Azərbaycan–NATO əlaqələri müzakirə olunub

Azərbaycan–NATO əlaqələri müzakirə olunub
Siyasət 09 Dekabr 2025 - 13:12

Dekabrın 9-da müdafiə naziri general-polkovnik Zakir Həsənov “16-cı NATO günləri" çərçivəsində Azərbaycanda səfərdə olan Alyansın Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığının (SHAPE) Qərargah rəisinin müavini - Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Yusuf Karagüllenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Zekainfo.az-a verilən xəbərə görə, müdafiə naziri Azərbaycan ilə NATO arasında xüsusi əhəmiyyət daşıyan əlaqələrin hər iki tərəf üçün peşəkar hərbi kadrların inkişafına müsbət töhfə verdiyini bildirib.

General-polkovnik Z.Həsənov NATO-nun dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında rolunu yüksək qiymətləndirib, ölkəmizin Alyansla qarşılıqlı əməkdaşlığa daim önəm verdiyini, həmçinin Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Ortaq Qüvvələr Birliyinə əlavə qüvvələrin bəyan edildiyini diqqətə çatdırıb.

Kontr-admiral Y.Karagülle Azərbaycan–NATO əlaqələrinin daha da genişləndirilməsini, həmçinin ölkəmizin Alyansın həyata keçirdiyi təhlükəsizlik və sabitliyin təşviqi, böhrana cavab əməliyyatlarında iştirakını yüksək qiymətləndirib və qarşılıqlı səfərlərin, müxtəlif formatlarda keçirilən görüşlərin səmərəli olduğunu xüsusi vurğulayıb.

Bu günədək Azərbaycan Ordusunun NATO qərargahlarında Tərəfdaşlığın Qərargah Elementi Konsepsiyası çərçivəsində xidmət edən 40-dan çox zabitinin peşəkarlığı yüksək qiymətləndirilib.

Görüşdə ölkəmizlə Alyans arasında hərbi, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb, gələcək planlar müzakirə olunub.

“Sülh Naminə Tərəfdaşlıq” (SNT) Proqramı çərçivəsində Azərbaycan Ordusunun 250-dək nümayəndəsinin xarici ölkələrdə keçirilən 146 beynəlxalq tədbirdə, 395 nəfərin isə ölkəmizdə təşkil edilən 33 NATO tədbirində iştirak etdiyi bildirilib.

Qeyd olunub ki, dekabrın 12-dək keçiriləcək “16-cı NATO günləri" çərçivəsində qonaqlar bir neçə hərbi hissəni və Mili Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrini ziyarət edəcəklər.

reklamlar

Digər xəbərlər