Ana xəyallarında donub qalan “canlı heykəl” və...

Ana xəyallarında donub qalan “canlı heykəl”  və...
Cəmiyət 01 Avqust 2024 - 11:17


 

 

 

B

ir şəhid haqqında söz açmaq istəyirəm. Amma onun yeri görünən ailədə kimsəni dilləndirə bilmirəm. Sanki hamının nitqi batıb. Bu ailədə elə bil ki, fəsillər yerini dəyişib: nə bahar təravəti qalıb, nə də payızın öz rəngi, bar-bərəkəti. Sanki qış vaxtından əvvəl gəlib...

“Yurd dağılanda el dərbədər olar”, - atalarımız deyib. İlin payız fəslinə bənzər belə hallar: el yaylaqdan köç edəndə hər yan saralar-solar, ağaclar barlansa da... Çəmən-çiçək öz təravətini itirdiyinə görə payıza vəfasız fəsil də deyirlər. Çünki qızılı libasını geyinməmiş bir də baxdın ki, dağların başını qar aldı.

 

2020-ci ilin payızı da belə qəfil gəldi çox analar üçün. Bir göz qırpımında oğullar getdi. Nə yaxşı ki, onların Qələbə bayraqları başı qarlı dağlarda dalğalandı. Üçrəngli bayrağımızın əlçatmaz-ünyetməz zirvələrdə  ucalması düşmən üzərində qələbəmiz demək idi. Həmin qələbədə payı olan analar və oğullar ona görə xalqımızın doğmasına, əzizinə çevriliblər.

 

 

Həmzəyev Şəhriyar Elman oğlu da belə igidlərimizdən biri idi. 1 mart 2001-ci il tarixdə Yevlax şəhərində dünyaya göz açsa da, əslən kəlbəcərli olub. Evin kiçik övladı Şəhriyar 2008-ci ildə Gəncə şəhərində 42 saylı tam orta məktəbdə 1-ci sinfə gedib. Lakin 2011-ci ildə müəyyən səbəblərdən o, həmin məktəbi tərk edərək, Şamaxı rayonunun Meysəri kənd A.S.Şirinov adına tam orta məktəbində 4-cü sinifə gedib. 2016-cı ildə IX sinifi bitirib, 2019-cu ilin aprel ayının 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə göndərilib. 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.

 

O, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın illərlə  işğalı altında olan ərazilərimizin 2020-ci il sentyabrın 27-də azad edilməsi üçün başlanan Vətən müharibəsində Xocavənd istiqamətində gedən döyüşlərdə böyük şücaətlər göstərib.

 

29 oktyabr 2020-ci il tarixdə Xocavənd istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olan Şəhriyar subay idi. 30 oktyabr 2020-ci ildə Göygöl rayonunun Murovdağ qəsəbəsində dəfn edilib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə (ölümündən sonra) “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Bu da bir şəhid oğulun doğulduğu və şəhadətə yüksəldiyi tarixin qısaca xronikası. Nə yaşadı ki, ömür-gün yolundan da istənilən kimi xatirələr toplusu qalsın? Gözünü açıb-yumunca vətənə layiq oğul olduğunu təsdiqlədi. Bu da hər doğulan oğula nəsib olmur axı.

 

 

Atası  Elman Həmzəyevi dindirmək sizə o qədər də asan gəlməsin. Axı, özü demişkən,  arxa-dayağını, kiçik qəhrəmanını itirib: “...Şəhriyar evimizin kiçik övladı, yıxıq evimizin dayağı, dirəyi idi. Özüm uşaqlıqdan travmalı böyüdüyüm üçün əsəbi birisi idim. Ona görə də elə kiçik yaşlarından məni ovundurmaq, əsəblərimi sakitləşdirmək üçün şirin zarafatlar edərdi: “Atam yenə niyə əsəbləşib?! Yenə nə olub?!” - deyə könlümü alardı. Bütün işlərimdə mənə yardım edib, tək qoymazdı. Böyük qardaşı hərbi xidmətdə olduğu zaman onun yükünü öz çiyinlərinə götürərdi. Şəhriyar uşaqlıqdan qəhrəman idi. Şəhid olmazdan bir gün əvvəl yuxuda məndən su istəmişdi. Atasının kiçik oğlu, qəhrəmanım mənim, sən bizim üçün hər zaman yaşayacaqsan...”

Vəssalam, atasının səsi batır, sözü də bitir. Xəyalında canlandırdığı Şəhriyarının boyunu oxşayırmış kimi gumuldanır.

                                               

 

Anası Şükufə xalanı dilə tuturuq ki, bəlkə xatirələrindən bir-iki kəlmə desin. Ana sanki bəy oğlunu tanıtmaq üçün yaddaşını silkələyir. Fikrini ifadə edəcək kəlmələr də perik düşüb elə bil. Gözləri bir nöqtəyə zillənir. Handan-hana səsi gəlir ananın, hüznlü, qüssə-kədər dolu: “Mənim bənzərim, alagözlü Şəhriyarım zəhmetkeş, həm də ruh əkizim idi. Təsərrüfat, ev işlərində mənə kömək olardı.

Heç zaman ağır yük götürməyimə icazə verməzdi. Hətta mən işdə olanda ev işlərində də kömək edərdi. Mənim xoşladığım nə vardısa hiss edirdi. Məsələn, bilirdi ki, mən göbələk xoşlayanam. Sən demə, o da  mənim kimiymiş: göbələk toplayıb gətirərdi. Böyük qardaşı “Aprel döyüşləri”ndə iştirak etdiyi zamanlarda mənə mənəvi dəstək olardı. Deyərdi: ”Ana, narahat olma, qardaşım sağ-salamat gələcək. Mən də döyüşə gedəcəm, amma mən şəhid olacam...” Ürəyinə gəlmiş kimi deyərdi.

Şəhriyar, sözləri kimi, özü də isti münasibətli  idi. Soyuq aylarda üşüyəndə qucaqlayıb məni körpə nəfəsiylə isidərdi.  Eh! Xəyallarımda donub qalan, mənim istiqanlı, şən oğlum, anan sənə qurban ola bilmədi. Sən Ana Vətənə qurban getdin! Mən də səninlə fəxr edirəm!”

 

 

Mehriban xanım Şəhriyarın böyük bacısıdır. Deyir ki,  ailədə kiçik, lakin həm də igid qardaşım mənim üçün sevgisi, qayğısı ilə həmişə fərqlənirdi: “O, mənim əlimdə böyümüşdü, onu mən yedizdirərdim...

Bir sözlə, anam işlədiyi üçün  ona mən baxardım. Şəhriyar həm ağıllı, həm də sözəbaxan idi. Məni heç incitməz, yormazdı. Hərbi xidmətdə olduğu zaman 10 günlük məzuniyyətə buraxılıb Şamaxıya, məhz mənim yanıma gəlmişdi. Mənə deyirdi: “Bacı, məni yenə də əvvəlki kimi əllərinlə bəslə...”.

Təəssüf ki, bu, Şəhriyarla sonuncu görüşümüz oldu. Telefonla danışdığımız zaman “Mən yaxşıyam, sizlər yaxşı olun”, - deyərdi.  Mən onu hər zaman qəlbimdə yaşadacam. O, bizim üçün əbədiyyət qazanıb - ölməzlik”.

 

Ortancıl bacısı Ülkər də qardaşının igidliyindən, qorxmazlığından və ağıllı olmasından söz açır, ondan doymadıqlarını dilə gətirir: “Mənim dərd ortağım idi balaca qardaşım. Məndən kiçik olsa belə, bütün işlərimdə dəstək idi. Hər zaman məni hamıdan tez anlayardı. O, mənim üçün qardaşdan əlavə, həm də sanki ata əvəzi idi. Atamla bölüşə bilmədiyim sirlərimi ona rahatca aça bilirdim. Hərbi xidmətdə olduğu müddətdə yanına gedər, yenə problemlərimi onunla paylaşardım. Çünki Şəhriyar mənə söhbətlərimizdə təsəlli olurdu. Onun dediyi sözlər məni rahatlandırırdı.

 

Sevdiyim bir oyuncağım var idi. Mən hər ağladıqda məni onunla sakitləşdirərdi. Mən Şəhriyarı  qardaşdan artıq sevirdim. Onun şəhidlik xəbərindən sonra (24 yaşımda) “şəkər xəstəliyi”nə tutuldum. Şəhriyarı cismən itirmək nə qədər çətin olsa da, o, mənim fəxrim və qürür yerimdir”!

 

 

Qardaşı Seymurun dediklərindən: “Həmişə məni əvəz edən kiçik qardaşım idi. Mən onun ölümünə inanmırdım. Çünki onunla bağlı çox arzularım var idi. Şəhriyar istərdim bir anlığa geri dönsün. Onda uşaqlıqdan çəkdiyimiz bütün dərdləri unudardıq. Biz tək qardaş yox, həm də dost, sirdaş olmuşuq. Xidmətdə olduğu zaman mən onun yanına tez-tez gedərdim. Onu cismən itirdikdən sonra hələ də zəngini gözləyirdim. Şəhid olmazdan bir gün əvvəl telefonla əlaqəmiz oldu. Dedi ki, “biz irəli gedirik. Haqqınızı halal edin”.

Tez-tez yuxuma gəlir. Ölümü ilə barışa bilmirəm. Danışmaq asan deyil. Qardaş itirənlər bilir biz nələr çəkirik...”

 

 

Kiçik bacısı Zeynəbdən eşitdiklərimizin bəzilərini qələmə almağa çalışdım: “...Mən dostum, qardaşım Şəhriyarla həmişə birlikdə oynayardıq. Yıxılanda əlimdən tutub qaldırardı. Televizor filmləri üstə hər zaman “dalaşardıq”, amma küsülü qalmazdıq. Hər anımda qayğıma qalardı. Evimizdə hər kəsdən şən olardı. Hamıya dəstək olan, amma heç vaxt öz ürəyindəkiləri bölüşməyən qardaşım ailədə hər birimizlə ayrı-arılıqda maraqlanan idi...

Mən onsuz günlərimi çətinliklə keçirirəm. Yanımızda olmasa da, qəlbimizdə əbədi yaşayacaq”.

 

 

 

Əsgər yoldaşı Elnur deyir ki, Şəhriyar mənim cəsur əsgər yoldaşlarımdan biri olub: “... Onu ilk dəfə 26 sentyabr 2020-ci il tarixində səfərbərliyə gedəndə görmüşdüm. Çox yaxşı, dəyərli bir insan idi. Onun qəhrəmanlıqlarını sadalamaqla bitməz. Ona hər zaman “ehtiyatlı ol”, - deyərdim. Hər kəsin hörmətini  qazanmışdı. Bəlkə onun xətrini özümdən də çox istəmişəm. Heç vaxt gözümün önündən getməz.

 

Şəhriyar mənim gözümün qabağında şəhid oldu... Yadımdadır, oktyabr ayının 28-i idi. Dediyi sözlər beləydi: “...onsuz da şəhid olacağam.”

 

Biz 4 nəfər idik. Onlardan üçü şəhidlik məqamına ucaldı, tək qaldım. Yoxluğuna alışa bilmədiyim dostum, sirdaşım, qardaş qədər əzizim, o zirvə mənə qismət olmadı...”

 

 

 

Cəmilə Çiçək/zekainfo.az

filologiya üzrə fəlsəfə doktoru,

Prezident mükafatçısı

 

 

 

Bu yazı Azərbaycan Res­pub­likasının Qeyri-Hökumət Təş­kilat­larına Dövlət Dəstəyi Agent­­li­yinin maliyyə yardımı ilə, “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi tərəfindən reallaşdırılan “Qarabağ Zəfərinin kreativ-innovativ təbliği” layihəsi çərçivəsində ha­zır­lan­mışdır.

 

reklamlar

Digər xəbərlər