Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Zekainfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Volodimir Zelenski Rusiyanın raket zərbəsi nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını qınayıb və bu hadisə ilə bağlı ciddi narahatlığını bildirib.
Dövlətimizin başçısı da öz növbəsində ölkəmizin Ukraynadakı səfirliyinin binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını pisləyib və bununla əlaqədar ciddi narahatlığını ifadə edib, beynəlxalq hüququn norma və prinsiplərinə əsasən diplomatik nümayəndiliklərə qarşı bu cür hücumların qəbuledilməz olduğunu vurğulayıb.
Telefon söhbəti zamanı Volodimir Zelenski ölkəmizin Ukraynaya humanitar dəstəyinə görə təşəkkürünü bildirib.
Dövlət başçıları, həmçinin ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparıblar.
***
16:16
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Zekainfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün teleqram səhifəsində bildirib.
"Azərbaycan Prezidenti İlham Əliyevlə danışdım. Xalqımıza dəstəyiniz və rəğbətiniz üçün təşəkkür edirəm. Bu gecə ruslar tərəfindən ukraynalılara qarşı yüzlərlə dron, raket, o cümlədən ballistik raket istifadə edildi. Təəssüf ki, dağıntı və ziyan var, Azərbaycan səfirliyi də zədələnib. Cənab Prezident bu hücumu pislədi və vurğuladı ki, rusların həm səfirlik binasını, həm də Azərbaycanla əlaqəli digər obyektləri hədəf alması ilk dəfə deyil.
Həmçinin ikitərəfli münasibətlərimiz, tərəfdaşlığın inkişafı barədə danışdıq. Həqiqətən də ikitərəfli əməkdaşlığın bütün sahələrində yaşıl işıq var. Yaxşı potensial var və biz bunu reallaşdıracağıq. Təşəkkür edirəm!”, - Zelenski bildirib.