahkar sayıram.

 

Gecə-gündüz həyətdə o baş-bu başa gedib, gah da ayağımı suya qoyub Allaha dua edirdim. Günorta saat 12 olardı, kiçik gəlinim dedi ki, ay ana, bir beşcə dəqiqə başını yastığa qoyub yuxunu al.  Gecə sabaha kimi yuxum ərşə çəkilmişdi. Gəlinin sözündən çıxmadım. Gözümü yenicə yummuşdum. Gördüm ki, Kəlbəcərdəki evimizdə qoyub gəldiyim təzə narıncı rəng pakrıvalı gətirmişəm, amma yanıbdı. Buna görə özümü möhkəm döyürəm, təəssüflənib deyirəm: “balam, balam, bu çox təzəydi, niyə yandı?! Canımı yandırdı! Belə deyib peşman  oluram. Sonra pakrıvala yamaq vurdum və bu an yuxudan dik atıldım. Qızıma zəng edib dedim ki, Şəhla, ürəyimə damıb, Zaur yaralandı.

Şəhla mənə təsəlli üçün telefonda dedi:

- Ana, nə bilirsən?! Bu dəqiqə onunla danışmışam, hər şey yaxşıdı.

Dedim:

- Yox ey,  vallah, Zaurun başında iş var, ya yaralanıb, ya da şəhid olub.

Şəhla bir də məni sakitləşdirmək üçün dedi:

-       Axı, nə bilirsən ay ana, yazıq deyilik?!

Bildirdim ki, bu dəqiqə belə bir yuxu gördüm.

Zaur artıq şəhid olmuşdu. Zaurumun balası Həsən də yuxusunu mənə danışıb dedi:

- Yuxuda gördüm atam maşınla gəlib, mənə dedi ki, gedək  şəhərə gəzməyə. Bir də gördüm ki, maşını sürən İmam Əlidi, atam isə oturub onuun yanında.

Bir dəfə də ayaqlarım möhkəm ağrıyırdı, topuqlarım şişmişdi, yeriyə bilmirdim, hələ axşamnan idi, uzanmışdım. Yuxuda gördüm ki, budaqlarını əymiş böyük gözəl bir ağacın kölgəsində, çayın kənarındayam. Ətraf göyçəmənlik idi. Otlar uzun və yaşıl ipək kimi parıldayırdı. Zaurun 4 yaşı var, gəlib yanımda oturub dedi:

-       Ana, nolub sənə?

Dedim:

-       Bala, ayaqlarım yaman ağrıyır.

O, yaxınlaşıb corabları ayağımdan çıxarıb arası çiçəklərlə dolu olan ipək kimi yaşıl otları ayaqlarıma bükdü və dedi ki, bu, sənin ayağının ağrısını kəsəcək.

Allahın adına and olsun ki, yuxudan oyananda ayaqlarımda həmin ağrıların  doğrudan da yoxa çıxdığını hiss etdim. Bu gün də ayaqlarım ağrımır. Zaur bala yuxumda belə dərdimə dərman olmağı bacarmıdı”...

 

 

Cəmilə Çiçək/Zekainfo.az

Prezident təqaüdçüsü,

flologiya üzrə fəlsəfə doktoru

 

 

 

reklamlar

Digər xəbərlər